Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:31

«Azərbaycanda rusdilli təhsil daha keyfiyyətlidir»


Bakıdakı 326 məktəbin demək olar yarısında rus bölmələri var
Bakıdakı 326 məktəbin demək olar yarısında rus bölmələri var
- Hansı səbəbdən övladınızın rus dilində təhsil almasını istəyirsiniz?

- Rusdilli məktəblərdə. Birincisi, Azərbaycandilli məktəblərdə müəllimlər savada yox, valideynin imkanına üstünlük verir. Bu əsas səbəbdir. Bir də Azərbaycan bölməsində tədris proqramı çox çətindir. Rusdilli məktəblərdə dərslər daha maraqlıdır, müəllimlər alternativ dərsliklərdən istifadə edirlər.

- Demək siz hesab edirsiniz ki, Azərbaycanda rusdilli təhsil daha keyfiyyətlidir?

- Tamamilə doğrudur. Həm müəllimlərin şagirdlərə münasibətində, həm də tədrisin keyfiyyətində bu aydın görünür.

Bu sözləri Bakı sakini Gülnarə Sadıqova deyir. Ailəsi balaca Turqutu məktəbə göndərərkən heç tərəddüd etmədən mərkəzdəki rusdilli məktəblərdən birini seçib. Məktəb onların evlərinə xeyli uzaqdır. Ancaq Gülnarə deyir ki, yaxşı tədris üçün zaman və pul xərcləməyə dəyər.

BAKI MƏKTƏBLƏRİNİN YARISI RUS DİLLİ TƏHSİL DƏ VERİR

Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsinin mətbuat xidmətinin başçısı Zəminə Əliqızının sözlərinə görə, Bakıdakı 326 məktəbin demək olar yarısında rus bölmələri var. Rus bölmələrində siniflərin sayı Azərbaycan bölmələrindən az olsa da onlara tələbat hələlik var:

«Rus bölmələrinin birinci siniflərinə hər il olduğu kimi bu il də axın böyükdür. Siniflərin sayı da az deyil. Ancaq hələlik yeni siniflərin açılacağı gözlənilmir».

Bakının mərkəzindəki 23 saylı məktəbdə 1991-ci ilə qədər tədris yalnız rus dilində aparılıb. 1991-ci ildən isə məktəbdə Azərbaycan bölməsi də açılıb. Qabaqlar Puşkinin, indi isə Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun adını daşıyan məktəbin 2000 şagirdi var. Məktəbin direktoru İradə Rəhimi deyir ki, onların nə kadr, nə də şagird sarıdan problemləri yoxdur. Əksinə, tələbat olduğundan hər sinfə 40 şagird yerləşdirməli olurlar.

İradə müəllimə deyir ki, ölkədə, xüsusən paytaxtda rusdilli təhsilə maraq birbaşa keyfiyyətlə bağlıdır:

«Biz tədrisi Azərbaycan Respublikasında hazırlanan dərsliklərlə aparırıq. Ancaq əlavə olaraq Rusiyanın, İngiltərənin dərsliklərindən də yararlanırıq. Xüsusən bu, aşağı siniflərdə daha çox istifadə olunur. Təbii ki, məktəbin nə qədər keyfiyyətli təhsil verməsi məzunların ali məktəbə qəbul olması faizi ilə ölçülür. 23 saylı məktəbi bitirən məzunların təxminən 98 faizi yüksək ballarla ali məktəblərə qəbul olunur. Ötən il 20, bu il isə 16 məzunumuz xarici ölkələrdə ali məktəblərə qəbul olunub».

RUSDİLLİ MƏKTƏBLƏRİ RUSİYA AÇMALIDIR (MI?)

Təhsil Məsələləri üzrə ekspert Məlahət Mürşüdlü isə hesab edir ki, Azərbaycanda ABŞ-ın, Böyük Britaniyanın, Türkiyənin məktəblərini bu ölkələrin özləri maliyyələşdirdiyi kimi rusdilli məktəbləri də Rusiya açmalı və maliyyələşdirməlidir:

«Azərbaycanda dövlət dili Azərbaycan dilidir. Rus dili xarici dil kimi bir sıra məktəblərdə tədris olunur. Təbii, şagirdlərin xarici dildə təhsil alması sonradan onların ölkədən kənarda daha yüksək ali təhsil almasına qapı açır. Ancaq düşünürəm ki, rusdilli məktəblərin yaradılması və saxlanması Azərbaycan hökumətinin yox, daha çox Rusiyanın işi olmalıdır. Necə ki, bunu başqa dövlətlər edir. ABŞ-ın, Britaniyanın, Türkiyənin məktəblərində də o ölkələrin tədrisi ilə yanaşı Azərbaycanın coğrafiyası, ədəbiyyatı, tarixi öyrədilir».

Məlahət Mürşüdlü də deyir ki, onun başçılıq etdiyi Azad Müəllimlər Birliyinin keçirdiyi sorğuda valideynlər rusdilli təhsilin daha keyfiyyətli olduğunu bildiriblər. Bunun səbəbi isə onun fikrincə, Azərbaycan bölməsində təhsilin daha primitiv aparılması, yeniliklərə daha az yer verilməsi, yeniliyə can atanlara imkan yaradılmamasıdır:

«Rus bölmələrində isə tədrisə müəllimlərin yaradıcı yanaşması üçün geniş meydan var. Elə bu səbəbdən də həm müəllimlər, həm valideynlər tədrisin keyfiyyətinin yüksəldilməsində, məktəbin idarə olunmasında daha aktiv olur. bu səbəbdən də tədrisdə keyfiyyət yüksəlir».

Ekspert onu da bildirir ki, Azərbaycanda müstəqilliyin ilk illərində rus dilinə azalan marağın son illər artması həm də rəsmilərin daha çox rus dilində danışmasıdır. Ölkədə prezident İlham Əliyev başda olmaqla, baş nazir Artur Rəsizadənin, xarici işlər naziri Elmar Məmmədyarovun, mədəniyyət naziri Əbülfəs Qarayevin və bir sıra başqa məmurların daha çox rusca danışması ölkədə heç kim üçün sirr deyil.

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə deyir ki, bu məsələnin daha dərin kökləri var. M.Əliyev deyir ki, indi məktəblərin rus bölmələrində təhsil alan şagirdlərin çoxu rusdilli ailələrdən çıxmayıb:

«Məsələn, Bakı məktəblərinin rus bölmələrində oxuyan uşaqların ailələri bölgələrdən gəlib. Onların çoxunun valideyni Rusiyada işləyir. Valideynlər ona görə rusdilli təhsili seçir ki, onlar həm ailələrinin, həm də uşaqlarının gələcəyini Rusiyada görür. Bu gün Rusiyada Azərbaycandan olan işçi miqrantların sayı çoxdur. Ölkədəki işsizlk problemi çözülməyənə qədər bu tendensiya davam edəcək».

Yüksək rütbəli dövlət məmurlarına gəlincə, Mehman Əliyev bildirir ki, onların çoxunun işlək dili onsuz da ruscadır. Ona görə də onlar övladlarını indi sıravi Azərbaycan ailəsi üçün əlçatmaz olan ingilisdilli məktəblərə qoyurlar. Belə məktəblərdə təhsil haqqı ildə 8-9 min manatdır. Səbəb isə Mehman Əliyevə görə, onların öz uşaqlarının gələcəyini Avropada, Amerikada görməsidir.

Həmçinin bax

Ermənistanda rus dilinə maraq azalır
Gürcüstanda «düşmən dili»
XS
SM
MD
LG