Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:46

Orduda korrupsiya «nağıldır», yoxsa reallıq?


Müdafiə Nazirliyinin rəsmisi ordudakı mənfiliklərlə bağlı deyilənləri təkzib edir
Müdafiə Nazirliyinin rəsmisi ordudakı mənfiliklərlə bağlı deyilənləri təkzib edir

Valideynlərin 1 il 6 ayda çəkdiyi xərc


Bu ilin yanvar-mart aylarında ordudakı vəziyyətlə bağlı monitorinq aparan Helsinki Vətəndaş Assambleyasının Gəncə bölməsi korrupsiya halları üzə çıxardığını iddia edir. Assambleya nümayəndəsi Akifə Əliyeva deyir ki, onlar hərbi xidmətə övlad yola salan valideynlərə məsləhət görüblər ki, 1 il 6 ay müddətində övladlarına nə qədər pul göndərdikləri və ümumiyyətlə il yarım ərzində nə qədər xərc çəkəcəkləri ilə bağlı qeydlər aparsınlar. Akifə Əliyeva: «Həmin siyahılara baxanda məlum olur ki, övladı hərbi xidmətdə olan valideynlərin 1 il 6 ay ərzində çəkdiyi təxmini xərc 1500-2000 yeni manata yaxın olub. Bəzən gözlənilməz hallar olur ki, bu xərcləri bir qədər də artırır».


Akifə Əliyevanın sözlərinə görə, ən kiçik hədiyyə forması kimi bəzi hərbi hissələrdə əsgərlərin öz komandirinin mobil telefonuna danışıq konturu yüklənməsi halları geniş yayılıb.


Mövzunu burada dinləyin.



Akifə xanım deyir ki, hərbi xidməti dövründə uşaqlarına çəkəcəkləri xərci nəzərə alan bəzi valideynlər elə həmin xərci çəkib övladlarını hərbi xidmətdən saxlamağa daha çox meyllənirlər. «Bununla bağlı əlimizdə məhkəmə sənədləri var, 2006-cı ilin əvvəlində belə bir məhkəmə prosesi olub. Həmin məhkəmə prosesində üzə çıxıb ki, təqsirləndirilən müxtəlif rütbəli zabitlər, hərbi komissarlar 2001-2004-cü illərdə 54 nəfərin hərbi xidmətdən yayınmasına görə, onlardan ümumilikdə 82 min dollar rüşvət alıblar».


Komissar da günahkardır, valideyn də…


Akifə Əliyevanın dediyinə görə, bu neqativ halın yaranmasında hərbi komissarlıqlarla yanaşı, valideynlərin günahı var. Araşdırmalarından belə aydın olub ki, valideynlər övladlarının daha yaxşı hərbi hissələrdə xidmət etməsi üçün komissarlıqlara özləri pul təklif edirlər. Valideynlərin sözlərinə görə, hərbi hissənin yerindən asılı olaraq bu məbləğ 300 dollardan 500 dollara qədər artır.


Helsinki Vətəndaş Assambleyasının Gəncə bölməsi bu cür halları həm də orduya ictimai nəzarətin zəifliyilə izah edir.


Akifə Əliyeva hesab edir ki, orduya çağırışın dörd dəfə olması da korrupsiyaya yol açan amillərdən biridir. Təşkilat məsələ ilə bağlı biz bir neçə dəfə parlamentə təkliflə müraciət edib. «Biz qonşu ölkələrin və elə keçmiş sovet ölkələrinin təcrübəsinə baxırıq onların hamısında orduya ildə iki dəfə çağırış var, ildə dörd dəfə çağırışdan daha çox hərbi komissarlıqlar qazanır».


Bazarlarda Müdafiə Nazirliyinin «məhsulları» satılır?..


2003-cü ildə əsgəri xidmətindən qayıdan Rəşad Süleymanovun da ürəyi doludur: «Orduda rüşvət ilk olaraq hərbi komissarlıqdan başlayır. Hər yerin - çağırışın, möhlət hüququnun öz qiyməti var».


Rəşad İsmayılov deyir ki, neqativ hallar əsgərlərin məzuniyyətə getməsi zamanı da müşahidə olunur. «Məsələn, mənim əsgər yoldaşım fərqləndiyinə görə məzuniyyətə göndəriləndə bölük komandiri deyir ki, qayıdanda mənə nə hörmət edəcəksən sənin məzuniyyətə getmək vaxtını tezləşdirim». Keçmiş əsgər bildirir ki, məzuniyyətə getməyin bir günü isə təxminən 30-40 min köhnə Azərbaycan manatına başa gəlir.


Bəzən hərbi hissələrdə əsgərlərin yeməyinin normaya uyğun verilmədiyini deyən Rəşad Süleymanov sözlərinə görə, o bir müddət əvvəl bir sıra bazarlarda üzərində Müdafiə Nazirliyinə məxsusluğu qeyd olunan ət konservlərinin satıldığını müşahidə edib: «Beyləqan bazarında, Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisindəki bazarda Müdafiə Nazirliyi üçün nəzərdə tutulan konservlər satılır».


