Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:02

Paşa Qəlbinur. Qara su (5)


Əvvəli

XXI FƏSİL

Hadi

Xatirələr səngiyəndə mürgüləyirdi Aydın. Yuxuda:
"Sokol"dakı aspirant yataqxanasındaydı. Dördüncü mərtəbədə mətbəxdən bir əlində qaynar tava, içində qızardılmış kartof, o biri əlində çaydan, otağının qapısını sırtıyla itələyib açırdı. Birdən atəş açıldı. Aydın var gücüylə bağırıb əlindəkiləri yerə atdı. Öz bədheybət səsinə yuxudan ayıldı..."
Gördü ki, təyyarə salonu həyəcan içindədi. Üç nəfər - iki maskalı qadın, üzüacıq kişi ayaq üstədilər... Aydının yuxuda eşitdiyi atəş salondakı oğlanın "diqqət" harayı imiş. Son günlər bəti-bənizi solğunlaşmış Bəy Qasım qulaqlarına qədər qızarmışdı, üzü pul kimi yanırdı. Maskalı qızların qamətləri düz, şüvərək, yalnız gözləri görünürdü - qonurgözlü, ağ dərili qızlarıydılar, onlara ancaq on doqquz - iyirmi yaş vermək olardı. Üzü açıq kişinin otuz-otuz beş yaşı olardı. Tünd qonur nüfuzedici gözləriylə elə bil salondakıların talelərinin dərinliklərinə bir-bir boylanmaq istəyirdi. Dodaqları gözlərindən fərqli qəribə ilıq təbəssümlü, qətiyyətli əlləri, uzun barmaqları varıydı. Burnu - ağ üzünə uyğun ölçülərdə, diqqətlə baxdıqda, azca əyrixəncəriydi. Birdən bu kişinin üzünə hardansa qara şəvə saqqal və bığ qondu xəyalında Aydının. Aydın o dəqiqə tanıdı - bu adam dəfələrlə televiziya ekranlarında, qəzetlərdə şəklini gördüyü Hadi idi - Hadi Baykara. Təbrizli balası, azadlıq mücahidi, zindandan yenicə qurtulub saqqalını, bığını qırxdırmışdı.
Aydın yuxudan dəhşətli baş ağrısıyla ayılmışdı. Ağrı an-an artır, dözülməz dərəcəyə çatırdı. Nə qədər özünü sakitləşdirmək istəsə də, bu ağrılar heç cür səngimirdi. Ona elə gəlirdi ki, başı - içində barıt qaynayan qazandı, bu gərginlik arta-arta birdən partlaya bilər... Hamı həyəcan içindəydi. Gözlərin, üzlərin ifadəsi dəyişmişdi. Elə bil ki, təyyarənin özü bütün sərnişinləriylə, şəxsi heyyətiylə, uğultuşuyla, ağrısıyla, acısıyla Aydının başının içindəydi... Qulaqları da qızaran Bəy Qasımın bu bir neçə dəqiqədə gözlərinə qan sağılmışdı. Qızartdaq gözləri yaşla dolmuşdu, bu birmi, ya ikimi damla yaş təkcə göz yaşları deyildi, çox-çox gizli, ya aşkar mətləblərdən xəbər verən işarəydi. Aydın bir an ağrılarından ayrılıb Qasıma toxtaqlıq verdi:
- Darıxma, Allah kərimdi.

