Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:00

Qənimət Zahid voleybol oynamadığı üçün həbsdə qaldı


Qənimət Zahid xuliqanlıq və qəsdən sağlamlığa az ağır zədə vurma ittihamları ilə 2007-ci il noyabrın 11-də həbs olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib
Qənimət Zahid xuliqanlıq və qəsdən sağlamlığa az ağır zədə vurma ittihamları ilə 2007-ci il noyabrın 11-də həbs olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib
«Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin cəzasının çəkilməmiş hissəsindən azad olunmasıyla bağlı vəkillərin müraciətini məhkəmə təmin etməyib.

Qanunvericiliyə görə, əgər məhbus cəzasının üçdə birini çəkdiyi müddətdə özünü nümunəvi aparıbsa və həbsxana qaydalarını pozmayıbsa, vaxtından əvvəl azad oluna və cəzası yüngülləşdirilə bilər.

«Azadlıq» qəzetinin direktoru Azər Əhmədovun AzadlıqRadiosuna verdiyi məlumata görə, sentyabrın 17-də 17 saylı cəzaçəkmə müəssisəsində keçirilən prosesdə həbsxana rəhbərinin Qənimət Zahidlə bağlı verdiyi rəy buna mane olub:

«Həbsxana rəhbərliyinin verdiyi rəydən məlum olub ki, Qənimət Zahid 2008-ci ilin iyun ayında məhkumlar üçün təşkil olunan voleybol yarışmasında iştirakdan imtina etməklə həbsxananın rejim qaydalarını pozub».

Azər Əhmədov deyir ki, Qənimət Zahid voleybolu ümumiyyətlə sevmir. Digər tərəfdən isə onun revmatizm xəstəliyi var:

«Düzdür, o özü xəstəliyini gizlədir, amma mən bilirəm ki, revmatizmdən əziyyət çəkir. Artıq Qənimət son vaxtlar ailə üzvlərilə görüşə əl ağacıyla gəlir. Yəni çəliklə gəzən adam necə voleybol oyununa gələ bilər».

Amma baş redaktorun vəkilləri hesab edirlər ki, əgəq Qənimət Zahidə edilən xəbərdarlıqdan bir il ötübsə və məhbus bir il müddətində hər hansı qayda pozuntusuna yol verməyibsə, onda həmin xəbərdarlıq avtomatik olaraq qüvvədən düşmüş hesab edilir.

«Azadlıq» qəzetinin baş direktoru Azər Əhmədov deyir ki, Qənimət Zahid siyasi məhbus olduğundan onun həbsdən buraxılması üçün də siyasi iradə əsas şərtdir.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid xuliqanlıq və qəsdən sağlamlığa az ağır zədə vurma ittihamları ilə 2007-ci il noyabrın 11-də həbs olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG