Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:18

«Əsrin müqaviləsi»nin 15 ili tamam oldu


Faktlar onu göstərir ki, neft gəlirlərinin ölkə vətəndaşının rifahına çox az təsiri var
Faktlar onu göstərir ki, neft gəlirlərinin ölkə vətəndaşının rifahına çox az təsiri var
Sentyabrın 20-də Azərbaycanın Xəzər dənizindəki «Azəri-Çıraq-Günəşli» yataqlarından çıxarılan neftin dünya bazarına daşınması ilə bağlı dünyanın aparıcı neft şirkətləri ilə imzalanan «Əsrin müqavilə»sinin 15 ili tamam oldu. Politoloq Eldar Namazov deyir ki, bu müqavilənin imzalanması Azərbaycan üçün olduqca önəmli idi:

«ÇOX BÖYÜK VƏ MÜSBƏT BİR OLAY İDİ»


Eldar Namazov
- O dövrdə Qərb ölkələrinin aparıcı şirkətlərini Azərbaycanda işə cəlb etmək, onların iqtisadi, daha sonra isə siyasi maraqlarını təmin etmək, formalaşdırmaq, Azərbaycanın müstəqilliyi üçün də, siyasi-iqtisadi həyatı üçün də çox böyük və müsbət bir olay idi.

Politoloq bildirir ki, neft müqavilələri imzalanandan sonra çoxları düşünürdü ki, bu, Azərbaycanın iqtisadi, sosial həyatında ciddi dəyişikliklərə səbəb olacaq. Ancaq faktlar onu göstərir ki, neft gəlirlərinin ölkə vətəndaşının rifahına çox az təsiri var. Səbəb isə neft gəlirlərinin bölüşdürülməsindəki ədalətsizlikdir:

- Burda nöqsanlar çoxdur. Demokratiyanın pozulması, korrupsiya amilləri ilə bağlı deyə bilərik ki, əsrin kontraktında əldə edilən vəsaitləri biz yaxşı istifadə edə bilmədik, Azərbaycan vətəndaşları bundan bəhrələnə bilmədilər.

«İLLÜZİYALAR DAĞILDI»

İqtisadçı İlham Şaban da düşünür ki, «Əsrin müqaviləsi»nin imzalandığı ilk illərdə vətəndaşların neft gəlirləri ilə bağlı illüziyaları bu vəsaitlər ölkəyə gələndən az sonra dağıldı. Azərbaycan vətəndaşlarının gördüyü isə hakimiyyəti idarə edənlərin hədsiz varlanması, eyni zamanda çox təhlükəli sindroma çevrilən iqtisadiyyatın neftdən asılılığının artması oldu:

- Azərbaycan 1999-cu ilin dekabrında Azərbaycan ilk mənfəət nefti əldə etdi. 10 il ərzində mənfəət neftindən gələn gəlir 23 milyarda çatdı. Yalnız 2008-ci ildə Azərbaycanın neft gəlirləri 14,4 milyard oldu. Bu qədər böyük vəsaitlərin qarşılığında ölkədə real inkişaf yerinə dövlət aparatı ilə cəmiyyətin
İlham Şaban
təbəqələri arasında konfliktlərin dərinləşməsini görürük.

«BU PULLARDAN ÇOX KİÇİK QRUP FAYDALANIR»

Müstəqil jurnalist Çingiz Sultansoy isə düşünür ki, 1994-cü ildə Azərbaycan hakimiyyəti ilə Qərb neft kampaniyaları arasında imzalanan müqaviləni «Əsrin müqaviləsi» adlandırmaq daha çox ölkə içinə hesablanmış reklamdır. Onun sözlərinə görə, XX əsrin 70-ci illərində İran eyni məqsədli müqavilə imzalayanda da onu «Əsrin müqaviləsi» adlandırırdılar:

- Buna aldanmağa dəyməz. Mən hesab eləmirəm ki o pullar bölünməliydi insanlar arasında. Ancaq gəlin görək, bu vəsaitlər necə oldu? O pullar məgər Azərbaycana yatırılır? Məgər Azərbaycanda inkişaf var? Məgər o pullardan Azərbaycan xalqı xeyir gördü? Bu pullardan çox kiçik qrup faydalanır. Bugünkü iqtidarı tanıyaraq, səhiyyədə, təhsildə, hüquq-mühafizə orqanlarında yürütdüyü siyasəti görərək mənim böyük şübhəm var ki, «Əsrin müqaviləsi» Azərbaycan xalqının maraqlarına xidmət edir. Mənə elə gəlir ki, burada külli miqdarda vəsaitlər məhz Azərbaycan xalqını idarə edənlərin cibinə axır.

«Əsrin müqaviləsi»nin imzalanması gününü bayram kimi qeyd edən Azərbaycan rəsmiləri isə fərqli düşünürlər. Azərbaycan prezidenti İlham Əliyev bu münasibətlə keçirilən bayram mərasimində müqavilənin Azərbaycanın qarşısında yeni üfüqlər, yeni imkanlar açdığını deyib.
Çingiz Sultansoy. Foto: Media Forum
Onun sözlərinə görə, son 5 ildə dövlət büdcəsi 10 dəfə, ümum daxili məhsul 2,6 dəfə artıb, ölkədə 800 min iş yeri açılıb. Dövlət başçısı bildirib ki, dünya iqtisadi böhranına baxmayaraq, Azərbaycanda ötən bir ildə iqtisadi artıb 5 faiz olub.

«MƏNİM BU MÜQAVİLƏDƏN HEÇ XƏBƏRİM YOXDUR»

Bakı sakinləri arasında apardığımız sorğuda onlar da bildirdilər ki, neft gəlirlərinə olan ümidləri doğrulmayıb:

- «Əsrin müqaviləsi» imzalanandan sonra düşünürdük ki, ölkədə inkişaf olacaq, yeni iş yerləri açılacaq. Ancaq bunu görmədik.

- Mənim bu müqavilədən heç xəbərim yoxdur.

- Mən Azərbaycanın ən iri vergiödəyici müəssisələrindən birində çalışıram. Açığı düşünürdüm ki, neft gəlirlərindən sonra ölkə iqtisadiyyatında ciddi irəliləyiş olacaq, o sıradan əməkhaqları artacaq, iş yerləri ilə bağlı seçim imkanı çoxalacaq. Ancaq bunların heç biri baş vermir.

- Bu pullar bizim deyil ki…

- Neft gəlirləri Azərbaycanda daşa, çınqıla xərclənir. O, pulların oliqarxlara aidiyyəti var.
XS
SM
MD
LG