Hadi Baykara salondakılara sakitləşdirici tonda müraciət etdi. Qısaca, ikiyə bölünmüş Azərbaycandan, onun Güneyində qalan otuz beş milyonluq xalqının adi hüquqlarının belə olmamasından, ana dilində təhsilin yoxluğundan, dar ağaclarından, dünyanın bu vaxtı fars-iran şovinistlərinin böyük bir millətə etdiyi zülmdən danışdı. Almaniyanın, Vyetnamın birləşməsi, Koreyanın bütövləşib demokratik bir ölkə olması yolunda atılan addımları alqışladı. Ikiyə bölünmüş Azərbaycanın faciəsindən dünyanın xəbərsiz olduğunu yana-yana dilə gətirdi. "Aeroflot" təyyarəsinin qısa müddətə şərti girov götürülməsində məqsəd, dünyanın diqqətini bu problemə bir daha cəlb etməkdir, - dedi. Təyyarədəki insanlara heç bir təhlükə olmadığını, məramın sülh və azadlıq olduğunu bir daha bəyan elədi. Qızlardan biri deyilənləri ingilis dilində səsləndirdi. Təyyarədən dünya ölkələrinə, Birləşmiş Millətlər Təşkilatına bu problemlə bağlı əvvəlcədən hazırlanmış müraciət oxundu.
Salonda qəribə ağır sükut varıydı. Təyyarə uğuldaya-uğuldaya Aydının başının içində uçurdu. Aydının başı böyüyüb göy üzü qədər olmuşdu, bu nəhəng təyyarə uçduqca beyninin bütün toxumalarını dağıdır, damarlarını qırırdı... Birdən Aydının başı ağır un çuvalı kimi Bəy Qasımın çiyninə düşdü, gözləri yumuldu. Qasım Aydının ağzından bircə bu kəlməni eşitdi: "ölürəm". Qasım Aydının başını qucaqlayıb:
- Aydın, nooldu, Aydın, necəsən? - dedi.
Yaxınlıqdakı üzü örtülü, maskalı qız mənzərəni görüb Hadiyə xəbər verdi. Həkim Aydının qan təzyiqini ölçəndə gözlərinə inanmadı. Tonometrin əqrəbi 300mm civə sütununu keçmişdi. Əqrəb son həddə təkrar-təkrar dəyib sudan çıxan balıq kimi titrəyirdi. Bu, ölüm titrəməsiydi! Bu, ölümün sərhəddiydi! Həkim qutudan belə yüksək təzyiqə təsir edəcək dərman tapmadı. Aydın ağrıdan huşunu itirmək ərəfəsindəydi. Bəy Qasım özünü itirmişdi, neyləyəcəyini bilmirdi. Aydın bir də bu dəfə həkimin və qonşuların eşidəcəyi səslə:
- Ölürəm, - dedi.
Başını arxaya, üzünü tavana sarı çevirəndə başının üstündə Hadini gördü. Həkim bir addım kənara çəkilib, Hadiyə vəziyyəti izah elədi:
- Qan təzyiqi çox yüksəlib, kritik həddə çatıb, işin tərsliyindən, təyyarədə belə yüksək təzyiq üçün dərman yoxdur. Yardım olunmasa, qısa zamanda xəstə öləcək.

Və bu an hamının gözləri qarşısında bir möcüzə baş verdi. Hadi Aydının başını bərk-bərk sinəsinə sıxdı, dörd-beş dəqiqə sonra onu buraxdı və soruşdu:
- Ağrı keçdi?
(Bu dörd-beş dəqiqə Qasıma dörd-beş saat kimi göründü.)
Aydının rəngi özündəydi:
- Ağrı keçdi, - dedi.
Hamı heyrət içindəydi. Hadi həkimə:
- Təzyiqini bir də ölç, - dedi.
Aydını ölümün sərhəddinə gətirən təzyiq artıq geriyə dönmüşdü. O, özünə gəlmişdi. Elə bil indicə anadan olub, bir göz qırpımında iyirmi yaşına çatmışdı.
Allah! Sağlam olmaq necə gözəlmiş. Bir şeirdə deyildiyi kimi: Azadlıq - sağlam ürəyə axan qandır, axar təmənnasız, axar minnətsiz.
Aydın başını Hadinin sinəsinə qoyanda elə bil azadlıq eşqiylə döyünən atom reaktoruna girdi. Və orada olan güc, təmiz oksigenli dağ havası, Günəşin cazibəsi qədər məhrəm enerji, ruhi mehribanlıq və sonsuz sevgilər onun başındakı o dəhşətli ağrı-acını çəkib apardı, yerinə nur doldu...
AZADLIQ, azadlıq eşqi - dünyanın ən təsirli məlhəmi, ən gözəl varıyımış, Ilahi! AZADLIQ, azadlıq eşqi - dünyanın ən duru suyu, havası, nuru, arzuların ən ulusuymuş, Ilahi! AZADLIQ, azadlıq eşqi Tanrı sevgisinə bərabər Allahın adlarından biriymiş, Ilahi! AZADLIQ, azadlıq eşqi - Allahın yaratdıqlarının hamısına ana südü kimi buyrulan ədalətin özüdür elə!
Eşq olsun AZADLIĞa, eşq olsun ürəyində azadlıq eşqi gəzdirən böyük, müqəddəs Insanlara!

