Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:20

«Eynullaya qarşı olan son hadisə başqalarının gözünü qorxutmaq üçündür»


Həbsdə şərlənmək elə də çətin məsələ deyil
Həbsdə şərlənmək elə də çətin məsələ deyil
«Eynulla bu saat suyu üfürə-üfürə içən adamdır. İşinə də bu gün - sabah Avropa Məhkəməsində baxılacaq. O, yarınarkoman olsaydı da belə, bu cür iş görməzdi. Ona görə də bu işin başdan-ayağa qurama olduğu ortadadır».

Penitensiar Xidmət İdarəsinin keçmiş rəisi Məmməd Zeynalov deyir ki, Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsinin astarından heroin çıxması ancaq narkotikanı ora kiminsə qoymasından sonra mümkündür. Belə adamlarda da həmişə tapılır:

ƏMƏLİYYAT İŞÇİLƏRİNİN ƏLİ OLMASA…

«12 saylı cəzaçəkmə yerinə narkotik keçirmək mümkün deyil. Əməliyyat işçilərinin əli olmasa, heç kim içəri heç nə keçirə bilməz. Əməliyyat işçilərinin orda bir şəbəkəsi var ki, həbsxanaya nəinki narkotik, hətta yarım litr araq da keçirsən, onlar bilirlər. O da ola Eynullayla bağlı. Onun üstündə bütün əməliyyat şəbəkəsi işləyir».

Məmməd Zeynalov deyir ki, Eynulla Fətullayevin cəza çəkdiyi 12 saylı həbsxanada dustaqlar kameralarda yox, yataqxana tipli baraklarda saxlanılır. Hər barakda da 40 məhbus olur. Onun sözlərinə görə, həbsxana rəhbərliyinin istifadə etdiyi məhbuslar da kifayət qədərdir. Xüsusilə onlardan siyasi məsələlərdə istifadə olunur.

«Azadlıq» qəzetinin narkotik saxlama ittihamı ilə 3 ilə yaxın həbsdə olmuş əməkdaşı Mirzə Sakit isə deyir ki, həbsdə şərlənmək elə də çətin məsələ deyil.
Mirzə Sakit
Mirzə Sakit deyir ki, o aclıq edəndə düz 15 məhbusu onun üstünə qaldırmışdılar:

«EYNULLANIN GÖDƏKCƏSİNƏ NARKOTİK QOYULUB. ÖZÜ DƏ DUSTAQ ƏLİYLƏ»

«Guya aclıq eləməklə mən onları narahat edirdim. Həbsxanalarda kifayət qədər elə adamlar var. O adam da elə adam olur ki, əvvəlcədə ora düşünülmüş şəkildə atılır. Axşam yatanda hər bir dustaq ayaqqabısını çıxarıb öz çarpayısının ayaq tərəfində qoyur. Gödəkcələri asmaq üçün də xüsusi bir yer var. Gödəkcəni də ordan asırsan. Adam yuxuya gedəndən sonra ayaqqabısını aparıb kənarda da qoya bilər. O narkotik maddə elə bir cüzi miqdardadır ki, ayaqqabının burnunda nəsə olmasını hiss eləməzsən. Eynullanın gödəkcəsinə narkotik qoyulub. Özü də dustaq əliylə. Çünki dustaqlar yatanda əməkdaşlar ora girib çıxmırlar».

«BU, SİYASİ SİFARİŞDİR»


Vəkili İsaxan Aşurov isə Eynulla Fətullayev üstünə narkotik atılmasını təxribat sayır, ittihamı rədd edir.

Hüquq müdafiəçisi Arzu Abdullayeva deyir ki, Eynulla Fətullayevə qarşı olan bu addım siyasi sifarişdir.

«Bu siyasi sifarişdir. Məqsəd də odur ki, cəmiyyətdə müqavimət olmasın. İqtidara qarşı kim qalxırsa, o cəzalandırılır ki, başqalarına da ibrət olsun».

Penitensiar Xidmət İdarəsi dekabrın 29-da səhər saatlarında Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsinin astar hissəsindən 0,223 qram heroin tapılması haqqında məlumat yayıb.

Qaradağ Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır. Araşdırma nəticəsində narkotik maddələrin cəzaçəkmə müəssisəsinə necə keçirilməsi müəyyənləşdiriləcək. Əgər Eynulla Fətullayevin təqsiri sübuta yetirilsə, onun cəzasının üstünə 3 ilədək əlavə cəza gələcək. Bundan əvvəl jurnalist 8 il yarım cəza alıb. «Beynəlxalq Amnistiya» təşkilatı onu vicdan məhbusu elan edib.

MÖVZU İLƏ BAĞLI FİKİRLƏRİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG