Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:32

Ermənistan layihəsi dayandımı?


Ermənistan və Türkiyə prezidentləri Bursada milli komandaların futbol matçında, 14 oktyabr 2009
Ermənistan və Türkiyə prezidentləri Bursada milli komandaların futbol matçında, 14 oktyabr 2009
Türkiyə aprel ayında Cenevrədə əldə edilən ilk razılaşma ilə "Ermənistan layihəsi”ni elan edəndə bunun qısa müddətdə iki qonşu ölkə arasında normal münasibətlər yaradılmasına və sərhədlərin açılmasına səbəb olacağını zənn edənlər olmuşdu. Xarici dünya bunu Ankara ilə Yerevan arasındakı münasibətlərin “normallasması” prosesinin başlanğıcı hesab edir, Türk diplomatiyasının bu “layihəsi”ni tarixi bir hadisə kimi alqışlayırdı. Həqiqətən-cərəyan edən proseslər çox önəmli idi;ancaq prosesin çox uzun və çətin olacağı da məlum idi.

Cenevrə razılaşmasından sonra keçən ay Sürixdə imzalanan iki protokol bu uzun yolda atılan ikinci önəmli addım oldu. Protokollar münasibətlərin “normallaşdırılması”nın yol xəritəsini çəkdi və buna bir təqvim də əlavə etdi. Ancaq bu təqvim protokolların rəsmən qüvvəyə minməsindən sonra işləməyə başlayacaq. Bu da hər iki ölkənin parlamentlərinin iki sənədi təsdiq etməsindən sonra mümkün ola bilər. İndi olduğumuz nöqtədə bir tıxanma var. Ermənistan hələ ki, protokolları öz parlamentinə təqdim edə bilməyib-çünki onların hüquq sisteminə görə, bu cür sazişlərin qanunlara uyğun olub-olmamasına əvvəlcə Konstitusiya məhkəməsinin qərar verməsi lazımdır. Bu qərar, hələ ki, qəbul edilməyib.

Qəbul ediləndən sonra məsələ parlamentdə müzakirə ediləcək. Türkiyədə nazirlər şurası keçən ay protokolları müzakirə etdi və onların TBMM-nə göndəriləmisini qərarlaşdırdı. Ancaq Məclis, hələ ki, məsələni gündəliyinə daxil etməyib. Bunun üçün əvvəlcə bəzi siyasi şərtlərin yetişməsi lazımdır.

Məclis gözləmədə

Bu gözləmə əməlli-başlı uzun vaxt ala bilər. Səbəbi isə budur: Türk hökuməti protokolların təsdiqi ilə Qarabağ problemi arasında konkret bir əlaqə yaradıb. Baş nazir və digər səlahiyyətli şəxslər Qarabağ probleminin həllində bir irəliləyiş olmadığı müddətcə Yerevan ilə əldə edilən razılaşmaların həyata keçirilməyəcəyini çıx açıq və dəqiqi şəkildə bəyan etdilər. Buna görə də hökumət bəzi konkret addımları görmədən və Azərbaycanın bundan əmin olduğuna inanmadan, hər iki protokolu Məclisin təsdiqinə təqdim etməyəcək. Bu təsdiq Qarabağ problemi ilə əlaqələndirildiyinə görə, o məsələ ilə bağlı nələrin cərəyan etdiyinə baxmaq lazımdır. ATƏT-in Minsk Qrupu problemi həll etmək üçün ciddi-cəhdlərini artırıb. Azərbaycan və Ermənistan prezidentləri də görüşlərini sıxlaşdırıblar. Əliyev ilə Sarkisyan bu ay altıncı dəfə görüşəcəklər. Ancaq Qarabağ kimi mürəkkəb problemin bir nəfəsdə həll edilməsini gözləmək - sadəlövlük olardı. Əslində Türkiyənin səlahiyyətli nümayəndələri də, ilk mərhələdə, Qarabağın ətrafındakı 7 rayondan ermənilərin çıxması ilə razılıq əldə edilməsini gözləyirlər.

Hələ ki, bir hərəkət yoxdur

Əgər yaxın həftələrdə bu istiqamətdə bir irəliləyiş olarsa, hal-hazırda dayanmış kimi görünən “layihə” dinamizm qazanacaq, böyük ehtimalla Məclis də protokolları təsdiqləyəcəkdir. Ancaq Minsk Qrupunun prosesi və Əliyev-Sarkisyan dialoqu da çox ağır gedir. Buna görə də, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin “normallaşdırılmsı”nda qısa müddətdə bir dinamizm gözlənilməməlidir.

Ancaq “layihə” və protokollarla əldə edilmiş tempi də itirməmək lazımdır. Bu, müxtəlif səviyyələrdə və sahələrdə qarşılıqlı əlaqələrin davam etdirilməsi ilə mümkündür. Burada mülki toplumun rolu və iştirakının böyük əhəmiyyəti vardır.
XS
SM
MD
LG