Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:20

«Snayperləri geri çəkməklə bağlı tərəflər razılığa gələ bilməyiblər»


«Sutkanın istənilən vaxtında onlar qarşı tərəfin canlı qüvvəsini məhv edə bilirlər»
«Sutkanın istənilən vaxtında onlar qarşı tərəfin canlı qüvvəsini məhv edə bilirlər»
Snayperlərin cəbhə xəttindən geri çəkilməsi məsələsində Azərbaycan və Ermənistan arasında razılığa gəlmək mümkün olmayıb. Ermənistan agentliklərinin məlumatına görə, bu fikirləri ATƏT-in Minsk Qrupunun həmsədrləri Yerevanda deyiblər. Bəzi agentliklərin rusiyalı həmsədr Yuri Merzlyakovdan gətirdiyi sitata görə, məsələyə Ermənistan və Dağlıq Qarabağ razılaşıb, Bakı isə yox.

XİN MERZLYAKOVU GÖZLƏYİR

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə deyir ki, snayperlərin geri çəkilməsilə bağlı çağırış hər iki tərəfə edilib. Azərbaycanın bu məsələni dəstəkləməməsi məlumatının hardan yaranmasını isə araşdırmaq lazımdır:

«Lazım olan halda həmsədrlər birgə bəyanatla çıxış edirlər. Bu, yalnız cənab Merzlyakovun fikridirsə, bunu onun özüylə dəqiqləşdirərik. Onunla dəqiqləşdirəndən sonra biz rəsmi mövqeyimizi bildirə bilərik. Amma hazırda belə həssas məsələlərdə Ermənistan mətbuatına istinadən hansısa şərhlər vermək düzgün olmaz».

Həmsədrlər iyulun 9-da Yerevandan Bakıya gəliblər.

MÜDAFİƏ NAZİRLİYİ DƏ «ARAŞDIRMA APARMAQ LAZIMDIR» DEYİR

Müdafiə Nazirliyində isə hesab edirlər ki, snayperlərin cəbhə xəttindən geri çəkilməsi məsələsində yekdil bir qərar, fikir olmalıdır. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev hesab edir ki, yalnız bundan sonra konkret fikir söyləmək mümkündür:

«Bu məsələ ətrafında fərziyyələrlə danışmaq istəməzdik. Yalnız mahiyyət tam açıqlanandan sonra rəsmi mövqe bildirə bilərik».

«AZƏRBAYCANI İTTİHAM ETMƏK YERSİZDİR»

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli isə hesab edir ki, snayperlər məsələsində Azərbaycanı bu razılaşmadan imtina etməkdə ittiham etmək yersizdir. Onun sözlərinə görə, burda hər iki tərəfin məsuliyyətindən söhbət getməlidir. C.Sümərinli deyir ki, təkcə 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələri 35-dən artıq əsgərini itiribsə, onun ən azı 10 nəfəri qarşı tərəfdən snayperlə vurulub:

«Ötən illərlə müqayisə etsək görərik ki, hər il 20-30 nəfər erməni snayperlərinin açdığı atəşdən həyatını itirib».

«ORDUNUN ƏVƏZEDİLMƏZ SILAHINDAN KİM İMTİNA EDƏR?»

Hərbi ekspert Üzeyir Cəfərova görəsə, əslində, həmsədrlər canlı qüvvə arasında itkilərin azalmasını və danışıqlar ərəfəsində atəşkəsin pozulmaması baxımından belə bir fikir səsləndirilər. Ekspert deyir ki, indiki halda iki ordu bütün silah növlərilə üz-üzə səngərdə durduğu halda onların içərisindən snayperləri geri çəkmək mümkün görünmür.

Ü.Cəfərov bildirir ki, əslində, snayperlər atəşkəs dövründə daha çox istifadə olunur. Hərbi ekspert hesab edir ki, atəşkəs dövründə başqa silah növlərilə hərəkət etmək bir qədər çətindir. Bu baxımdan da o hesab edir ki, heç bir sülh sazişi olmadan, təxminən 600 metrdən 1500 metrə qədər məsafəyə nəzarət imkanı yaradan snayperləri indiki halda cəbhə xəttindən geri çəkmək inandırıcı görünmür.

Vaxtilə Azərbaycan rayonlarının bir-birinin ardınca qısa zamanda işğal olunmasının bir səbəbi də həmin vaxtlar snayper silahlarının azlığı ilə əlaqələndirilir.

Üzeyir Cəfərov indiki məqamda inanmır ki, Azərbaycan ön cəbhədən snayperləri geri çəksin. Hətta qarşı tərəfin də belə bir addım atacağını absurd sayır:

«Sutkanın istənilən vaxtında onlar qarşı tərəfin canlı qüvvəsini məhv edə bilirlər».
XS
SM
MD
LG