Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:20

«Sərbəst toplaşmaq problemini kökündən həll etmək lazımdır»


Əli Kərimli
Əli Kərimli
ATƏT-in Bakı bürosunun rəhbərliyi mitinq və aksiyalar üçün yeni yerlər ayrıldığını, şəhər icra hakimiyyəti isə hansı siyahıdan söhbət getdiyindən xəbərsiz olduğunu bildirir. Müxalifət düşərgəsi isə mitinqlər üçün onlara əvvəl aksiyalar üçün açıq olan yerlərin qaytarılmasını təkidlə tələb edir.

AXCP sədri Əli Kərimli deyir ki, onlar hər dəfə aksiya üçün ünvanladıqları məktuba cavab alanda onun bir surətini də beynəlxalq təşkilatlara göndərirlər. Onun sözlərinə görə, şəhər rəhbərliyinin onlara təklif etdiyi yerlərin aksiya üçün yararlı olmadığını beynəlxalq təşkilat rəhbərləriylə, ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorellə də müzakirə ediblər.

Bilge Cankorel bir necə gün öncə jurnalistlərə bildirib ki, şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşüb və icra başçısı ona yeni bir siyahı göstərib. Bu siyahıda isə kütləvi aksiyaların keçirilməsi üçün nəzərdə tutulan bəzi yerlərin adları çıxarılıb, əlavə bəzi yerlər daxil edilib.

MÜXALİFƏT KÜTLƏVİ AKSİYALAR ÜÇÜN ŞƏHƏR MƏRKƏZLƏRİNİ TƏLƏB EDİR

Əli Kərimli deyir ki, onların hansı yerlərdən söhbət getdiyindən xəbərləri yoxdur, amma müxalifət kütləvi aksiyalar üçün şəhər mərkəzlərini tələb edir:

- Əvvəla Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclisin 200 metrliyində aksiyalar keçirmək istəyirik. «28 May», «Nərimanov», «Gənclik» metrostansiyalarının yaxınlığındakı meydanlar, o cümlədən, Füzuli meydanı, Səməd Vurğun bağı, Cavid bağında kütləvi aksiya keçirmək üçün müraciət
Bakı Şəhər İcra Hakimiyyəti
etmişik.

İyunun 12-də şəhər mərkəzindəki ərazilərin birində mitinq keçirmək istəyinə «yox» cavabı almış Müsavat Partiyasının funksioneri Arif Hacılı hesab edir ki, əgər Cankorelə siyahı göstərilibsə, onda Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunda bu yerlər də onlara təklif olunardı. Amma yenə də Səbail rayonundakı Bibiheybət stadionu göstərilib.

ŞƏHƏR RƏHBƏRLİYİNİN KÜTLƏVİ AKSİYALAR ÜÇÜN AYIRDIĞI YERLƏR QÜVVƏSİNDƏDİR

Bakı Şəhər İcra Hakimiyyətinin siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanov isə hansı yeni siyahıdan söhbət getdiyini bilmir. AzadlıqRadiosuna açıqlamasında Ramazanov dedi ki, 2008-ci ildən bəri şəhər rəhbərliyinin kütləvi aksiyalar üçün ayırdığı yerlər qüvvəsindədir və onlara yeniləri əlavə olunmayıb. O, Bilge Cankorellə Abutalıbovun görüşündən və orda gedən söhbətdən də xəbərsiz olduğunu söylədi.

Hüquqşünas Fuad Ağayev isə deyir ki, əslində «Sərbəst toplaşmaq haqqında» qanun şəhərin mərkəzində kütləvi aksiya keçirməsini məhdudlaşdırır. Çünki qanunvericiliyə görə, dövlət obyektlərinin 200 metrliyinə qədər, tikinti gedən yerlərdə, tunellərdə, metropoliten olan yerlərdə kütləvi aksiya keçirilməsi qadağan edilə bilər:

ŞƏHƏRİN MƏRKƏZİNDƏ HƏR YERDƏ TİKİNTİ GEDİR


«Sərbəst toplaşmaq haqqında» qanun şəhərin mərkəzində kütləvi aksiya keçirməsini məhdudlaşdırır
- Lupa götürüb Bakının xəritəsində yer axtarsaq da tapmayacağıq. Şəhərin mərkəzində hər yerdə tikinti gedir. Heç piyada gəzə bilmirsən şəhəri.

Fikrini öyrəndiyimiz Bakı sakinlərinin də əksəriyyəti hesab edir ki, kütləvi aksiyalar şəhərin mərkəzi hissələrində keçirilməlidir ki, camaat gedə bilsin, aksiyadan xəbəri olsun:

GƏRƏK MƏRKƏZDƏ OLSUN

- Əlbəttə, gərək mərkəzdə olsun. Biləsən ki, burda mitinq var.

- Məncə, camaat istəsə, kənara da gedər.

- Mitinqin əhəmiyyəti həm də mərkəzdə kecirilməsidir.

AXCP sədri Əli Kərimliyə görə, sərbəst toplaşmaq problemini köklü həll etmək lazımdır, «orda olar, burda olmaz» prinsipiylə yox. Onun fikrincə, şəhər icra hakimiyyətinin qəti şəkildə qadağan edə biləcəyi yerlər var, məsələn, Dənizkənarı Park, «Torqovı» deyilən Nizami küçəsi. Belə bir qadağayla onlar da razılaşar, ancaq digər yerlər kütləvi aksiyalar üçün açıq olmalıdır.
XS
SM
MD
LG