Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:47

Dəyərindən 4-5 dəfə baha satılan ərzaq malları


Bakı bazarı, 14 mart 2011
Bakı bazarı, 14 mart 2011

PREZİDENT YUMURTANIN QİYMƏTİNİ ENDİRDİ, BƏS, BAŞQALARI?

21 yaşlı Bakı sakini Fərid Haqverdiyevə bu il yanvarın sonundan hökumətin apardığı korrupsiya əleyhinə kampaniyanın bir nətivə verdiyinə inanmır. Fikrini də belə izah edir: “Hər hər yerdə korrupsiyadır. Necə var idi, elə də qalıb, hətta qiymətlər daha da qalxıb. Yumurtanın qiymətini aşağı saldılar, amma bunun əvəzində şəkərin, yağın qiymətini qaldırıblar. Bu da son nəticə”.

Həmsöhbətimin bildirdiyi kimi prezident İlham Əliyevin yumurtanın süni şəkildə bahalaşmasından danışandan sonra onun pərakəndə satış qiyməti 25 qəpikdən 12-15 qəpiyə endirildi.

ƏRZAQ AZƏRBAYCAN SƏRHƏDİNİ KEÇƏNDƏ QİYMƏTİ CEYRAN BELİNƏ ÇIXIR...

Bu arada “Yeni Azərbaycan” qəzeti ölkəyə idxal olunan və idxal dəyərindən 4-5 dəfə baha satılan 17 növ ərzaq və kənd təsərrüfatı mallarının siyahısını dərc edib.

Siyahıda göstərilir ki, Azərbaycana 2 manat 20 qəpiyə gəlib çıxan kərə yağı 6 manata, 15 qəpiyə olan kartof 80-90 qəpiyə, 80 qəpiyə olan ərik qurusu 6 manata, 40 qəpiyə olan pomidor 1 manat 80 qəpiyə satılır.

Ölkələr üzrə konkret rəqəmlər də göstərilir, məsələn, qeyd olunur ki, Özbəkistandan gətirilən soğanın topdansatış qiyməti 15-17 qəpik olsa da, Azərbaycanda 90 qəpiyə satılır. Bundan başqa, Türkiyədən portağalın 1 kiloqramı Azərbaycana 78 qəpiyə gəlib çıxsa da ticarət mərkəzlərinin əksəriyyətində 2 manat 80 qəpik- 3 manata satılır.
Qəzetə görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı son iki ay ərzində təxminən 55 adda ərzaq mallarının qiymətlərinin dünyada 2-3 faiz bahalandığını bəyan etsə də Azərbaycanda bu bahalaşma 15-20, bəzən isə 40 faiz təşkil edir. Qəzet bunu süni bahalaşmanın nəticəsi sayır.

FƏRHAD ƏLİYEVİN BAŞINA BƏLA OLAN ƏRZAQ SİYAHISI YENİLƏNİR?

Hələ 2005-ci ildə belə bir siyahını o vaxtkı iqtisadi inkişaf naziri və hazırda həbsdə olan Fərhad Əliyev də açıqlamışdı. O bir sıra ərzaq mallarının gömrüyə qədər və gömrükdən sonrakı qiymətlərini elan etmişdi. Amma o vaxt bu məsələ ilə bağlı hər hansı addım atılmadı.
Bakıda ət bazarı, 14 mart 2011

2008-ci il üzrə Dövlət Statistika Komitəsindən AzadlıqRadiosuna verilən məlumatda da qeyd olunurdu ki, Azərbaycana gətirilən ən baha kərə yağının qiyməti 2 dollar 80 sent olub.

Amma həmin vaxt pərakəndə satış mərkəzlərində Fransa, ABŞ və Finlandiyadan 2 dollar 80 sentə gətirilən yağlar 6-8 manata satılırdı. Hazırda həmin ölkələrin istehsalı olan yağların bir kiloqramı 6-9 manat arasındadır. Statistika Komitəsinin o vaxt verdiyi məlumatda hətta ölkəyə 1 kiloqramı 33 sentə olan Belçika yağının gətirildiyi də bildirilirdi. Ancaq nə o vaxt, nə də indi Azərbaycandakı satış mərkəzlərində 2 manat 50 qəpikdən ucuz kərə yağı olmayıb.

İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏN ETİRAF...

İqtisadi İnkişaf Nazirliyində də etiraf olunur ki, bəzi mallar üzrə qiymət artımı dünya bazarındakı qiymət artımını üstələyir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bunun süni bahalanma adlandırır. O, əlavə edir ki, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı yoxlamalar nəticəsində bir sıra ərzaq məhsulları üzrə süni qiymət artımı aradan qaldırılıb:

Bakı bazarı 3 yanvar 2011
“Son günlər apardığımız monitorinqlər göstərir ki, duru yağın qiymətində 6, şəkərdə 5, şəkər tozunda 5-6, yumurtanın qiymətində 50, toyuq ətinin qiymətində 15, süd məhsullarında 5 faizə qədər ucuzlaşma qeydə alınıb. Bundan başqa, kartof 15, soğan 10, sitrus meyvələri isə 15-20 faiz ucuzlaşıb”.

Abbas Əliyevin sözlərinə görə, qiymət artımının qarşısının alınması üçün yoxlamalardan başqa həm də paytaxt Bakının 25 məntəqəsində satış yarmarkaları təşkil olunub.


QİYMƏT DƏRİNİN DƏRMANI GÖMRÜK KOMİTƏSİNDƏDİR?


“Turan” İnformasiya agentliyinin eksperti Hafiz Babalı isə qiymət artımıma qarşı atılan addımları daha çox populist, bəzi malların ucuzlaşmasını isə kosmetik sayır. Onun sözlərinə görə, hökumətin indiki hərəkətləri qiymət artımının qarşısını ala biləcək addımlar deyil. İqtisadçı mövcud vəziyyəti daha çox gömrük sistemindəki süni maneələrlə əlaqələndirir.

Hafiz Bablıya görə, əslində prezident dəfələrlə inhisarçılıqdan söz açır, amma real
Hafiz Babalı
işə keçəndə bunun nəticəsi o qədər də hiss olunmur. İqtisadçı yaranmış vəziyyətin əsas səbəbini biznes sahələrinin ayrı-ayrı məmurların və inhisarçı subyektlərin nəzarətində olması ilə əlaqələndirir:

“Misal üçün şəkər tozunu Azərbaycana bir şirkət gətirə bilər. Çayı bir neçə şirkət gətirə bilər. Əgər digər bir şirkət də bunu istəyərsə, onda həmin şirkətlərin razılığını almalıdır”.

Hafiz Habalı hesab edir ki, bu məsələlərin tənzimlənməsi hakimiyyətin iradə göstərməsindən və hüquq-mühafizə orqanlarının da real addımlar atmasından keçir. Amma iqtisadçı qiymətlərin az da olsa ucuzlaşacağına ümidlidir.

Hafiz Babalı deyir ki, həm qiymətlər məsələsi əhalinin daha çox hissəsini əhatə etdiyindən, həm də ərəb ölkələrində baş verən hadisələr narahat etdiyindən hökumət bu sahədə müəyyən addımlar atmaqda davam edəcək.
XS
SM
MD
LG