Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:34

«Prezident axı belə deməmişdi...»


Sabirabadın Balahəşimxanlı kəndində builki Kür daşqınlarından ziyan çəkmiş 23 ailə heç cür yardım ala bilmir. Kənd sakini Sadəddin Həmidov deyir ki, onlar yardım üçün xeyli vaxtdır rayonla paytaxt arasında qalıblar, amma problemləri düzəlmək bilmir. Nun sözlərinə görə, 23 ailənin düzəlməyən problemi iki sözün bir-biri ilə əvəzlənməsindən keçir: “Kompensasiya” ilə “komissiya” sözlərinin.

Belə ki, zərərçəkənlər dəymiş ziyana görə kompensasiya istəsələr də, Sabirabad rayon İcra Hakimiyyətindən Fövqəladə Hallar Nazirliyinə göndərilən məktubda bu ailələrin təkrar komissiya tələb etdikləri bildirilir. Sadəddin Həmidov deyir ki, dəfələrlə paytaxta, Fövqəladə Hallar Nazirliyinə gedib-gələn sakinləri qəbul edən nazirlik nümayəndəsi İbrahim Quliyev onlara bildirib ki, rayon icra hakimiyyətindən göndərilən məktubda “kompensasiya” yazılmadığından belə bir yardımın ayrılması mümkün deyil:

“BİZƏ KOMPENSASİYA LAZIMDIR, KOMİSSİYA YOX”

“İbrahim Quliyev dedi ki, mən sizin şikayətiniz əsasında kəndinizdə də olmuşam, maraqlandım və istəyirəm həmin vəsaiti sizə verək, amma sizin rayon kompensasiya sənədini təsdiqləmir. Sizin nazirliyə verdiyiniz sənəd isə əsas sayıla bilməz. İndi bilmirik neyləyək? Çaş-baş qalmışıq. Necə yəni, mənim rayonumun böyüyü, rəhbəri əhalisinin kompensasiya almasını istəmir? Biz çox acınacaqlı vəziyyətdəyik. Hər şeyimizi itirmişik”.

Sadəddin Həmidov bildirir ki, gündəlik lazım olan adi ərzaq mallarını almağa belə pulları yoxdur. Əkin sahələri su altında, mal-heyvanı isə satıb qurtarıblar. İndiyə qədər götürdükləri nisyə malın pulunu verə bilmədiklərindən kənd mağazaları onlara ərzaq satmaqdan imtina edirlər:

“PREZİDENT AXI BELƏ DEMƏMİŞDİ...”

“Çadır şəhərciyində olanda biz prezidentin çıxışına qulaq asmışıq, onda prezident dedi ki, əhaliyə dəyən ziyan tam olaraq ödəniləcək. İndi prezidentin o sözünün qarşısında rayon rəhbərliyinin bizə qarşı belə laqeyd münasibəti bizi çox kədərləndirir. Özü də seçki ərəfəsində, məsuliyyətli dövrdə. Mən belə düşünürəm ki, bu, qəsdən yaradılmış bir məsələdir ki, xalqla hökumət arasında ziddiyyət yaransın”.

“Bir dənə də akt yazılmalıdır ki, evə ziyan dəyməsə də, həyətyanı sahəni su basıb”
Sadəddin Həmidov deyir ki, komissiya bir dəfə onların evlərinə baxıb və bu komissiyanın təkrar tələb edilməsi onlar üçün maraqlı deyil. Çünki təkrar komissiya yenə bu evlərə aid olacaq və nəticələri uzun çəkəcək. Onları isə bu gündən sabaha salamat çıxmaq maraqlandırır.

Balahəşimxanlı kənd icra nümayəndəsi Namiq Qurbanov isə deyir ki, hələ də kompensasiya almayanlar yalnız 23 ailədən ibarət deyil, daha çox adam yardım ala bilməyib. İcra nümayəndəsinin sözlərinə görə, təkrar komissiya ilə bağlı müraciəti rayon icra hakimiyyətinə o göndərib:

“Camaatın rəyi ilə də deyil axı. Birinci komissiya olmalıdır, sonra digər məsələlər”.

“BİR YOX, BEŞ BAŞÇI DA MƏKTUB YAZSA, BU, MÜMKÜN DEYİL”

Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini Ümid Həsənov də deyir ki, əvvəl komissiya olmalıdır, sonra kompensasiya verilməlidir:

“Əgər Nazirlər Kabinetinin təsdiq etdiyi komissiya bu məsələ ilə bağlı akt yazmasa, istəyir bir yox, beş başçı məktub yazsın, onlara pul ayrılmır. Komissiya evlərlə bağlı rəy verib, amma evinə ziyan dəyməyən, həyətinə su girən təsərrüfatlarla bağlı bir dənə də akt yazılmalıdır ki, evə ziyan dəyməsə də, həyətyanı sahəni su basıb. Komissiya bunu yazmayıb. Ona görə də bu, icra hakimiyyətlik iş deyil”.

“BÜDCƏDƏN AYRILAN 300 MİLYON TƏYİNATI ÜZRƏ XƏRCLƏNMƏYİB”

Daşqınlarla bağlı alternativ monitorinq aparan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının əlaqələndiricisi Oqtay Gülalıyev isə hesab edir ki, yaranmış narazılıq hökumət komissiyasının real qiymətləndirmə aparmamasından qaynaqlanır:

Oqtay Gülalıyev
“Çünki daşqınlar nəticəsində vətəndaşlara dəyən ziyanla bağlı obyektiv qiymətləndirmə aparılanda məlum olacaq ki, insanlara dəyən ziyan verilən kompensasiyanın həcmindən qat-qat çoxdur”.

Oqtay Gülalıyev deyir ki, daşqınların vurduğu ziyanın aradan qaldırılması üçün dövlət büdcəsindən ayrılan 300 milyon manat təyinatı üzrə xərclənməyib. Onun sözlərinə görə, real vəziyyəti qiymətləndirmək üçün hökumət vaxt keçmədən daşqınlardan zərərçəkən bölgələrə təkrar komissiyalar göndərməlidir.

Oqtay Gülalıyev həm də təklif edir ki, bu komissiyalarda ya vətəndaş cəmiyyətinin nümayəndələri, ya da yerlərdəki nüfuzlu insanların, icma rəhbərlərinin iştirakı təmin olunsun.

O.Gülalıyev düşünür ki, yalnız bu halda obyektiv nəticə ortaya çıxa bilər.

NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI

Daşqınlardan zərərçəkənlərə yardımların edilməsi ilə bağlı Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli, 197 saylı sərəncamı olub. Həmin sərəncama görə, 40 kvadratmetr ziyan dəyən evlərə 400 manat, 80 kvadratmetrə qədər olanlara 800 manat, bundan artıq zərərə görə isə 1000 manat vəsait nəzərdə tutulub. Bundan başqa, zərərçəkən ailələrin hər bir üzvünə 1600 manatı keçməmək şərtilə 200 manat maliyyə yardımı verilməsi nəzərdə tutulub.
XS
SM
MD
LG