Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:51

Bənənyarlıları həbsdən də azad etdilər, işdən də…


Bənənyar kəndi
Bənənyar kəndi
Bənənyar kəndində baş verən son hadisələrdən sonra işdən çıxarılanlar var.

Bu barədə AzadlıqRadiosuna məlumat verən adının çəkilməsini istəməyən kənd sakini deyir ki, həm rayon mərkəzində, həm də Bənənyarın özündə, orta məktəbdə işləyən bir neçə müəllim və texniki işçi tutduğu vəzifədən uzaqlaşdırılıb:

«Səbəb budu ki, niyə uşaqlarınız və ya qohumlarınız bu hadisələrdə olub. Buna görə işdən çıxarılıblar».

İŞDƏN ÇIXARILANLAR XOF İÇİNDƏDİR?

İşdən çıxarıldığı bildirilən müəllimlərin bəziləri danışmaqdan imtina etdilər, digəri isə məlumatın yalan olduğunu söylədi. Amma onlardan biri dedi ki, üç müəllim, iki texniki işçi olmaqla onları məktəbə buraxmırlar:

- Deyiblər ki, məktəbə gəlməyin. Biz də getmirik. Buraxmırlar bizi.

- Əmrinizi veriblər?

- Yox, verməyiblər. Mən şikayətçi deyiləm. Nə eləyiblərsə... qorxuram, danışmaq istəmirəm.

RƏSMİLƏR TƏKZİB EDİR…

Naxçıvan Muxtar Respublikanın Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə məsləhətçi Mayıl Bayramov isə onlarda belə məlumat olmadığını söylədi və bizi əmin etdi ki, məsul əməkdaşlara bu haqda məruzə edəcək.

Naxçıvan Ombudsman Aparatının əməkdaşı Babək Hacıyev də dedi ki, məsələdən xəbərsizdilər. O, işdən çıxarılanların taleyi ilə maraqlanacaqlarını söylədi:

- Bizə niyə özləri şikayət eləmirlər?

- Qorxurlar. Heç kimə şikayət eləmirlər.

- Biz bu məsələni araşdırarıq…

Sülh və Demokratiya İnstitutunuun rəhbəri Leyla Yunus isə işdən çıxarılanların hələ də qorxu içərsində gözləmələrini düzgün saymır:

«Gərək hər kəs öz hüququnu müdafiə eləsin ki, hüquq müdafiə təşkilatları da ona dəstək versinlər. Əgər adam qorxursa, biz neyləyə bilərik. Biz uzaqbaşı onların adlarını hesabatlarımıza salacağıq».

Leyla Yunus təklif edir ki, işdən çıxarılanlar məhkəməyə, ombudsmana müraciət etsinlər və mətbuat konfransı keçirməklə öz problemlərini ictimailəşdirsinlər.
XS
SM
MD
LG