Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:31

Böyük Millət Məclisində protokol və bayraq müzakirəsi


Türkiyə Böyük Millət Məclisi, 27 aprel 2007
Türkiyə Böyük Millət Məclisi, 27 aprel 2007
Protokolları Türkiyə parlamentinə təqdim edən Xarici İşlər naziri Əhməd Davudoğlu bildirir ki, sənədlər Ermənistanla münasibətləri normallaşdırmaq, erməni soyqırımı iddialarına son vermək üçün bir komissiya yaratmaq və ümumilikdə Qafqazda vəziyyətin normallaşdırılması kimi üç başlıca məqsədə xidmət edir. Davudoğlu Türkiyə millət vəkillərinə bildirdi ki, Ankara ilə Yerevan arasında əlaqələrin yaxşılaşdırılmasının Qarabağ probleminin həllinə də münbit şərait yaradacağını gözləyirlər və artıq bunun əlamətləri də var:

- Son bir ildə Qarabağ danışıqları 17 ildə görünməmiş sürətlə gedir, prezidentlər təkcə son beş ayda beş dəfə görüşüb, Laçına bir hərbi-texniki heyət göndərildi.

Millət vəkillərini Ermənistanla protokolların təsdiq edilməsinin bütün tərəflərinə xeyrinə olacağına inandırmağa çalışan Davudoğlu onun Qarabağ probleminin də həllinə şərait yarada biləcəyini qeyd etdi. Nazir bildirdi ki, Sürixdə ermənistanlı həmkarı ilə protokolları imzalamazdan əvvəl ABŞ Dövlət katibi Hillari Klintonla görüşündə, eləcə də bu günlərdə Türkiyə prezidenti Abdullah Gülün ABŞ və Rusiya prezidentləri ilə müzakirələrində də Qarabağ münaqişəsinin həlli imkanları müzakirə olunub.

Nazir çıxışını bitirən kimi müxalifət partiyalarından protokollara sərt tənqidlər yağdı. Milliyyətçi Hərəkat Partiyasından və Cümhuriyyət Xalq Partiyası adından danışan millət vəkilləri qonşularla problemləri həll etmək siyasəti aparan hazırkı hökumətin problemləri həll etmək əvəzinə əvvəlki dostlarla problemlər yaratdığını dedilər.

«NƏ DƏYİŞİB?»

MHP-nin millət vəkili qrupu adından danışan Oktay Vural bildirdi ki, Ermənistanla protokollar türk millətindən uzun müddət gizlədilib. Millət vəkili qeyd etdi ki, Ermənistan nə Qarabağ, nə adına soyqırımı dediyi, nə də Türkiyəyə ərazi iddialarından əl çəkmədiyi, Türkiyənin sərhədini tanımadığı bir halda hökumətin Ermənistanla münasibətləri normallaşdırmaq cəhdlərini başa düşə bilmir:

- Nə dəyişib? Hansı dövlətdən sərhədlərini tanımayan bir dövlətlə əlaqələrini genişləndirməyi gözləyə bilərsiniz? Bu sözləri 2005-ci ildə indi prezident, o zamansa Xarici İşlər naziri olan Abdullah Gül deyirdi. İndi nə dəyişib ki?!

Oktay Vural MHP-nin millət vəkili qrupunun Türkiyə və Azərbaycanın mənafelərinə ziddi hesab etdiyi bu protokolların Məclisdə təsdiq edilməsinə imkan verməyəcəyini bildirdi.

Demokratik Toplum Partiyasının təmsilçisi Selahattin Demirtaş Ermənistanla münasibətlərin normallaşdırılmasını müdafiə etdiklərini bildirdi. O, hökumətin normallaşdırmada səmimi olmadığını, bu səmimiyyəti sübut etmək üçün Türkiyə dərsliklərində «erməni düşmənçiliyi»nin aradan qaldırılmasının lazım olduğunu bildirdi.

«GÜL YEREVANDA OLANDA QARABAĞ BAYRAĞI QALDIRDILAR, ONA ETİRAZ ETMƏDİNİZ»

Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili qrupu adından danışan Mustafa Şükrü Elekdağ da protokolların Azərbaycan xalqını incitdiyini, onun ardınca da Bursada Ermənistanla futbol oyununda Azərbaycan bayrağını stadiona buraxmamaqla Türkiyə rəsmilərinin çox ciddi səhvlərə yol verdiyini bildirdi. Elekdağ qeyd edir ki, Bursa valisi FİFA-nın adı ilə əslində özü Azərbaycan bayrağına qadağa qoyub:

- Başqa bir ölkədə oyuna türk bayrağı buraxılmasa, bizim reaksiyamız nə idi. Gül Yerevanda olanda Qarabağ bayrağı qaldırdılar, ona etiraz etmədiniz. Yasaq qərarını ilk alan sizin hökumətinizdir.

Mustafa Şükrü Elekdağ bildirir ki, Türkiyə bayrağı stadiona buraxmaqla nə qədər səhv edibsə, Azərbaycanda da Şəhidlər Xiyabanından Türkiyə bayrağını götürməklə səhv ediblər.

O bildirdi ki, Ermənistanla imzalanan protokollarda bir yerdə də Qars və Moskva razılaşmalarına toxunulmayıb. Halbuki Türkiyənin şərq sərhədləri məhz həmin sənədlərlə təsdiq edilib, Türkiyə həmin sənədlərlə Naxçıvanın təminatçısı olub. Ermənistan Türkiyə ilə sərhədi tanıyırdısa, protokollarda bu sənədlərə istinadlar olmalı idi.

«QARABAĞ AZAD EDİLMƏYİNCƏ, SƏRHƏD AÇILMAYACAQ»

İqtidarda olan Ədalət və İnkişaf Partiyasının millət vəkili qrupu adından çıxış edən Ömer Çelik bildirdi ki, Türkiyə Ermənistanla protokollar vasitəsilə öz qonşusunda sabitlik və inkişaf görmək istəyir. O dedi ki, Ankara bütün qonşularına sabitlik ixrac etməklə öz sabitliyini qorumaq istəyir.

Ömer Çelik protokolların Azərbaycanın maraqlarına zidd olması barədə fikirləri də qəbul etmədiyini dedi:

- Azərbaycanla bağlı siyasət dəyişməyib, Qarabağ azad edilməyincə, sərhəd açılmayacaq.

Qrup təmsilçilərinin çıxışlarından sonra millət vəkilləri Xarici İşlər nazirini həm də soyqırımı iddiasını danmağı cinayət hesab edən İsveçrədə imzalamağa görə tənqid etdilər. MHP-dən olan millət vəkilləri bildirdilər ki, soyqırımı iddiasını araşdıracaq komissiyada İsveçrədən də nümayəndə salınması nəzərdə tutulub. Halbuki artıq İsveçrə sanki məsələni araşdırıb da erməni iddiasını soyqırımı kimi tanıyıb.

CHP-dən olan millət vəkilləri isə dedilər ki, protokollarda əsas uğur kimi təqdim edilən soyqırımı iddiasını araşdıracaq müştərək komissiya yaradılmasını Yerevanda başqa cür başa düşürlər. CHP-li millət vəkili Ermənistanın Xarici İşlər nazirinin çıxışlarını əsas gətirərək bildirdi ki, Nalbandyan bu komissiyanın qurbanlara dəyən ziyanı və veriləcək təzminatı araşdıracağını deyib.

Türkiyənin Xarici İşlər naziri protokolları parlamentə təqdim edəndən sonra sənədləri parlament komissiyalarında araşdıracaqlar. Bundan sonra onları millət vəkilləri təsdiqləsə, Ankara ilə Yerevan arasında diplomatik əlaqələr qurulacaq, bu ölkələrin sərhədləri açılacaq.

Bakıda hesab edirlər ki, bu sərhəd Qarabağın işğalına görə bağlanıb, yalnız işğala son verilmə prosesində də açıla bilər. Ona görə də indi Bakı ilə Ankaranın da münasibətləri gərgindir.
XS
SM
MD
LG