XXII FƏSİL

Sunami

Təyyarə salonundakı televizorlardan biri Aydının düz gözünün qabağındaydı. Bütün Hind-Çinin dəniz sahillərini bürüyən, dünyanı lərzəyə salan, minlərlə insanın ölümünə səbəb olan Sunami faciəsini göstərirdilər. Bir avstraliyalı turist gənc qadın danışırdı ki, iki uşağımı (biri beş yaşında, biri iki) bərk-bərk tutmuşdum, bir an ikisindən birini əlimdən buraxmaq məcburiyyətində qaldım. Böyük uşağımı əlimdən buraxdım...
Sonra məlum olub ki, Allahın möcüzəsiylə beş yaşlı uşaq dalğaların qaldırdığı bir yüksəklikdə köynəyindən hündür bir ağacın budağına ilişib, bir gün oradan asılı qalaraq ölümdən xilas olub. O uşağın anasıyla kiçik bacısı da bir ayrı möcüzəylə sağ qalmışdılar. Həmin beş yaşlı uşaq anasının və bacısının yanında için-için ağlayırdı. Aparıcı tamaşaçılara anladırdı ki, dörd saatdır bu uşağı heç cürə ovudub sakitləşdirmək mümkün olmur...
Televiziya ekranında Sunami dalğalarında görüntüyə gələn ərəb dilində "Allah" kəlməsi Aydının bədəninə elə bil yüksək gərginlikli cərəyan keçirdi... Bu istiliyin dalınca canına soyuq bir titrətmə düşdü...
Sunaminin "Allah" möcüzəsi Moskvadakı təhsil illərindəki müəllimlərindən biri Qalina Qriqoryevnanın bir neçə il Hind-Çində yaşayıb işləyən qızının söhbətlərini hardansa Aydının yadına saldı. Olqa danışırdı ki, bəzi ailələr yoxsulluqdan, həm də insafsızlıqdan, daha dəqiq desək, allahsızlıqdan öz qoca valideynlərini aparıb böyük şəhərlərdə azdırırlar. Bəzi yerlərdə iti və pişiyi şəhərin uzaq ucqarlarında azdıran kimi... Olqa Sunamilər diyarında bəzi ailələrdən bizim təfəkkürümüzdən kənar allahsızlıqlar, görüb eşitmədiyimiz əhvalatlar danışırdı... Ekranda qorxunc mənzərələr, saysız cəsədlər görünürdü... (Aydının nənəsindən eşitdikləri gəldi beyninə: "Allah gec eləyir, güc eləyir. Allahı yadınızdan çıxarmayın, Allahın cəzasından qaçmaq olmaz.")

