Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:44

Niyə Azərbaycan həbsxanalarında TV var, radio yox?


Bakıda 6 saylı həbsxana
Bakıda 6 saylı həbsxana
- Həbsxanada 100 nəfərlik barakda tualet 6 dəlikdən ibarət bir otaqdır. Dəliklər arasında arakəsmə də yoxdur. Ehtiyac böyük, imkanlar isə az olduğundan böyük növbə olur. Ona gorə də 6 nəfər eyni vaxtda təbii ehtiyaclarını ödəməli olur. Məkan, vaxt, gördükləri iş onları birləşdirir. Fərqi yoxdur, kimin bu andan sonra və ya əvvəlki dəyərləri nədir, kim neçə dil bilir, kim yazib-oxumaği bacarır, ya bacarmır. Bu da həbsxanada bizi birləşdirən dəyərdir.

Bu obrazlı şikayət-etirafı hazırda həbsxanada olan məhbuslardan biri söyləyib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə deyir ki, cəzaçəkmə müəssisələrində sanitar qovşaqlarında mövcud problemlər aradan qaldırılıb, hətta tez-tez təmir olunur, əyər-əskiyi düzəlir. Ona görə də bu cür şikayətin obyektivliyinə şübhə edir.

ƏL-ÜZ YUMAQ ÜÇÜN UZUN NÖVBƏ


HAŞİYƏ:
  • Bloqqer Adnan Hacızadənin iyulun 26-dakı məhkəməsində vəkil İsaxan Aşurovla 14 saylı cəzaçəkmə müəssisəsinin tərbiyə işlərinin təşkili üzrə şöbəsinin rəis müavini Natiq Hacıyev arasındakı dialoqdan:
    İsaxan Aşurov: Natiq, sizin həbsxanada yayda havanın temperaturu nə qədər olur?
    Natiq Hacıyev: Dəqiq deyə bilmərəm, Allahın işidir, nə qədər məsləhət görürsə, o qədər də temperatur olur.
    İsaxan Aşurov: Adnan, həbsxanada temperatur nə qədər olur?
    Adnan Hacızadə: 43 dərəcə!
Yenicə məhbus həyatından ayrılan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid isə deyir ki, saxlandığı həbsxanada 60-100 nəfər üçün bir əlüzyuyan varıydı:

- Səhər əl-üz yumaq üçün uzun bir növbə yaranırdı. Santiar qovşaqları isə çox pis bir vəziyyətdə idi.

Hollandiya həbsxanasında məhbusun şəxsi istifadəsində nəinki televizoru, hətta kompyuteri də var. Bəs Azərbaycan məhbusunun nəyi var? Mehman Sadıqov deyir ki, onlar ildən-ilə həbsxanada saxlanma şəraitini yaxşılaşdırmağa çalışırlar, o cümlədən infrastruktura da diqqət yetirirlər. Amma Azərbaycanda müxtəlif tipli cəzaçəkmə müəssisələri olduğu üçün hər birinin özəlliyi var:

ONLARIN GÜN ƏRZİNDƏ 6 SAAT TELEVİZORA BAXMAQ HÜQUQU VAR

Qənimət Zahid
- Qobustan qapalı tipli cəzaçəkmə müəssisəsidir. Orda kameralardır. Ömürlük məhbusların kamerasına televizor qoyulub. Onların gün ərzində 6 saat televizora baxmaq hüququ var. Televizorların yandırılıb söndürülməsi mərkəzi şəbəkə vasitəsilə aparılır.

Mehman Sadıqov deyir ki, açıq tipli cəzaçəkmə müəssisələrində isə dustaqlar yataqxanalarda saxlandığı üçün hər birinə televizor ayırmaq mümkün deyil, onlar mavi ekrana yalnız həbsxanadakı klublarda baxa bilərlər:

- Klublarda 2-3 televizor var. Kompyuterə gəlincə, həbsxanalarda kompyuter salonları var, hətta kompyuter kursları da var. Sertifikat da veririk ki, azadlığa çıxanda istifadə edə bilsinlər.

Qənimət Zahid isə kompyuterin harda saxlandığını belə görməyib:

MƏNƏ ÇATMIR Kİ, TELEVİZOR VAR, AMMA RADİO YOXDUR

- Bəlkə də var, amma komissiyalar üçündür, gələndə göstərsinlər. Televizor isə var, amma mənə çatmır ki, televizor var, amma radio yoxdur, hətta içəri keçirməyi qadağan ediblər.

İnternetdən istifadə isə qanunla qadağandır. Bunu Mehman Sadıqov deyir. Onun sözlərinə görə, bu qadağa əsasən kibercinayətkarlıqla bağlıdır.

Bəs yemək-içmək? Mehman Sadıqov deyir ki, Nazirlər Kabinetinin xüsusi qərarı əsasında məhbusun yemək norması müəyyən olunub və bunun da çərçivəsində menyu tərtib olunur:

RESTORAN YEMƏYİ DEYİL, AMMA…

- Müxtəlif çeşidli yeməklər hazırlanır. Səhər, günorta, axşam menyuya uyğun. Düzdür, restoran yeməyi deyil, amma məhkumun fiziki durumunu normal vəziyyətdə saxlaması üçün çox yaxşı bir qidadır.

Müşfiq Hüseynov
Həbsxanada bir müddət cəza çəkmiş başqa bir jurnalist Müşfiq Hüseynov isə mətbuatda yazıb ki, Nazirlər Kabinetinin qərarına uyğun yemək verilməsini görməyib. Məsələn, Müşfiq Hüseynov məqaləsində yazır ki, məhkumlara bir sutka ərzində 1-ci növ buğda unundan 700 qram çörək verilməlidir. Bu miqdar əla növ undan bişirilmiş 595 qram çörəklə əvəz edilə bilər. Amma məhkumlara verilən çörəyin növünü təyin etmək mümkün deyil, o «münbit qaratorpağı» xatırladır.

NORMADAN ARTIQ MAKARON...


Müşfiq Hüseynov adi günlərdə düyü, yarma görmədiyini, normadan artıq makaron verildiyini, yeməklərin çiyid yağında bişirildiyini, kartofun isə normadan xeyli az verildiyini yazır.

Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət üzrə İctimai Komitənin üzvü Sahib Məmmədov isə hesab edir ki, Azərbaycan məhbusunun özünü avropalı məhbus kimi hiss eləməsindən danışmaq tezdir, çünki ölkə həbsxanalarında hələ ki, minimum Avropa standartları tətbiq olunur.

Hazırda Azərbaycan həbsxanalarında 20 minə yaxın məhbus var. Bir məhbusa çəkilən xərc barədə rəsmilər məlumat vermirlər, yalnız onu deyirlər ki, bu, Avropa göstəricilərindən fərqlənir.
XS
SM
MD
LG