Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:48

Hər şey son anda dəyişə bilər


Azay Quliyev
Beynəlxalq etirazlara və ombudsmanın müraciətinə baxmayaraq, QHT-lərlə bağlı qanun layihəsi hələ də parlamentin gündəliyindədir. Amma hər şey son anda dəyişə bilər. Parlamentin ümumi müzakirəsindən əvvəl təkliflər iyunun 29-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində yenidən müzakirə çıxarılacaq.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev deyir ki, onlar dəyişikliklərin bu cür qəbul edilməsinə razı deyillər və bir neçə gün əvvəl irəli sürdükləri alternativ təkliflərə rəyləri almağa çalışırlar.

«ŞURANIN KONKRET TƏKLİFLƏRİNƏ MADDƏ-MADDƏ REAKSİYA VERİLƏCƏK»

Şura sədri deyir ki, onlar ikivariantlı təklif irəli sürüblər və istəyirlər ki, QHT-lərin fəaliyyətini məhdudlaşdıran məsələlər qəbul olunmasın:

«Mən ümid edirəm ki, qarşıdakı iki-üç gün ərzində Şuranın konkret təkliflərinə maddə-maddə reaksiya veriləcək».

Misal üçün bir maddə üzrə fikir ayrılığı ortadadır. Bir çox QHT-lər təşkilat büdcəsində xarici vəsaitin miqdarının 50 faizi aşmaması barədə tələbi qəbul etmirlər, tam ləğvini istəyirlər.

Azay Quliyev isə deyir ki, məhdudiyyət ola bilər, amma 50 deyil, 80 faiz. Bununla yanaşı, o, dövlətin QHT-lərə dəstəyini də 20 milyon manata təqribən on dəfə artırmağı təklif edir:

«Biz hesablamışıq ki, əgər dövlət QHT sektoruna 15-20 milyon manat ayırsa, onda həmin o 20 faiz məsələsi öz həllini tapar. Amma biz ümumiyyətlə xaricdən maliyyələşməyə qoyulan məhdudiyyətin tam çıxarılmasını istəyirik».

BU PULU AZƏRBAYCAN DÖVLƏTİ ÖZÜ ÖDƏSİN

Hazırda elə Azərbaycandakı QHT-lərin xaricdən il ərzində aldığı vəsait də bu qədərdir. Bu təklifin də mahiyyətində o durur ki, xaricdən alınan qrantlar məhdudlaşdırılırsa, onda bu pulu Azərbaycan dövləti özü ödəsin.

Artıq məsələyə Prezident Administrasiyasından da münasibət bildirilib. İctimai-siyasi şöbənin müdiri Əli Həsənov jurnalistlərə verdiyi müsahibəsində deyib ki, qanun layihəsində müəyyən müddəalar Azərbaycanın vətəndaş cəmiyyəti sahəsindəki inkişafının indiki tələblərinə cavab vermir və QHT-lərin bəzilərinin bu məsələlərlə bağlı məlum narazılığının əsası var.

Əli Həsənovun sözlərinə görə, bu, təkcə Azərbaycan QHT-lərinə deyil, eyni zamanda beynəlxalq aləmdə dövlətin QHT-lərə göstərdiyi dəstək kimi imicinə də müəyyən xələl gətirir.

«HAKİMİYYƏTİN ÖZÜNÜN DAXİLİNDƏ BU MƏSƏLƏ İLƏ BAĞLI FİKİR AYRILIĞI VAR»

Təklif olunan dəyişikliklərin ümumiyyətlə müzakirədən çıxarılmasını istəyən Vətəndaş Cəmiyyətinin Müdafiəsi Komitəsinin üzvü Qubad İbadoğluna görə, Əli Həsənovun münasibəti artıq hakimiyyətin özündə məsələ ilə bağlı fikir ayrılıqlarının yaranmasından xəbər verir:

«Hiss olunur ki, hakimiyyətin özünün daxilində bu məsələ ilə bağlı fikir ayrılığı var. Hesab edirəm ki, son vaxtlar beynəlxalq təşkilatların müraciətləri və yerli vətəndaş cəmiyyətlərinin narazılıqları effekt verib».

İyunun 25-də 50-dən artıq vətəndaş cəmiyyətinin üzvlərilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında keçirilən görüşdə isə dəyişikliklərin ümumiyyətlə layihədən çıxarılması tələb edilib. Bildirilib ki, hər hansı müzakirələrin hansısa müddətə təxirə salınması da yolverilməzdir.

Amma Vətəndaş Cəmiyyətininin Müdafiəsi Komitəsi hələ ki, arxayınlığa əsas görmür. Bu baxımdan da Komitə iyunun 30-na təyin etdiyi piketi təxirə salmaq niyyətində deyil.

İndiyə qədər həmin təkliflərin qəbul olunmaması üçün müxtəlif beynəlxalq təşkilatlardan Azərbaycan hökumətinə müraciətlər olunub.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən təklif edilən dəyişikliklər iyunun 30-da parlamentin müzakirəsinə çıxarılacaq.
XS
SM
MD
LG