Aydının yadına sovet dövrü dərsliklərində nə vaxtsa oxuduqları ateist təbliğatı düşdü: "Insanlar min illər boyu təbiət qüvvələrilə mübarizədə aciz qalırdılar, ona görə də özlərindən sitayiş yerləri, Allah uydurublar. Din tiryəkdir. Ancaq indi kommunizm qurucusu olan insan öz ağlı və gücüylə təbiətə qalib gəlib. Beləliklə, aydın olub ki, Allah yoxdur."
Televiziya ekranında bir tanınmış seysmoloq-alim deyirdi ki, bu Sunaminin gücü - Xirosima, Naqasakiyə atılan atom bombalarının gücündən on min dəfə (!) çoxdur. Dünyada təbiətin gücünə hətta yaxın gələ biləcək rəqəmlərdə belə insan təfəkkürünün yaratdığı güc yoxdur və ola da bilməz!

***

Dəyişən zaman kəsiyində dəyişən təbiət, dəyişən insanlar, dəyişən dəyərlər, dəyişən adlar...
Uşaqlıq illərində Aydıngilin kəndində bir polis yarbayı varıydı. Adına Qəlyan Rza deyirdilər. Yanaqlarından qan damırdı. Varrı-karrı kişiydi. Son illər təqaüdə çıxmışdı, qocalmışdı, kasıblamışdı. Axır vaxtlar el arasında köhnə şakərini yada salıb adına "Madyan Rza" deyirdilər.
Qızıl, mebel alverçisi Qızıllı Xanımın adı son illər qızılları qurtardığına görə "Qəhbə Xanım" olmuşdu.
Dəllək Həsənin qocalığındakı adı "Qancıq Həsən" idi.
Və birdən Aydının xəyalı uzaqlardan uçub-uçub lap yaxına gəldi. Görəsən, Bəy Qasım bu cərrahiyyə əməliyyatından sağ-salamat çıxsa, illər sonra qocalsa, xalqın, insanların qanının, faciələrinin hesabına yığdıqlarını əlindən alsalar (o inanırdı ki, mütləq alacaqlar, mütləq haqq-ədalət öz yerini tapacaq), eldə Bəy Qasımın adını necə çağıracaqlar? Böyrək Qasım, Dollar
Qasım, Qansız Qasım, Nöyüt Qasım, Vaqon Qasım, Tiryək Qasım, Calaq Qasım, Tula Qasım, Cındır Qasım...
Aydın xəyalının belə qəribə uçuşundan Sunamidən - Bəy Qasımın qocalığındakı ləqəbinə qədər qəribə səyahətindən məmnunluqla yırğalandı. Yadına qoca bibisinin uşaq vaxtı gəlinlərlə söhbətlərində eşitdiyi ciddi, eyni zamanda gülməli sözləri düşdü. Savadsız olsa da, həmişə çox ağıllı, məntiqli danışan Güldəstə bibisi bir gəlinə deyirdi ki, aaz, bir danışdığını axıra çatdır da. Bu nədi, yuxunu qoyub, ayıb olmasın, nəyinnən danışırsan...
Allah hər adamın bu dünyada əsl adını - ləqəbini, dəyərini, o dünyada daha böyük cəza və mükafatını verərmiş. Allah gec eləyər, güc eləyərmiş!..

