Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:31

«İsraillə Fələstinin imzaladığı «yol xəritəsi»ni xatırladım»


«Rusiyanın icazəsi olacaqmı Ermənistan bu sənədi həyata keçirsin?»
«Rusiyanın icazəsi olacaqmı Ermənistan bu sənədi həyata keçirsin?»
Türkiyə ilə Ermənistanın niyyətləri deyəsən, gerçəkdir. İki dövlət aradakı buzu əritmək üçün artıq birgə yola çıxırlar. Hətta bu məqsədlə «yol xəritəsi» də hazırlayırlar. Türkiyə tərəfin rəsmi açıqlamasına görə, hər iki tərəfi qane edəcək şəkildə münasibətləri normallaşdırmağa çalışırlar.

Rəsmi Bakının da baş verənlərə mövqeyi gecikmədi. Xarici İşlər Nazirliyindən bildirilib ki, başqa ölkələrlə münasibətləri hansı formada qurmaq hər müstəqil dövlətin öz hüququdur. Amma Azərbaycan tərəf əlavə edir: «Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və iki ölkə arasında sərhədlərin açılması yalnız Azərbaycanın işğal olunmuş ərazilərindən erməni hərbi hissələrinin çıxarılması prosesi ilə paralel aparılmalıdır».

O ki qaldı Bakıdakı siyasi icmalçıların mövqeyinə, məsələn, politoloq Vəfa Quluzadə «yol xəritəsi»nin gələcəyinə bir qədər inamsız yanaşır:

«Mənim yadıma Fələstinlə İsrail arasında imzalanan «yol xəritəsi» düşdü. Həmin sənəd Klinton dövründə imzalanmışdı və indi hamı tərəfindən unudulub. Özü də reallaşmadı. Ona görə bu sənədin imzalanması böyük hadisə deyil. Məsələ budur ki, Rusiyanın icazəsi olacaqmı Ermənistan bu sənədi həyata keçirsin? Ona görə gözləyək, bu «yol xəritəsi»nin aqibəti nə olur, ola bilsin heç nə…»

Keçmiş dövlət müşavirinə görə, «yol xəritə»ləri adətən ictimaiyyətin gözünə kül üfürmək üçündür.

Zərdüşt Əlizadə
Başqa bir politoloq Zərdüşt Əlizadə də sənədin iflasa uğraya biləcəyini istisna etmir. Amma bununla belə, sənədə daha müsbət yanaşır. Hətta əmindir ki, bu sənəd Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilər. Politoloqa görə, sadə bir məntiq var. Azərbaycanla Ermənistan münaqişəni sülh yoluyla tənzimləmək istəyirlərsə, istər onlar arasında, istər bölgədə qarşılıqlı inam, etimad, barışa meyl olmalıdır:

«Yol xəritəsi» alına da bilər, alınmaya da. Amma bu yaxşı bir niyyətin nümayişidir. Bir də Türkiyə bəyan edib ki, bu zaman Azərbaycanın da mənafeyi nəzərə alınacaq. Ərdoğan da dəfələrlə deyib ki, Qarabağ münaqişəsi həll olunmadan sərhədlər açılmayacaq. Bu sözü yüksək mənbə deyir. Bu, əlbəttə bizə xeyirdir. Xəritə reallaşsa, qarşılıqlı addımlar atılsa, çərçivə sazişi imzalansa, ordu çıxsa, qaçqınlar qayıtsa, sülh üçün şans yaranır. Deməli, Qarabağ probleminin həllinə də şans yaranır…»

«Bölgədə gedən proseslər ilk baxışdan ziddiyyətli görünə bilər. Amma əslində bölgədə paralel proseslər gedir». «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu fikirdədir. O, bir məqama diqqət çəkir ki, bir tərəfdən Türkiyə ilə Ermənistan münasibətlərini normallaşdırmağa çalışır, o biri tərəfdən Azərbaycan da bu il ərzində Qarabağ münaqişəsinin həllinə işarələr verir:

Elxan Şahinoğlu
«Azərbaycan prezidenti Rusiyaya gedir. Öz neft-qazını satmaq məsələsini gündəmə gətirir. Bununla da sanki Rusiyanın Ermənistana mərhələli həll planını imzalaması üçün təzyiq göstərməsinə nail olmaq istəyir. Belə görüntü yaranır ki, (bunu dövlət başçısının açıqlamalarından da duymaq olar) bu il ərzində irəliləyiş ola bilər. İrəliləyiş də işğal altındakı beş rayonun azad edilməsidir. Faktiki Türkiyə ilə Ermənistan arasındakı münaqişənin də bu il həll ediləcəyi gözlənir».

E.Şahinoğlu düşünmür ki, bölgədə yanaşı gedən bu iki proses təhlükəli inkişafla nəticələnəcək:

«Əgər Azərbaycan birinci mərhələyə ayaq qoysa, onda Türkiyənin Ermənistanla sərhədi açmasına da şahid olacağıq. Türkiyə də Ermənistanla diplomatik münasibət quracaq. İnanmıram ki, bundan sonra Azərbaycan rəhbərliyi etiraz edə, çünki Qarabağ danışıqları ikinci mərhələyə qədəm qoyacaq».

Söhbətləşdiyim başqa politoloqlar da bu fikirdədirlər ki, bu il Qarabağ münaqişəsinin həlli yönündə ilk qətiyyətli addım atıla bilər. Amma Rusiya buna imkan verəcəkmi?
XS
SM
MD
LG