Rəşad Süleymanov bir qədər əvvəl Helsinki Vətəndaş Assambleyası Gəncə bürosunun rəhbəri Akifə Əliyevanın komandirlərin mobil telefonuna kontur yüklənməsi əhvalatının bəzi hərbi hissələrdə adi hal aldığını deyir.


Sabiq əsgər hərbi xidmətdə olduğu müddətdə komandirlərin həyətində günlərlə işlədiklərini deyir. «Şəxsən mən özüm dəfələrlə komandir üçün odun doğramışam, əsgərlər dəfələrlə komandirlərin evində tikinti işlərinə cəlb olunub».


Rəşad Süleymanovun fikrincə, hərbi hissələrdə qanunsuz hallara əsasən kiçik rütbəli komandirlər yol verirlər, onların bu hərəkətlərindən yuxarılara şikayət etmək isə olduqca problemli bir işdir. İl yarım xidməti müddətində ciddi problemlə üzləşmək istəməyən əsgər yuxarılara müraciət etməyə heç meylli də olmur. Rəşad Süleymanovun sözlərinə görə, hərbi xidmətin bitməsinə az qalmış “akkord” adlanan son mərhələdə əsgərlər hansısa bir işi öz üzərinə götürüb evə gedənə qədər təhvil verməlidir. Amma bir sıra hərbi hissələrdə həmin “akkord” pulla əvəzlənib.


O, deyir ki, o hərbi xidmətdə olanda hər ay əsgərlərə verilən 12 min manatı da onlara çox görürmüşlər. Əsgər pul alması barədə sənədə imza atsa da sonradan həmin pullar komandirə verilir. «Bunun əvəzində isə əsgərə ucuz sabun, diş pastası, siqaret çəkənlərə isə filtrsiz siqaretlər verilir».


Faktlar nağıla oxşayır?


Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov isə keçmiş əsgərin və Helsinki Vətəndaş Assambleyası Gəncə bölməsi rəhbərinin səsləndirdiyi fikirlərin heç birinin həqiqətə uyğun olmadığını deyir. Cənab Məlikov ümumiyyətlə nazirliyə belə məlumatlar daxil olmadığını deyir. «Bu ancaq xalq nağıllarına oxşayır. Bizim əlimizdə belə faktlar yoxdur. Faktlar varsa versinlər hüquq mühafizə orqanlarına».


Ordudakı neqativ hallarla bağlı Müdafiə Nazirliyindəki qaynar xətt telefonlarına indiyə qədər nə qədər məlumat toplandığına gəlincə Müdafiə Nazirliyindən bildirdilər ki, bu barədə məlumatlar açıqlanmır.


Əlli dörd nəfərdən 90 min dollara yaxın rüşvət


İndiyə qədər bir neçə dəfə ordudakı qanunsuzluqlarla bağlı məhkəmə prosesinin keçirildiyi Hərbi Prokurorluqda hesab edirlər ki, əgər belə hallar varsa əsgərlər və onların valideynləri anonim şəkildə prokurorluqdakı qaynat xətt telefonlarına müraciət edə bilər. Respublika Hərbi Prokurorluğu Mətbuat Xidmətinin rəhbəri Əfrayim Təhməzov deyir ki, prokurorluq ordudakı korrupsiya halları ilə bağlı Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərin də olduğu 17 nəfərin işinə baxıb və məlum olub ki, həmin zabitlər ordudan yayındırmaq üçün 54 nəfərdən 90 min dollara yaxın rüşvət alıblar. 17 nəfərin cəzalandırıldığını deyən Əfrayim Təhməzovun sözlərinə görə, pul verib ordudan yayınanların hamısı yenidən hərbi xidmətə göndərilib. Bu işlərin yenə də davam etdirildiyini deyən cənab Təhməzovun sözlərinə görə, Hərbi Prokurorluğun əməkdaşları müntəzəm olaraq hərbi hissələrə baş çəkir, əsgərlərlə görüşür və belə görüşlər valideynlərlə də keçirilir.


Əfrayim Təhməzov deyir ki, əgər əsgər zabitlərin həyətində işə cəlb edilirsə, ondan pul və ya zabitlərin mobil telefonuna danışıq konturu yüklənməsi tələb olunursa yaxşı olar ki, həmin əsgərlər anonim şəkildə prokurorluğa müraciət etsinlər.


Əsgərlərə verilən aylıq maaşın onların əlindən alınmasına gəlincə Hərbi Prokurorluq rəsmisi belə hallarla rastlaşmadıqlarını deyir. Cənab Təhməzov bildirir ki, əgər əsgər özü könülü şəkildə imza atıb pulu zabitə verirsə bunun sübut olunması olduqca mürəkkəb məsələdir.