XXIII FƏSİL

Tur Heyerdal

Aydın haradasa oxumuşdu ki, keçmişləri xatırlayanlar bu günündən narazılardı, bir az da dəqiq deyilsə, bu günün bədbəxtləri dünənki günlərə daha tez-tez baş vururlar xəyallarında...
Əhvalının qəmli çağlarında darrıxda qalan, ömürlük xəstəlikləri, ya şikəstlikləri olan, ya da dünyasını vaxtsız dəyişmiş doğmaları, yaxınları, dostları yadına düşərdi Aydının.
Ata səlahiyyətində olan qardaşı Abbasın qızı Şəfəq. Ağlıyla, kamalıyla, gözəlliyiylə yaşıdlarından seçilən Şəfəq. Nənəsi həmişə gəlininə deyərdi ki, bu qızın hər gün başına üzərrik çevir, köynəyinə də bir tikə dağdağan tik. Yoxsa nəzərə gələcək. Şəfəq universitetdə şərqşünaslıqda oxuyurdu. Axır vaxtlar gözlərindən şikayət eləyirdi. Atasıyla əmisi Aydın göz həkiminə aparıblarmış. Aydın olub ki, el arasında deyildiyi kimi, "qara su" xəstəliyidir, yəni "qlaukoma". Həkimin dediyinə görə, ağır xəstəlikdir, özü də xüsusi bir növü "psevdoeksfoliativ sindromlu qlaukoma"dır. Çarəsi əməliyyat olunmaqdır. Bu xəstəlik ən çox qafqazlılarda olur, bir də skandinaviyalılarda. Xülasə, Şəfəqin gözlərində əməliyyat aparıldı, həkimin dediyinə görə, gözlənildiyindən də uğurlu əməliyyat alındı.
Hər dəfə Şəfəqlə bağlı az və ya çox arzuolunmaz bir hadisə baş verəndə nənəsi gəlinini qınayırdı ki, həmin gün evdə üzərrik yanmayıb... Yazıq gəlin də bu tənələri qulaqardına vurardı. Universitetin son kursunda Şəfəq özüylə oxuyan Təbrizli bir oğlana ərə getdi. Toylarından bir il sonra Norveçə köçdülər. Neçə il idi ki, xoş xəbərləri gəlirdi. Ötən yay Bakıya atasıgilə gəlmişdilər. Dörd yaşında gözəl bir oğlanları da var idi. Aydının oğlu Orxan tutulan günün səhəri Norveçdən xəbər gəldi ki, Şəfəq maşın qəzasına düşüb, onurğa beyni zədələnib. Həkimlər cərrahi əməliyyata tərəddüd edirlər, riskin alınan nəticəyə münasibəti çox böyükdür. Uğursuz sonluqda xəstəni ömürlük şikəstlik, hərəkətsizlik gözləyir. Onların böyük ailəsinə dərd batmanla gəlirdi... Nənəsi nəzərdə görürdü bütün bu olanları.
Aydının neçə müddətdi başında oğlunun dərdi Şəfəqin dərdinə qarışmışdı. O, başında, çiyinlərində, ürəyində, bütün əzalarında lənətlənmiş, gözəgörünməyən maye ilə havanın qarışığından ibarət bir ağırlıq hiss eləyirdi. Bu ağırlıq onların böyük ailələrinin bütün üzvlərinə hopmuşdu. Azərbaycanın gözəl qızını bu qəza Skandinaviyada - Norveçdə tapmışdı.
Birdən Aydının yadına görkəmli alim, məşhur Norveç səyyahı Tur Heyerdalın Azərbaycanla bağlı tədqiqatları düşdü. O, Tur Heyerdalın Qobustanı (qədim insan məskənlərini), Gəmiqayadakı qədim rəsmləri, bu rəsmlərdə səyyahın uğurlu dünya səyahətinə çıxdığı "Ra" gəmisiylə çoxsaylı eynilikləri, bu təsvirlərin Norveçdə aşkar olunmuş qayaüstü təsvirlərdən əsla fərqlənmədiyini və sairəni müqayisəli araşdırmalarından sonra gəldiyi nəticəni xatırladı. Bu kəşfə görə Skandinaviyanın əhalisinin ulu əcdadları Azərbaycandan köçmüş, miqrasiya etmiş insanlardır.
Böyük alim-səyyahın sözləriylə desək, biz dünyanın harasında olmağımızdan asılı olmayaraq, özümüzü antropoloji quruluş nöqteyi-nəzərindən "Qafqaz tipi" adlandırırıq. Biz fəxr edirik ki, bu qədər qədim, zəngin mədəniyyətə malik bir regiona, xüsusilə Azərbaycana bağlıyıq. Azərbaycan mədəniyyəti Çin, Mesopotamiya mədəniyyəti qədər qədim və zəngindir. Tur Heyerdal bu yöndə araşdırmalarıyla bağlı tarixi təxminən səkkiz yüz il əvvələ aid edilən bir yazılı mənbəni - Islandiyalı yazıçı Snorre Sturlasonun (1179-1241) "Şahin saqaları" adlı kitabında da tapmışdır.
Elə indicə Aydının yadına vaxtilə Şəfəqin gözlərini müayinə edib, uğurlu əməliyyat aparan həkimin sözləri düşdü: "Bu xəstəlik ən çox qafqazlılarda və skandinaviyalılarda olur..."
Deməli, böyük alim Tur Heyerdal düz deyirmiş... Bu onun kəşfinin lehinə olan daha bir elmi, tibbi sübutdur...

