Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:46

Orduda zorakılıq niyə artır?


«Azərbaycan Ordusunda «dedovşina» yoxdur»
Avqustun 6-da Ağır Cinayətlər üzrə hərbi məhkəmədə müxtəlif rütbələr daşıyan 5 hərbçiyə 2 ildən 15 ilə kimi həbs cəzası kəsilib. Onlar cinsi zorakılıq, dövlətə xəyanət, vəzifə səlahiyyətlərini aşma da daxil olmaqla bir sıra başqa cinayətlərdə suçlu bilinib.

NƏZARƏTSİZLİK VƏ CƏZASIZLIQ MÜHİTİ NƏYƏ GƏTİRİR?

İstintaq materiallarına görə, cəbhə bölgələrindəki hərbi hissələrdən birində komandir əsgərləri zorlayıb və onları Ermənistan dövlətinə casusluq etməyə məcbur edib.

Hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, Azərbaycan Ordusunda nizamnamədən kənar olayların baş verməsinə səbəb orduda nəzarətsizlik və cəzasızlıq mühitinin hökm sürməsidir. Müdafiə Nazirliyinin sözügedən fakt da daxil olmaqla bu tip olaylara şərh verməməyini isə Üzeyir Cəfərov məsələlərin ən anlaşılmaz məqamı sayır:

«Müdafiə Nazirliyi az qala ölmüş əsgərin dəfnini belə inkar edir. Yerlərdə komandirlərin məsuliyyətsizliyi, özbaşınalığı bu duruma gətirib çıxarır. Bunun kökünü kəsmək üçün orduda düzgün kadr siyasəti yürütmək gərəkdir. Yerlərdə zabitlərin seçilməsinə çox ciddi yanaşılmalıdır. İndi bu məsələlərdə ciddi çatışmazlıqlar olduğuna görə, orduda ciddi qanun pozuntuları baş verir».

Üzeyir Cəfərovun sözlərinə görə, araşdırmalar göstərir ki, bu cür cinayətlərdə adətən cinayəti birbaşa törədən şəxslər cəzalandırılır. Əslində isə yalnız cinayəti törədənlər deyir, hərbi hissələrdə qanunların qorunmasına birbaşa məsuliyyət daşıyan yüksək rütbəli hərbçilər də cəzalandırılmalıdır.

MÜDAFİƏ NAZİRLİYİNİN NİYƏ DEMƏYƏ SÖZÜ YOXDUR?

Müdafiə Nazirliyindən isə «Azadlıq» radiosuna faktla bağlı şərh vermək istəmədilər. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev deyir ki, mediada orduda qanun pozuntuları, «dedovşina» ilə bağlı yazılanlar çox zaman faktlara söykənmir:

«Azərbaycan Ordusunda «dedovşina» yoxdur. Bir sıra mətbuat orqanları bu məsələni niyə şişirdirlər, mən anlamıram. Bilirsiniz, konkret faktlar varsa, o faktlardan danışmaq gərəkdir».

Biz haqqında cinayət işi qaldırılan və məhkəmə hökmləri olan cinayət hadisələrini xatırladanda isə Teymur Abdullayev dedi ki, bu məsələlərlə bağlı hər hansı açıqlama vermək müstəqil məhkəmə araşdırmasına təsir edə bilər.

Məhkəmə araşdırması isə artıq bitib. Cinayət də sübuta yetirilib.

ZABİTLƏR NİYƏ GÜLLƏLƏNİR?

Ölkə mətbuatı son bir neçə ayda orduda zorlama, rüşvət tələb etmə hallarının çoxaldığını yazır. Hərbçi ekspert Cəsur Sümərinli bildirir ki, Gəncədə, Füzulidə yerləşən hərbi hissələrdə son bir neçə ayda baş verənlərin kökündə də komandirlərin özbaşınalığı dayanır.

Füzulidə bir əsgər 3 zabiti güllələyib, Gəncədə isə əsgər, valideynlərin sözlərinə görə, döyüldükdən sonra psixikası pozulub, görmə qabiliyyətini itirib. Sümərinli deyir ki, Azərbaycan Ordusunun ən böyük problemi Silahlı Qüvvələrdə münasibətləri tənzimləyən qanunlardakı boşluqlardır:

«Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətini tənzimləyən qanunvericilik yarımçıqdır. Qanunların bir hissəsi sovet dönəmindəki qanunlardan birbaşa tərcümələr, bir hissəsi isə onların NATO standartlarına uyğunlaşdırılmış variantıdır. İndi Azərbaycan Ordusunda günlük nizam-intizam qaydalarını qanunlar yox, komandirin istəyi tənzimləyir. Bu da çox zaman qanunvericiliyə əsaslanmır».

Sümərinli bildirir ki, orduda baş verən qanunsuzluqların səbəblərindən biri də odur ki, həm zabitlərin, həm də əsgərlərin sosial təminatı son dərəcə zəifdir:

«Nəzərə alsaq ki, Azərbaycanın hərbi büdcəsi təxminən 2 milyard manatdır o zaman hərbi qulluqçuların sosial təminatının belə aşağı olması anlaşılmaz görünür. Əgər doğrudan da dövlət ordusu Nizamnamədən kənar hərəkətlərin sayının endirilməsini istəyirsə, o zaman hərbçilərin sosial şəraitinin yüksəldilməsi diqqət mərkəzində olmalıdır».

Keçmiş əsgərlərin sözlərinə görə isə komandirlər bilərəkdən nəzarətsizlik şəraiti yaradırlar ki, sonra törədilən cinayətləri ört-basdır etmək üçün ailələrdən rüşvət ala bilsinlər.
XS
SM
MD
LG