Zabit də ordudan yayınmaq istəyir


Ekspertlər isə orduda korrupsiya ittihamlarını müxtəlif amillərlə izah edirlər. Sabiq müdafiə naziri Tacəddin Mehdiyev əsas problemləri hərb həyatını nizamlayan qanunlardakı boşluqlarda görür. Qanunların əksəriyyətinin keçmiş sovet ordusu qanunlarının Azərbaycan dilinə səriştəsiz tərcüməsindən ibarət olduğunu deyən sabiq müdafiə nazirinə görə, hərbi sahədə qanunlar elə yazılmalıdır ki, orduda indi mövcud olan boşluqlara yer qalmasın. «Zabit özünü 20-25 il orduya həsr edir bunun müqabilində ona elə imtiyazlar verilməlidir ki, zabit mənasız ömür sürmədiyini bilsin. Mən şəxsən pensiyada olan zabitəm, müharibə iştirakçısıyam, mənim nə evim var, nə də torpağım. Pensiyaya çıxan zabitlərin heç birini işlə təmin etmirlər. Hansı evi olmayan zabiti evlə təmin edirlər. Ona görə zabitlərin çoxu hərbi xidmətdən yayınmaq istəyir».


Tacəddin Mehdiyevə görə, aşkarlanan korrupsiya halları ilə bağlı cəza tədbirləri elə olmalıdır ki, bu gələcəkdə qanunsuzluğa yol vermək istəyən hərbçilərə ciddi dərs olsun.


“Möhlət hüququ”nun korrupsiya il nə əlaqəsi


Bəzi ekspertlər hesab edir ki, abituriyentlərə və magistraturaya sənəd verənlərə möhlət hüququnun verilməsilə bağlı məsələlər də hərbi komissarlıqlarda korrupsiya halları üçün geniş imkanlar açır. Elə bu baxımdan da ekspertlər hesab edirlər ki, “möhlət hüququ” ilə bağlı məsələlərə də tam aydınlıq gətirilməlidir ki, komissarlıqlarda möhlət hüququndan sui-istifadə olunmasın. “Ayna” qəzetinin yazdığına görə, Təhsil Naziri Misir Mərdanovun “Magistraturaya sənəd verən və həqiqi hərbi xidmətə çağırılan bakalavrlara imtahan zamanı möhlət verilməlidir və veriləcək də” fikri Hərbi Komissarlıqda ciddi narazılıqla qarşılanıb. Hərbi Komissarın hüquq məsələləri üzrə köməkçisi polkovnik Qaçay Əliyarov qəzetə müsahibəsində qanunun buna birmənalı imkan vermədiyini deyib. Cənab Əliyarov bildirib ki, 2004-cü ilin iyununda prezidentin imzaladığı qanuna görə, orta ixtisas, bakalavr, magistratura pilləsinə qəbulun mərkəzləşdirilmiş qaydada, test üsulu ilə aparılması Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına tapşırılıb. Ona görə də, burda bütün müstəsna hallar öz mahiyyətini itirir. Bu baxımdan da qanuni əsasla möhlət hüququ olmayanlar hərbi xidmətə çağırılır. İqtisad Universitetinin bu ilki məzunu, “Dalğa” Gənclər Hərəkatının rəhbəri Ramin Hacıyev deyir ki, o və qrup yoldaşları magistratura imtahanlarına hazırlaşıblar. Ancaq Hərbi Komissarlıq onlara möhlət vermədiyindən onlar problemlə üzləşiblər. Dövlət başçısına və aidiyyatı olan digər qurumlara edilən müraciətlərə hələ cavab verilmədiyini deyən Ramin Hacılıya görə, əlacsız qalan tələbələr hərə öz bildiyi kimi komissarlıqlardan möhlət hüququ almağa başlayıb. Ramin Hacılı: «Komissarlıqlarda tanışı, qohumu olanlar bu işi bir təhər ucuz qiymətə həll etsələr də başqaları üçün qiymətlər qaldırılıb. Tələbələrin magistratura imtahanlarında iştirak etmək istəklərinin ciddi olduğunu bilən komissarlıqlar qiymətləri qaldırıblar və bilirlər ki necə olsa həmin pulu verəcəklər. Bir də ki, magistraturaya 1500 oğlan qəbul olunmalıdır, bu 1500 nəfərin hərbi xidmətə getməməsilə Azərbaycan ordusu nə itirə bilər ki?»


Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyevin bir neçə gün əvvəl “Azadlıq” radiosuna bildirdiyinə görə, möhlət hüququ tələbəyə ali məktəbdə oxuduğu dövrdə verilir, həm də bu il magistraturaya qəbul imtahanı hərbi xidmətə çağırışdan sonra keçiriləcəyindən bu problem yaranıb.

XS
SM
MD
LG