Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:34

Doğrudanmı «Eurovision»a 10 milyon avro xərclənib?


Səfurə Əlizadə «Eurovision» səhnəsində
Səfurə Əlizadə «Eurovision» səhnəsində
Rusiyanın «Komsomolskaya pravda» qəzetinin yazdığına görə, Azərbaycan «Eurovision 2010» yarışmasına bu il 10 milyon avro, bütün iştirakçılardan daha çox pul xərcləyib. Rusiya müsabiqəyə 30 min dollar, Moldova isə hamıdan az - 1000 avro ayırıb.

Qəzet yazır ki, Səfurənin mavi rəngli paltarının sinəsinə və ətəyinə Svarovski daşları və minlərlə kiçik lampalar tikilib ki, müəyyən anda onlar yanmalıdır. Üstəlik, paltar məsafədən idarəetmə pultunun köməyi ilə «açıla» və zərif mavi rəngdən al qırmızı rəngə keçə bilir.

Səhnənin tərtibatı da kifayət qədər pafosludur - Azərbaycan komandası mahnının dramatikliyini «su» motivləri ilə vurğulamağı qərara alaraq, səhnədə işıq-diod elementləri ilə su və okeanın əksinin yayımlayan podiumlar quraşdırıb.

İSMAYIL ÖMƏROV: «EUROVİSİON»A DÖVLƏT BÜDCƏSİNDƏN VƏSAİT AYRILMAYIB»

Azərbaycan tərəfdən müsabiqəsinin təşkilatçısı İctimai Televiziyanın (İTV) direktoru İsmayıl Ömərov AzadlıqRadiosuna müsahibəsində deyir ki, bu məqaləni yazmaqda «Komsomolskaya pravda»nın məqsədi
İsmayıl Ömərov
Azərbaycanı gözdən salmaqdır:

«Biz bilirik bu məqalə haradan qaynaqlanır, bu Azərbaycanla düşmənçiliyi olan ayrı-ayrı qüvvələrin sifarişləridir».

Amma İsmayıl Ömərov yarışmaya nə qədər pul xərcləndiyini açıqlamır, indi xaricdə olduğunu, Bakıya qayıdan mətbuat konfransında açıqlama verəcəyini bildirir. Bəs, yarışma üçün vəsait dövlət büdcəsindən ayrılıbmı?

«Xeyr, dövlət büdcəsindən heç bir vəsait ayrılmayıb, hamısı İctimai Televiziyanın xərcləridir və sponsorların ayırdıqları vəsaitdir, biz bu haqda açıqlama vermişik və verəcəyik yenə də».

BÜDCƏDƏ SİRLİ QALAN «SAİR XƏRCLƏR»

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, bu cür müsabiqələrə ayrılan vəsaitin məbləği açıqlanmalı, şəffaflıq olmalıdır. A.Mehtiyev şübhə edir ki, müsabiqəni dövlət büdcəsi yox, sponsorlar maliyyələşdirib:

Azər Mehtiyev
«Adətən sponsorlar hansısa vəsait ayıranda özlərinin reklamını da tələb edirlər. Biz bunu müsabiqədə görmədik. Belə olan halda inanmıram ki, hansısa özəl biznesi olan iş adamı öz xoşuyla, heç bir təzyiq olmadan belə müsabiqəyə sponsorluq etsin».

Azər Mehtiyev deyir ki, dövlət büdcəsinin layihəsində «sair xərclər» kimi ümumi bir bənd var və Nazirlər Kabinetinin sərəncamı ilə həmin maddə altında vaxtaşırı büdcədən vəsait çıxarılır, amma həmin pulun hara xərcləndiyinə heç cür nəzarət etmək mümkün olmur, çünki Milli Məclisdə aparılan büdcə müzakirələrində də «sair xərclər»in detalları açıqlanmır.

UKRAYNA HÖKUMƏTİ «EUROVİSİON»A BİR QƏPİK DƏ XƏRCLƏMƏYİB

Ukraynada «Eurovision» yarışmasının təşkilatçısı Valid Arfuş AzadlıqRadiosuna müsahibəsində bildirir ki, bu müsabiqə üçün hökumətə müraciət etsələr də, Ukrayna hökuməti maliyyələşmədən imtina edib:

Tahir Məmmədli
«Bizə dedilər ki, hökumətin çoxlu qayğıları var, pul verə bilmərik. Müğənninin öz prodüseri 200 min dollara yaxın vəsait tapdı sponsorlardan».

İctimai Televiziyanın mətbuat xidmətinin rəhbəri Tahir Məmmədli isə AzadlıqRadiosuna deyir ki, heç bir ölkə «Eurovision»a ayırdığı vəsaiti açıqlamadıqları üçün onlar da açıqlama vermirlər.

Azərbaycanın mahnısı «Eurovision 2010» yarışmasında 5-ci yeri tutub. Keçən ilki ifa 3-cü yeri qazanmışdı.

«EUROVİSON-2010» MÜZAKİRƏLƏRİNƏ QATILMAQ ÜÇÜN FORUMA DAXİL OL
XS
SM
MD
LG