Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:05

Taksi sürücüləri yeniliklərdən narahatdır


«Hər 3 taksidən biri ləğv olunacaqsa, bu, hər üç iş yerindən birinin ləğvi demək olacaq»
«Hər 3 taksidən biri ləğv olunacaqsa, bu, hər üç iş yerindən birinin ləğvi demək olacaq»
«Neçə vaxtdır, tikan üstündə oturmuşam. Deyirlər köhnə taksiləri ləğv edəcəklər. Mən də sürücü babayam. Ailəmi bu sınıq-salxaq «Jiquli»ylə dolandırıram».

Taksi sürücüsü Arif Ağayev köhnə taksisinin, daha doğrusu, gündəlik qazandığı 5-10 manatın əlindən çıxacağından narahatdır. Narahatlığı əsassız deyil.

ÇÜNKİ ONUN TAKSİSİ DƏ DAXİL OLMAQLA KÖHNƏ TAKSİLƏR ŞƏHƏRDƏN YIĞIŞDIRILACAQ

Nəqliyyat Nazirliyi bu vaxta qədər ara-sıra sürücülərə eşitdirirdi ki, köhnə taksiləri şəhərdən yığışdıracaq. İndi isə deyirlər ki, ilin sonuna qədər işdən əmələ keçəcəklər.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyir ki, hələ 2006-cı ildən belə qərar vardı. Köhnə və rayon qeydiyyatında olan taksilər şəhərdən yığışdırılmalıydı. Məqsəd tıxacları aradan qaldırmaq və sərnişinlərin təhlükəsizliyini qorumaq idi:

«Biz bu tədbirləri növbəti tədbirlər planına - 2008-2013-cü illərə saldıq. Söhbət taksi kimi istifadə olunan sovet buraxılışlı şəxsi maşınların və istismara yararsız taksilərin yığışdırılmasından gedir. İlin sonuna qədər bu işə başlayacağıq».

«İŞ VERSİNLƏR SABAHDAN TAKSİNİN DAŞINI ATIM»

Özü Şamaxıdan olan, Bakıda taksi sürücülüyü edən Teymur Əfəndiyev isə deyir ki, özünə ortabab bir iş tapsa, böyük məmnuniyyətlə taksiçilikdən əl çəkər:

«Mən özüm ali təhsilli müəlliməm. İş tapmadığıma görə atamın köhnə maşınını götürüb gəlmişəm Bakıya. İndi deyirlər rayon qeydiyyatında olan maşınla Bakıda taksiçilik edə bilməzsən. Bəxtəvərlikdən taksi sürmürəm. İxtisasım üzrə babat maaşa iş versinlər, gedim işləyim.
Yoxsa elə bilirlər yerimdən-yurdumdan olub Bakıda sülənmək xoşuma gəlir?».

«PUL TƏLƏSİ?»

Taksi sürücüsü Vəli Babayev isə bunun da pul yığmağa əlavə şərait yaradacağını düşünür:

«Pul tələsidir, başqa heç nə. Niyə görə belə fikirləşirəm? Çünki görə-görə gəlmişik. Hər dəfə bir şeyi bəhanə edirlər. Gah deyirlər, maşının köhnədir, get rənglə, bu qədər də pul ver. Gah deyirlər, mərkəzdə dayanmaq istəyirsənsə, əlavə pul ver. Heç nədən nömrəni açır, pul istəyir. Nə bilim, bizim işimiz Allaha qalıb».

Nəqliyyatçıların Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Məzahir Rüstəmov deyir ki, bu addım onsuz da hər addımda hüquqları pozulan sürücülərə qarşı yönəlib:

«Bu həm də sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması deməkdir. Onda gərək sürücülərə kompensasiya ödənilsin».

Nəqliyyat Nazirliyində isə deyirlər ki, onlar heç kimin hüququnu pozmaq istəmirlər, şəhərdəki qarmaqarışıq vəziyyəti yoluna qoymağa çalışırlar.

Yeni taksilərin gətirilməsi isə gələn ilə planlaşdırılır. Maşınları Almaniyadan, Yaponiyadan və Cənubi Koreyadan alacaqlar.

BƏS 600 MİNLİK İŞ YERİ....

Hazırda Bakıda 5000-ə yaxın taksi fəaliyyət göstərir. Taksi sürücüsü Teymur onu da deyir ki, hər 3 taksidən biri ləğv olunacaqsa, bu, hər üç iş yerindən birinin ləğvi demək olacaq. Teymur sual edir:

«Bəs, pafosla deyilən 600 mindən artıq iş yeri haqqında necə danışacaqlar. Axı taksi sürücüləri də iş yeri kimi qeydiyyatdan keçib»....
XS
SM
MD
LG