XXIV FƏSİL

Nərgiz

Həyatının çətin, ağır anlarında uşaqlıq illəri düşürdü Aydının yadına. Kənddə konyak zavodunun həyətində uşaq bağçası... O bağcanın müdirəsi Gülnaz xala... Uşaq bağçasının çox da uca olmayan dəmir məftilli çəpərindən görünən zavodun həyəti... Maşın-maşın daşınan ağ üzüm, qara üzüm "dağları", rezin çəkməli fəhlələr, dağ-dağ qalaqlanmış, sıxılmış, şəhdi-sirəsi çəkilmiş üzüm cecələri və bu qonur "cecə dağları"ndan gələn qəribə ətir...
Beş yaşlı Aydın iki yaşlı qardaşıyla üç ay idi ki, bu kolxoz uşaq bağçasına gedirdilər. Bağçaya müxtəlif millətlərdən olan uşaqlar gəlirdilər; bizlərdən başqa ruslar, ukraynalılar, belaruslar (əsasən hərbçilərin övladları), aysurrilər, yəhudilər, ermənilər və bu millətlərin qarışıq nigahlarından olan metis uşaqları.
Bir gün Aydının ömrü boyu yaddan çıxarmayacağı bir hadisə baş verdi:
Özündən bir yaş kiçik Nərgiz adlı bir qız qaçdı-tutdu oynayanda təsadüfən yıxıldı, sağ qolu və dizi sıyrıldı. Nərgiz ağlayanda üzünün ifadəsi, görünüşü Aydını qəribə, ömründə düşmədiyi bir hala saldı. Bu, beş yaşlı Aydının ömründə görmədiyi Günəş idi, çimmədiyi ilıq, aylı su, içmədiyi qəribə, lap qəribə, çoxdan yaddan çıxardığı ana südündən də dadlı nur, qışın soyuğunda, düzün düzəngahında Allahın yaratdığı, divarları olmayan şəffaf, isti otaq, yayın cırhacırında, cəhənnəm istisində bir ada yaylaq, daha nə, nə, nə...
O gündən hər saat, hər gün balaca Aydın səhərdən axşama kimi Nərgizin ağlamağını gözləyəcək, gözləyəcək, gözləyəcək... Nərgiz ağlamayanda o Nərgiz deyil, heç, heç Nərgiz deyil... Və bir gün xəlvətə salıb Nərgizi döyəcək - bir şillə vuracaq... Nərgiz ağlayacaq, ağlayanda yenə Nərgiz olacaq... Aydın yenidən yerin cazibəsindən çıxıb dünyanın ən gözəl planetlərindən birinə düşəcək. Bu planetdə heyva bağlarıyla yüyürəcək, rəqs edəcək, dünyanın heç yerində bitməyən heyvaların ətrini ciyərlərinə çəkəcək, heyva toxumlarından dəmlənmiş qızılı göldə üzəcək, arxası üstdə suda uzanacaq, batmayacaq... və heç özü də bilməyəcək ki, haradadır - göydə deyil, yerdə deyil, yaxında, ya uzaqlarda deyil, qəribə, çox qəribə, adi olmayan, heç yeri də olmayan bir yerdədir. Orada bir Aydın var, bir Nərgiz. Nə Aydın o Aydındı, nə Nərgiz o Nərgiz... Bu işığı ilıq, qərib, ətri bənzərsiz günlər beş-on gündə bir təkrarlanardı... Düz beş-altı ay sonra Nərgiz bağçaya gəlmədi. Deyilənə görə, ailələri kənddən şəhərə köçmüşdü.

Illər keçəcək - on il, otuz il, qırx il və yenə də yada düşəcək o izah olunmayan qəribəlik, qorxulu, dilə gəlməyən gözəllik. Indi çox-çox uzaqlarda qalan o günlərdən gələn ətirli meh çətin anlarında Aydının bağrına dolur, üz-gözünə çilənirdi... Və çox qəribədir ki, uzun illər sonrası Aydını bütün varlığıyla sevən gözəl və qəribə bir qız çox sonralar etiraf edəcək... Etiraf edəcək ki, o Aydını dünyanın ən güclü, cəsur, istedadlı, mərd kişisi hesab edir. Ancaq bütün bu gözəlliklər Aydın ağlamaq dərəcəsində əsəbiləşəndə daha təkrarsız, izaholunmaz və gözəl olur. Və onun bu halında ürəyindəki buludları ildırımlar imzalayır, şimşəklər çaxır... Və şimşəklər göylərdən o gözlərin damarlarına, hüceyrələrinə, varlığına axır, dünya ətirlənir, dünya ucalardan gələn nura qərq olur... Bu sirri-xuda nədirsə, o gözəl bilə bilmir. Və neçə illərdi ki, heç kimə, heç Aydına da deyə bilmir. Ancaq o gün o, ürəyini partladan məntiqsizliyi, qəribəliyi Aydına danışdı. Hardan gəlmişdi bu cürət, heç özü də bilmədi. Aydın bu etirafı dinləyəndə təbəssümləndi. Uzaq-uzaq uzaqlarda qalan Nərgiz yadına düşdü... Ancaq bu qız Nərgiz deyildi. Nərgizi beş yaşında itirmişdi Aydın. Aydının itirdiyini bu qız tapmışdı, illər sonrası... Eyni hissləri - qarşısındakının əzablarından sərməst olub, nəşələnən qəribəliyi yaşayırdı bu qız...

***

On-on beş ilin söhbətidi. Aydının dayısı oğlunu - jurnalist Muradı gülləylə vurub öldürmüşdülər. Kimi dindirirdin, həmişə qəzetində biabır etdiyi nazirdən şübhələnirdi. Bu onun işiydi. Bir el məsəlində deyildiyi kimi: "Iz eşşəyin olsa da, əməl gəlinin idi". Nazir kişi xeylağı olsa da, hərəkətlərində, danışığında, ifrat yaltaqlığında, hətta duruşunda da bəzi qadınların ədaları varıydı. Yəni xəyala başqa şeylər gəlməsin. Bu adamın ünvanına bəzilərinə deyilən "petux", "mavi" nə bilim nə ifadələr işlənməmişdi və o heç belə də deyildi. Ancaq dalınca "kişi adamdı" da deməmişdilər.
Dayısı oğlunun dəfn mərasimində, ta qəbiristanlığa qədər uzun yolda dayısının qoluna həmin nazir girmişdi. Hamı naziri qoyub Aydının dayısına nifrət edirdi. Telman kişinin düşməninin qolunda tabutun dalınca getməyini görənlər çaşmışdılar. Ancaq Aydın dayısını lap yaxından, uzun illər tanıyan, duyan, dünyasına bələd olan adam kimi bu qəribəliyi içində izah edə bilirdi. Dayısı doğulandan bu günə qədər həmişə ehtiyac içində olmuş, vətənində qürbətdəki kimi dolanmış, ömründə kitaba, dəftərə bağlı olmamış, ruzisi əlinin zəhmətindən çıxmış, sadəlövh bir adam olmuşdu. Telman kişinin o biri qardaşları savadsız olsalar da, bir az ondan diribaş idilər. Bir il sonra oğlunun faciəsinə dözə bilməyib, huşu gedib sayıqlayanda, qəbiristanlığa gedən yolda qolunu düşməninin qolundan niyə çıxarmadığını, niyə onu təhqir edib qovmadığını söyləyəcəkdi Telman kişi.

