Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:32

Polisə müqavimət göstərən dindarlara cinayət işi açılıb


Səkkiz dindara qarşı polisə müqavimət göstərdiklərinə və xəsarət yetirdiklərinə görə cinayət işi açılıb. Bunu AzadlıqRadiosuna fevralın 13-ü bir qrup dindarın Bakıda keçirdiyi aksiyada iştirak etmiş və hazırda azadlıqda olan etirazçılar deyiblər.

Aksiya iştirakçısı - İslam Partiyası Gənclər Təşkilatının sədr müavini Bilal Əhmədovun AzadlıqRadiosuna verdiyi məlumata görə isə, saxlananlardan bir neçəsinə 5-8 günlük həbs cəzası verilib.

Bir qrup dindarla polis arasındakı qarşıdurma fevralın 13-ü Bakıda baş verib. Dindarlar Məhəmməd peyğəmbərin ölüm günü və Xocalı faciəsi ilə əlaqədar Şəhidlər Xiyabanına yürüş edib, əklil qoymaq istəyiblər.

Polis əvvəl «Nizami» metrosundan başlayan yürüşün heç bir şüar səsləndirmədən ara küçələrdən keçməsinə icazə verib. Sonradan dindarların «Allahu Əkbər!», «Hər gün Aşura, hər yer Kərbəla!» və digər şüarlar səsləndirməsi polislə toqquşmaya səbəb olub. Dindarlar polisə daş atıb, polis dəyənəklərdən istifadə edib.

Aksiyanın keçirildiyi gün rəsmi məlumatda 15 nəfərin saxlandığı deyilirdi. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov AzadlıqRadiosuna deyib ki, bu gün istirahət günü olduğundan saxlananlar barədə məlumatı yoxdur. Yasamal Rayon Polis İdarəsi də saxlananlar barədə məlumat verməkdən imtina etdi.
XS
SM
MD
LG