Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:58

Müsavat-AXCP birliyi: Kim nə fikirləşir?


Mehriban Vəzir
«Müsavat- AXCP birliyinə şübhəm var».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında tanınmış jurnalist Mehriban Vəzir deyib. O bildirib ki, bu proseslərə nikbin yanaşmaq istəsə də, vəziyyəti bildiyindən ümidli deyil:

YENƏ DƏ EQOMUZ ÖNDƏDİR

«Mütləq birlik olmalıdır. Amma vəziyyəti bir qədər, azdan-çoxdan bildiyimdən, çox da ümidli deyiləm. Hər dəfə biz görürük, şahidi oluruq ki, mənafelər ortalığa çıxır. Hər kəsin eqosu, hər kəsin mənliyi var. Bu, çox mühüm bir şeydir. Amma söhbət vətəndən, millətdən, demokratiyadan, Qarabağdan gedəndə bizim eqomuz, mənliyimiz, şəxsiyyətimiz arxa plana keçməlidir. Mən uzun müddətdir belə bir fəaliyyəti müşahidə edə bilmirəm. Görürəm ki, yenə də eqomuz öndədir».

«Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov isə deyib ki, bu iki partiyanın birləşməsinə müsbət baxmaq lazımdır:

BƏZİLƏRİ BAŞLAYIR MIZ QOYMAĞA

«Burada sözsüz kənardan müdaxilələr olacaq. Xüsusən də parlament seçkilərində hakimiyyət çalışacaq yenidən bu iki partiyanı üz-üzə qoysun. Ona görə də mən hesab edirəm ki, biz bu təşəbbüsə çox müsbət yanaşmalıyıq və mənəvi dəstək verməliyik.
Eldar Namazov
Bəziləri başlayır mız qoymağa. Mən mətbuatda bunu görmüşəm. Bu, düzgün yanaşma deyil və prosesə müsbət baxmaq lazımdır».

Eldar Namazov bildirib ki, partiyalar iradəli olsalar daha yaxşı nəticələr əldə etmək mümkündür:

«Yaxşı nəticə mən ona deyirəm ki, bir- birinə yaxın olan partiyalar birləşir, milli demokratik adlanan düşərgənin həqiqətən də bir nüvəsi formalaşır. Ən azı bu baş versə, artıq müsbət bir hadisədir. Və Azərbaycanda gedən proseslərə də, o cümlədən demokratiya uğrunda mübarizəyə də çox müsbət təsir göstərən bir prosesdir. Bundan da çox böyük uğur ola bilər. Əgər bütün demokratik düşərgə, yalnız onun milli demokratik hisssəsi yox, bir araya gələ bilsə bu böyük uğur ola bilər».

ALQIŞLAYIRAM

Musa Yaqub
Şair Musa Yaqub da bu prosesi alqışladığını deyib:

«Mənim həmişə bir nisgilim olub ki, müxalifət partiyaları birləşmirlər, birgə mübarizə aparmırlar. Mən bunu alqışlayıram».

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı hər şeyi zamanın öhdəsinə buraxmağı məsləhət bilsə də, nikbin olduğunu deyib:

HADİSƏLƏRİ SÜRƏTLƏNDİRMƏK, TƏLƏSDİRMƏK LAZIM DEYİL

«Biz uzun müddətdir ki, belə demək mümkünsə 2005-ci ildən bu iki partiyanın bir arada olması zərurətinin, əsas aparıcı müxalifət partiyası olması ideyasının həyata keçməsi istiqamətində hansısa bir addımların atılmasına çalışmışıq. Hesab edirəm ki, bizim bu istiqamətdə səylərimiz uğurla nəticələnməkdədir. Yəni ki, mən düşünürəm ki, hadisələri sürətləndirmək, tələsdirmək lazım deyil. Çox maraqlıdır ki, illər ərzində hadisələri ləngidən insanlar indi birdən-birə hadisələri tələsdirmək xətti götürüblər. İstər hadisələri ləngitmək, istər hadisələri tələsdirmək mənə elə gəlir ki, ümumi proseslərin ziyanınadır.
Arif Hacılı
Biz Azərbaycandakı demokratik qüvvələrin, real müxalifət hesab etdiyimiz qüvvələrin bir araya gəlməsi konsepsiyasını irəli sürmüşük. Və bu konsepsiyanın həyata keçirilməsindən ötrü əlimizdən gələni edəcəyik. Hesab etmirəm ki, bu partiyaların inteqrasiyası məsələsində kimlərinsə ambisiyasının hansısa rolu olacaq. Çünki ambisiya zamanı deyil. Sadəcə, əgər birləşmiş bir partiya yaranacaqsa, bu partiyanın müsavatçı olması zəruridir. Bu partiyanın Azərbaycanda demokratiya və insan haqları işinə sədaqəti zəruridir. Və mən fikirləşmirəm ki, Müsavat Partiyasının və ya birləşmiş, indi dəbdə olan terminlə desək superpartiyanın yaranması və fəaliyyəti onun üzvlərindən, onların iradəsindən asılı olacaq. Mən gələcəyə nikbin baxıram».

İSA QƏMBƏRİN ÇIXIŞI ƏTRAFINDA MÜBAHİSƏLƏR

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə İsa Qəmbərə istinad edərək heç kimin bu prosesi sürətləndirmək və tələsdirmək istəmədiyini dedi:

«Mən hesab etmirəm ki, İsa bəy hadisələri tələsdirir və sürətləndirir. Çünki İsa bəy bildirdi ki, seçkidən dərhal sonra bizim qurultayımız keçiriləcək və o qurultayada birləşmiş Xalq Cəbhəsi ilə
Fuad Qəhrəmanlı
Müsavat Partiyası öz yeni başqanını seçməlidir».

Arif Hacılı:

«Bilirsiniz İsa bəyin həmin çıxışı mənim 30 santimetrliyimdə olub və həmin çıxış YouTube-da, internet məkanında kifayət qədər geniş şəkildə yayılıb. Və hesab edirəm ki, İsa bəyin çıxışını təhrif etmək və bu çıxış ətrafında spekulyasiyalar aparmaq heç də inteqrasiyaya xidmət etmir. Fuad bəyə məsləhət görürəm ki, o çıxışa diqqətlə baxsın».

Fuad Qəhrəmanlı:

«Mən də o tədbirdə iştirak etdim və İsa bəyin fikirlərini dinlədim. Söhbət ondan gedir ki, bəzi şəxslər hansısa iddiaları ilə bu prosesə mane olmaq istəyirlər. Ancaq bu gün Xalq Cəbhəsində və Müsavat rəhbərliyində böyük əksəriyyət dərk edir ki, doğrudan da müxalifət dövru uzandıqca bu adamların heç biri öz siyasi karyeralarını, siyasi iddialarını gerçəkləşdirə bilməyəcək. Ona görə də kimlər ki, hansısa dolayı yollarla, üstüörtülü ibarələrlə, qeyri-leqal təlimatlarla mane olmağa çalışacaqlar, bu adamlar prosesin təkəri altında qalacaqlar və hər iki partiyada siyasi etimadı itirəcəklər. Çünki bu prosesə mane olmaq, mən hesab edirəm ki, bilərəkdən və bilməyərəkdən hakimiyyəıtin dəyirmanına su tökmək deməkdir».


/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG