Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:36

Müstəqil YAP-çılar seçkidən sonra cəzalandırıla bilər


«Əsl YAP-çı mənəm də, YAP-çı necə olmalıdır, kağızla bilinməlidir ki, bu YAP-çıdır»
«Əsl YAP-çı mənəm də, YAP-çı necə olmalıdır, kağızla bilinməlidir ki, bu YAP-çıdır»
«Mənə onların partiya tərəfindən dəstəyi lazım deyil. Məni seçicilərim seçəcək seçiləcəm, seçilməyəcəm duracam kənarda. Guya Arbatan bələdiyyəsində hamı YAP-ın üzvüdür ki?».

Bu fikirləri deyən Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Salyan rayonunun Arbatan kənd bələdiyyəsinə namizəd Natiq İsayevdir.

N.İsayev deyir ki, namizədliyini partiya xəttilə yox, müstəqil şəkildə verdiyindən ona təzyiqlər dayanmaq bilmir. Elə bu məsələ hakim partiya içərisində müəyyən narazılıqlar yaradıb. Natiq İsayev geri çəkilmək niyyətində olmadığını deyir və özünü ona təzyiq edən partiya yoldaşlarından daha çox YAP-çı hesab edir:

«ƏSL YAP-ÇI MƏNƏM»

«Əsl YAP-çı mənəm, Konstitusiyaya uyğun hərəkət edən, ümummilli lider Heydər Əliyevlə ordu quruculuğunda yaxından iştirak eləmişəm, indiki prezidentimizin bütün siyasətini dəstəkləyirəm. Əsl YAP-çı mənəm də, YAP-çı necə olmalıdır, kağızla bilinməlidir ki, bu YAP-çıdır».

Hətta sözə baxmadığına görə, Natiq İsayevin YAP-a necə üzv olmasından tutmuş, əvvəlki iş yerlərinə qədər müxtəlif dövrlərdəki fəaliyyətini də araşdırıblar. Natiq İsayev deyir ki, ona açıq şəkildə bildiriblər ki, kim seçiləcək, artıq onların hamısı məlumdur.

Hakim partiya üzvləri arasında narazılar əksər rayonlarda var. Onların hamısı da namizədliklərinin geri götürülməsilə bağlı təzyiqlərə məruz qaldıqlarını iddia edirlər. Hətta bəzi hakim partiya üzvləri bələdiyyə yerlərinin pulla satıldığını açıq söyləməkdən çəkinmirlər.

YAP-DA MƏRKƏZDƏNQAÇMA


Elə son günlərin bu kimi narazılıqlarına görədir ki, bəzi ekspertlər bələdiyyə seçkilərinin hakim partiya daxilində intriqa yaratdığını deyirlər.

Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədr müavini Bəşir Süleymanlı deyir ki, seçki prosesində hakim partiya daxilində konfliktlərin olacağı gözlənilən idi. Mərkəz nümayəndəsi hesab edir ki, birincisi, müxalifət partiyalarına xeyli maneələr yaradıldı ki, onlar istənilən qədər namizədlə bu seçkilərdə təmsil oluna bilməsin.
«Azərbaycan» qəzetinin baş redaktoru, hakim partiyadan millət vəkili Bəxtiyar Sadıqov
Amma baş verənlər bumeranq kimi əks təsir göstərməyə başladı. Bəşir Süleymanlıya görə, sonradan bu mübarizə Yeni Azərbaycan Partiyasının üzvləri arasında getməyə başladı və bu səbəbdən də icra strukturları, bölgələri idarə edən ayrı-ayrı oliqarxlar öz tərəfdarlarının bələdiyyələrdə daha çox təmsil olunmasına çalışmağa başladılar:

«Hər iki tərəfin YAP-çı olmasına baxmayaraq, onlar ayrı-ayrı qruplaşmalara aid olduqları üçün belə bir vəziyyət yaranıb. İndi görünür ki, mübarizə YAP-çılar arasında gedir. Və bildirirlər ki, partiyadan namizədliyini verməyənlər dəstəklənməyəcək».

Bəşir Süleymanlı deyir ki, əslində, baş verənlər onu göstərir ki, Yeni Azərbaycan Partiyası daxilində mərkəzdənqaçma meylləri var və rəhbərlik səviyyəsində bunun qarşısını almaq istəyirlər.

«ONLAR HAQQINDA TƏDBİR GÖRÜLMƏLİDİR»

«Azərbaycan» qəzetinin baş redaktoru, hakim partiyadan millət vəkili Bəxtiyar Sadıqovsa YAP daxilində hər hansı narazılıqlardan danışmağın yersiz olduğunu deyir. Onun sözlərinə görə, partiya bacarığına, qabiliyyətinə görə öz namizədlərini müəyyənləşdirib və seçkidə də həmin namizədləri dəstəkləyəcək:

«İndi kənardan da, partiya ilə məsləhətləşmədən kifayət qədər nüfuzu, hörməti olmayan YAP üzvləri namizədliklərini verib. İndi belələrinə səsləri parçalamamaq üçün təklif olunur ki, namizədliyinizi geri götürün, onlar da bunu təzyiq kimi qəbul edirlər».

Bəxtiyar Sadıqova görə, həmin üzvlər partiyanın ümumi xəttindən kənar addım atırlar və yəqin ki, seçkidən sonra onlar haqqında müəyyən tədbirlər görüləcək:

«Yəqin ki, elə partiya üzvlərinin hərəkətilə bağlı hər ərazi təşkilatı üzrə müzakirə olunmalı və onlar haqqında tədbir görülməlidir ki, növbəti dəfə belə hallar olmasın».

Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədr müavini Bəşir Süleymanlı deyir ki, bələdiyyə seçkilərində bu prosesin baş verməsi gələn ilin parlament seçkilərinə işarədir. Belə ki, ekspertə görə, parlament seçkilərində hakimiyyət daxilində olan böyük qruplaşmalar öz adamlarının Milli Məclisdə təmsil olunması yolunda ciddi mübarizə aparacaqlar.
XS
SM
MD
LG