Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:00

«Göygölü İlham Əliyev zəbt edibmiş»


Prezident İlham Əliyev
Prezident İlham Əliyev
«Göygölü İlham Əliyev zəbt edibmiş». «Demokrat» qəzetinin baş yazısı belə adlanır. Məqalədə deyilir ki, ölkənin az qala bütün səfalı rayonlarında İlham Əliyevin min hektarlarla torpağı və dəbdəbəli imarətləri var:

«Əlimizə keçən faktlar sübut edir ki, xalqın sərvəti olan Göygöl yalnız bir nəfərin istifadəsinə verilib. Göygölü də İlham Əliyev zəbt edibmiş. Ölkə başçısı burada özünə iqamətgah tikdirir.

«Göygöldə İlham Əliyev üçün tikilən nəhəng villanın inşasında çalışan 150 fəhlə girov saxlanılır. Bura sanki konslagerdir. Heç kəsi nə içəri, nə də çölə buraxırlar. Artıq beş aydır ki, fəhlələrin və ustaların əməkhaqqı verilmir. Səsimizi eşidən, tələblərimizə məhəl qoyan yoxdur. İş o yerə çatıb ki, fəhlələrdən biri özünü yandırmaq istədi. Onun əlindən benzin «butılka»sını zorla aldıq».

Qəzet yazır ki, bu məlumatı redaksiyaya Göygöldə İlham Əliyev üçün inşa edilən iqamətgahda işləyən fəhlələrdən biri verib. Fəhlə redaksiyaya iqamətgahın fotoşəkillərini və videomateriallar təqdim edib.

«Yeni Azərbaycan» qəzeti isə yazır ki, prezident İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Memarlıq və İnşaat Universitetinin binasının əsaslı təmiri və yenidən qurulması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə üç milyon manat məbləğində vəsait ayrılıb.

«Azərbaycan» qəzetinin baş yazısı da prezident haqqındadır. «135 illik tarixin salnaməsi – Azərbaycan mətbuatı» adlanan məqalədə deyilir ki, İlham Əliyev dövalət başçısı kimi fəaliyyətə başladığı ilk aylardan dünyəvi demokratik dəyərlərə, o cümlədən söz və mətbuat azadlığına özünün sədaqətini nümayiş etdirdi.

«Azadlıq» qəzeti isə yazır ki, Silahlı Qüvvələrə Yardım Fonduna məcburi pul yığılmasına heç bir qurum aydınlıq gətirmək istəmir. «Silahlı soyğun» tapşırığını kim verib?» sərlövhəli yazıda büdcə və özəl təşkilatlardan Silahlı Qüvvələr Yardım Fonduna məcburi şəkildə pul yığılmasının davam etdiyi bildirilir. Məqalədə deyilir ki, bu məqsədlə büdcə təşkilatlarında çalışanların əməkhaqlarından 1 faiz tutulur. Özəl sektorda çalışanlardan isə 40-200 manat tələb edilir.

«Yeni Müsavat» qəzeti isə sabiq səhiyyə naziri Əli İnsanovun planlarından yazır. Qəzet bildirir ki, İnsanovla müxalifəti təmsil edən qüvvələr arasında danışıqlar başlayıb. Cənab İnsanov demokratik düşərgə liderlərinə «narazı elektoratı birləşdirin» mesajı göndərib.
XS
SM
MD
LG