Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:59

M.Brayzanın Bakıda səfir olması Komitədən keçdi


Metyu Brayza
Metyu Brayza
Sentyabrın 21-də ABŞ Senatının Xarici Əlaqələr komitəsinin işgüzar iclasında Metyu Brayzanın Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi təsdiq edilib. Senatın da qərarından sonra diplomatın Bakıda səfir kimi fəaliyyəti mümkün olacaq.

Xarici Əlaqələr Komitəsinin iclasında senatorlar Barbara Bokser və Robert Menendez bunun əleyhinə çıxıblar.

Kaliforniya senatoru Barbara Bokser xüsusi bəyanat yayaraq Metyu Brayzanın Azərbaycan və Türkiyəyə yaxınlığından narahat olduğunu, onun Bakıda səfir vəzifəsinə münasib namizəd olmadığını bildirib. Amerikanın Səsi radiosunun məlumatına görə senator Bokser bildirib ki, “cənab Brayza Azərbaycanın Dağlıq Qarabağa qarşı təcavüzünü pisləməkdən boyun qaçırıb.”

Bryazaya səs verməyəcəyini bəyan edən Nyu Cersi senatoru Robert Menendez isə fikrini onun “Azərbaycan ərazisində yerləşən erməni məzarlıqlarının dağıdılmasına adekvat reaksiya verməməsi” sözləri ilə ifadə edib. Həmçinin də Brayzaya irad tutub ki, o, “erməni soyqırımı”nı tanımayıb.

Səsvermədən öncə qısa bəyanat verən Massaçusets senatoru və Xarici Əlaqələr Komitəsinin sədri Con Kerri Metyu Brayzanın namizədlyini dəstəklədiyini bildirib. O, qeyd edib ki, cənab Brayza Dövlət Departamentindəki fəaliyyəti zamanı yüksək peşəkarlıq nümayiş etdirib və onun regionla əlaqədar qurduğu tanışlıqlar şəbəkəsi səfir funksiyasını yerinə yetirməyə xidmət göstərəcək. Eyni zamanda cənab Kerri əlavə edib ki, dövlət rəsmilərinin şübhə doğuran təmaslara daxil olması bəzi hallarda mübahisələrə yol açır ki, bu, anlaşılandır.

ABŞ prezidenti Barak Obama Brayzanı ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə bu ilin mayında namizəd verib. Amma avqustun 3-də məsələ Xarici Əlaqələr Komitəsində səsverməyə çıxarılarkən senator Barbara Bokser buna etiraz etmişdi. Buna görə səsvermə təxirə salınmışdı.

Metyu Brayza bu yaxınlaradək Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı, Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri vəzifəsində çalışıb. Bundan öncə cənab Brayza Ağ Evdə Milli Təhlükəsizlik Şurasında Avropa və Avrasiya şöbəsinin direktoru olub. O, həmçinin ABŞ prezidenti və Dövlət Katibinin Xəzər regionu üzrə xüsusi müşaviri vəzifəsini tutub.
XS
SM
MD
LG