Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:39

Müharibə cinayətləri niyə beynəlxalq aləmə çıxarılmır?


«Xocalı üçün muzey açmağa yer tapılmır, amma bütün rayonlarda Heydər Əliyev muzeyi tikilib»
«Xocalı üçün muzey açmağa yer tapılmır, amma bütün rayonlarda Heydər Əliyev muzeyi tikilib»
1991-ci ildə Dağlıq Qarabağda gedən döyüşlər zamanı əsir düşmüş Atakişiyev Fərhad Rəhman oğluna işgəncələr verildiyi təsdiqlənib. Toplanmış məlumatların təhlili zamanı onun xüsusi amansızlıqla qətlə yetirildiyi məlum olub.

Məlumatı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb. Məlumatda deyilir ki, F.Atakişiyevin bədənində hər biri ayrı-ayrılıqda insan ölümünə səbəb ola biləcək 72 müxtəlif işgəncə izi aşkar olunub.

Komissiya bildirir ki, Ermənistan əsgərləri Fərhad Atakişiyevə sakini olduğu Kərkicahan kəndində azərbaycanlı döyüşçülərə bələdçilik etdiyi və ermənilərin təkidinə baxmayaraq, Dağlıq Qarabağın Ermənistan torpağı olmadığını söyləməsinə görə belə işgəncə veriblər.

Daha sonra məlumatda deyilir ki, prezidentin 2009-cu il 28 iyul tarixli sərəncamı ilə F.Atakişiyev ölümündən sonra «Azərbaycan bayrağı» ordeni ilə təltif edilib.

«XOCALI ÜÇÜN MUZEY AÇMAĞA YER TAPILMIR, AMMA BÜTÜN RAYONLARDA HEYDƏR ƏLİYEV MUZEYİ TİKİLİB»

Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev belə faktların üzə çıxarılıb dəyərləndirilməsini təqdirəlayiq hal sayır. O deyir ki, hazırda dünya təcavüzə, işğala müəyyən mənada bəraət versə də, belə faktlara heç cür haqq qazandırmır.

E.Mehdiyevin fikrincə, Qarabağ müharibəsində Ermənistan əsgərləri yetərincə belə hadisələr törədiblər. Onun sözlərinə görə, Azərbaycan hökumətinin laqeydliyi üzündən indiyəcən onların heç biri beynəlxalq məhkəməyə çıxarılmayıb:

«Halbuki, təkcə Xocalıda törədilən cinayətlər dünyaya düzgün təqdim edilsəydi, azərbaycanlıların öz yurdlarına qayıtmasına, bu cinayəti törədənlərin cəzalandırılması işinə böyük bir təkan olardı».

Elxan Mehdiyev deyir ki, bütün bunların hamısı hərbi cinayətlərdir:

«Bosniyada 3 nəfəri öldürəni Haaqa Məhkəməsinə gətirirlər ki, hərbi cinayət törədib. Azərbaycanda isə yüzlərlə insanın bir gecədə öldürülməsinə heç kim baxmır. Çünki hakimiyyət bu işdə heç bir hərəkət etmir. Xocalı üçün muzey açmağa yer tapılmır, amma bütün rayonlarda Heydər Əliyev muzeyi tikilib».

NƏ AZƏRBAYCAN, NƏ DƏ ERMƏNİSTAN BEYNƏLXALQ CİNAYƏT MƏHKƏMƏSİNİN ÜZVÜ DEYİL

İtkin düşənlərin və girovların, hərbi əsirlərin axtarışı üzrə beynəlxalq işçi qrupun Bakıdakı koordinatoru Əvəz Həsənov isə indiki vəziyyətdə Azərbaycanın hansısa işi beynəlxalq məhkəməyə çıxara bilməsini mümkünsüz sayır. Onun sözlərinə görə, indiyəcən Ermənistan əsgərlərinin və ya Qarabağ separatçılarının azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə bağlı heç bir beynəlxalq istintaq, yaxud məhkəmə araşdırması olmayıb:

«Düzdür, Azərbaycan tərəfi bu cinayətlərin törədilməsi ilə bağlı 100-dən çox adamın adını beynəlxalq cinayətkarlar dəstəsinə aid edib. Ancaq beynəlxalq aləmdə bununla bağlı tədqiqat aparılmayıb».

Ə.Həsənov deyir ki, Azərbaycan hələ də Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil:

«Roma statusu» deyilən bir sənəd var. İlk növbədə, Azərbaycan həmin sənədi ratifikasiya etməli və Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmalıdır. Hələ ki, nə Azərbaycan, nə də Ermənistan bu quruma üzv olmayıb. Bunun da əsas səbəbi ondan ibarətdir ki, hər iki dövlətin arasında müharibə ehtimalı çox yüksəkdir. Ona görə də məncə, indiki vaxtda hansısa bir istintaqın gedəcəyindən, Azərbaycanın Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcəyindən danışmaq çox tezdir».

Ə.Həsənovun fikrincə, nə qədər ki, Azərbaycanla Ermənistan arasında müharibə ehtimalı qalır, bu ölkələr Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmağa can atmayacaqlar. Çünki hər iki tərəfdə yaxşı bilirlər ki, hər hansı bir hərbi əməliyyat başlayacaqsa, hökumətlər və hərbçilər hərbi cinayətin subyekti olacaqlar. Onun sözlərinə görə, elə bu səbəbdəndir ki, Dağlıq Qarabağ separatçıları da hələlik müharibə cinayətlərinə görə məsuliyyətdən kənarda qalırlar.

Milli Təhükəsizlik Nazirliyinin məlumatına görə, Dağlıq Qarabağ müharibəsi zamanı 4500-dək azərbaycanlı əsir və itkin düşüb, girov götürülüb. İndiyədək 1400-ə yaxın əsir və girov azad edilib.
XS
SM
MD
LG