Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:02

Eynulla Fətullayevin üzləşdikləri işgəncədirmi?


Eynulla Fətullayev
Eynulla Fətullayev
«Eynullanın üzərinə narkotik maddənin atılması, onun pəncərəsiz karserə salınması, orada bir gün ac-susuz saxlanması, əyninə cırıq, bitli bir paltarın geyindirilməsi də elə işgəncədir də. Sonra da onun xəstə anasına zəng edib deyirlər ki, Eynullanın üstündən narkotik tapılıb. Bundan sonra Eynullanın anasının ürəyi gedib. Bu məgər işgəncə deyil?»

Bunu «Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərinin baş redaktoru, 8 il 6 ay azadlıqdan məhrum edilən Eynulla Fətullayevin atası Emin Fətullayev deyir. Ötən il dekabrın 29-da üzərində narkotik maddənin aşkarlandığı bildirilən Eynulla Fətullayev cərimə otağına salındıqdan sonra, işgəncələrə məruz qalması ilə bağlı prokurorluğa müraciət etmişdi. Yanvarın 28-də isə Bakı Şəhər Prokurorluğu məlumat yayaraq Eynulla Fətullayevin işgəncələrə məruz qalması ilə bağlı iddiaları rədd etmişdi. Jurnalistin atası Emin Fətullayev isə əksinə, oğluna cərimə otağında yaradılan şəraiti işgəncə hallarından fərqləndirmir.

Respublika Prokurorluğu isə Eynulla Fətullayevin atasının son açıqlamaları ilə bağlı hər hansı bir izahat vermir. Hər halda dəfələrlə cəhd göstərsək də bu qurumun mətbuat xidmətindən bizə əlavə heç nə demədilər.

BMT KONVENSİYASI İLƏ EYNULLA FƏTULLAYEVİN ÜZLƏŞDİKLƏRİ İŞGƏNCƏDİRMİ?


Elçin Behbudov
İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov deyir ki, BMT konvensiyasına görə də Eynulla Fətullayevin cəza otağında üzləşdiklərini mənəvi işgəncə saymaq olar. Hüquq müdafiəçisi qeyd edir ki, işgəncə deyiləndə təkcə hüquq mühafizə əməkdaşlarının məhbusdan zorla ifadə almaları nəzərdə tutulmur:

«Əgər insan normal şəraitdə saxlanmırsa, otağın pəncərəsi yoxdursa, işıqlanması yoxdursa, döşəmə betondursa, bu da işgəncənin bir növüdür. Bunu mənəvi işgəncə də, psixoloji işgəncə də saymaq olar.

Hüquq müdafiəçisi cərimə otaqları ilə bağlı beynəlxalq standartları da yada salır:

CƏRİMƏ OTAQLARI NECƏ OLMALIDIR?

«Cərimə otaqlarının döşəməsi taxtadan olmalıdır. Onun normal işıqlanması olmalıdır. Çünki məhbus kitab oxumaq istəyə bilər. Əgər o gecəni bu otaqda keçirəcəksə, ona normal yataq dəsti verilməlidir. Üstəlik otaq 4 kvadratmetrdən kiçik olmamalıdır».

Elçin Behbudov deyir ki, Eynulla Fətullayevə narkotik maddə saxlamaqla bağlı əlavə ittiham irəli sürdükdən sonra onunla görüşə bir neçə dəfə cəhd göstərib. Ancaq müxtəlif bəhanə ilə onun jurnalistlə görüşünə icazə verilməyib. Hüquq müdafiəçisi hesab edir ki, jurnalistin narkotik maddə saxlaması ilə bağlı irəli sürülən ittihamın isə heç bir əsası yoxdur.
XS
SM
MD
LG