Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:43

Bələdiyyə seçkilərində 900 şəxs qeydə alınmayıb


MSK-nın məlumatına görə, bələdiyyə seçkilərində 900-dən artıq şəxsin namizədliyi qeydə alınmayıb
MSK-nın məlumatına görə, bələdiyyə seçkilərində 900-dən artıq şəxsin namizədliyi qeydə alınmayıb
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, bələdiyyə seçkilərində 900-dən artıq şəxsin namizədliyi qeydə alınmayıb. Bu şəxslərin çoxu siyasi partiyaların üzvləridir.

Hər gün neçə-neçə namizədin qeydə alınmaması, ya da namizədliyindən təzyiq nəticəsində əl çəkmələri haqqında şikayətlər eşidilir.

Pozuntuların olması haqqında deyilənlər çox olsa da, məhkəməyə gedib çıxan cəmi bir iş var. Təkcə Ümid Partiyası təzyiq nəticəsində bir gündə 98 nəfərin namizədliyindən imtina etməsilə bağlı Apellyasiya Məhkəməsinə müraciət edib. Müraciətdə MSK sədri Məzahir Pənahov vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

Ekspertlər isə deyirlər ki, əslində məhkəmə predmeti ola biləcək çox məsələlərdən şikayət olmalıydı.

MSK sədri Məzahir Pənahovun seçkinin gedişində YAP-ın artıq qalib gəldiyi ilə barışmaq lazım olduğunu deməsindən sonra bəzi qeyri-hökumət təşkilatları da onu məhkəməyə verməkdən danışırdılar. Ancaq belə müraciət olmadı.

MƏHKƏMƏLƏRƏ İNAM YOXDUR

«Namizədlər ölkədə məhkəmələrin asılı vəziyyətdə olduğunu əsas gətirib ora müraciətdən imtina edirlər»
Müsavat Partiyasının Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı deyir ki, düzdür, məhkəmə predmeti ola biləcək çox iş var. Ancaq namizədlər məhkəməyə inanmadıqlarından şikayət etmək istəmirlər:

«Namizədlər ölkədə məhkəmələrin asılı vəziyyətdə olduğunu əsas gətirib ora müraciətdən imtina edirlər. Ancaq MSK-nın elə hərəkətləri var ki, məhkəməyə müraciət etmək lazımdır».

MSK-nın sözçüsü Azər Sarıyev isə deyir ki, dairə seçki komissiyaları qanuna əməl etdiklərindən məhkəməlik vəziyyət yaranmayıb. O ki, qaldı Ümid Partiyasının şikayətinə, MSK-nı sözçüsü iddianı əsassız sayır:

«Hesab edirəm ki, seçki komissiyaları bütün addımlarını qanunauyğun atdıqlarından məhkəmələrə müraciət etməyə ehtiyac olmayıb. Dairə seçki komissiyalarında kimlər ki, qeydə alınmamışdı, o cümlədən Ümid Partiyasının 80-dən artıq üzvü qeydə alınmamışdı, həmin şəxslər müraciət etmişdi, MSK da onların namizədliyini qeydə almışdı. O ki, qaldı Ümid Partiyasının digər iddiasına, bu iddianın heç bir əsası yoxdur».

HÜQUQİ VƏ PRAKTİK PROBLEMLƏR

Hüquqşünas, seçki üzrə ekspert Hafiz Həsənov isə deyir ki, bu məsələ həm hüquqi, həm də praktik baxımdan problemlidir. Hüquqi baxımdan problem onda yaranır ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yalnız MSK-nın qərarından, ya da MSK sədrinin hərəkətindən Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Digər səbəb isə seçki şikayətlərinə baxan orqanlara inamsızlıqla bağlıdır:

«Şikayətlərin verilməməsinin başlıca səbəbi məhkəmələrə etimadsızlıq, şikayətlərin tərtib olunmasında siyasi partiyaların imkanlarının zəif olması, həm də fəallıq göstərməmələriylə bağlıdır».

Müsavat Partiyasının Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı isə deyir ki, əgər namizədlər sözlərinin üstündə dayansalar, partiyanın Kürdəmir rayon təşkilatının 16 üzvünün qeydə alınmamasıyla bağlı onlar dekabrın 17-də MSK-nı məhkəməyə verə bilərlər.
XS
SM
MD
LG