Telman kişi maddi və mənəvi kasıb ömründə nə sevə bilmişdi, nə sevilmişdi, nə də dünyanın dürlü-dürlü keyflərinə tuş gəlmişdi. Əslində, bir az qəribə də olsa, iç dünyası budanmış gəlmişdi dünyaya, göyərməyib elə beləcə də qalmışdı ömrü boyu. Və belə bir adam, oğul müsibətində qoluna dövlətin sayılan adamı girəndə, onsuz da az olan ağlı bir az da çaşan kimiydi... O, həmin anda elə bil ki, ömründə qoynuna canan girməyən adamıydı. Hallıydı Telman dayı. Əti çimçəşirdi, gözləri yaşlı, bədəni nəmliydi, bir az da ürəkbulandıran qıdığı gəlirdi, irəliyə addımlayırdı, içi geriyə gedirdi, matəmdə qoltuğunda qəhbə gedirdi, az ağlı, olmayan iradəsi, görməyən gözləri, olmayan bəsirəti müqavimətə tab gətirmirdi... Doğuşu gücləndirəcək iynə də ona kar etməzdi, çünki o iynənin vurulacağı bədən də yoxuydu... Telman kişi oğlunun qatilinin qolunu qolundan çəkə bilmirdi. Içini qeyrət qarışıq çəkmişdilər, eləcə şəkli qalmışdı - tüldən şəkli, adi mehdən titrəyən şəkli...
Aydının əslən Nehrəmdən olan dostu Azad baməzə bir oğlanıydı. Özündən qəribə lətifələr quraşdırar, hamını güldürərdi. Hər təzə lətifə əvvəlkindən gözəl olardı. Bəlkə də hansısa bulaqlar quruya bilərdi, ancaq Azadın lətifə bulağı dayanmadan çağlayırdı.
Bir dəfə Azad danışırdı ki, bir nehrəmli Naxçıvanda girir hava limanının restoranına. Yemək sifariş verir və altdan-altdan ətrafdakılara göz qoyur, qulaq kəsilir. Kişi görür ki, yaxındakı masanın çevrəsindəkilərin hamısı saqqallılardı, əksəriyyəti də o taydandılar. Xeyli sifarişdən, yemək-içməkdən sonra ofisiant haqq-hesab üçün yaxınlaşanda, masadakılardan biri əllərini saqqalına çəkir, "təşkilat", - deyir və pul ödəmədən sakitcə çıxıb gedirlər. Onların yerinə başqa saqqallılar gəlir, beləcə bu əhvalat təkrarlanır. Nehrəmli kişi ürəyincə yeyib-içəndən sonra ofisiant ona yaxınlaşır. Kişi pəsdən "təşkilat", - deyir. Ofisiant da ehmalca əlinin işarəsilə soruşur ki, bəs saqqalın hanı? Nehrəmli sağ əliylə kəmərindən aşağını göstərib pəsdən "gizli təşkilat", - deyir... Ofisiant bir an tutulsa da, nehrəmlinin əlinin işarəsindən hannan-hana "gizli" sözünü anlayır, çevrilib gedir...
Azadın cəmi bir ay əvvəl söylədiyi bu lətifə Aydının ağrılı bağrınnan, başınnan sərin meh kimi keçib getdi, ilk dəfə dinləyəndə şaqqanaq çəksə də, bu dəfə azca dodağı qaçdı...

davamı
XS
SM
MD
LG