Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:02

Paşa Qəlbinur. Qara su (6)


Əvvəli

XXV FƏSİL

Çimnaz xala

Qasım darrıxda, canının ağrılarında hamıyla - vaxtilə küsdüyü adamlarla, hətta düşmənləriylə barışmaq, mehribanlıq eləmək istəyirdi.
Yadına Çimnaz xalanın nəvəsi, uşaqlıq dostu Məti düşdü. Çimnaz xala təxminən yetmiş yaşlarında bir neçə rəngli ətəyi üst-üstə geyinən, şirin dilli, qılıqlı bir arvad idi. Yaşadıqları basalağın ən döyənək küçəsində, böyük ərzaq dükanının tinində tum satardı. Çimnaz xalanın tumu adnanıydı. Dadınnan doymaq olmurdu. Duzlu, həddində qovrulmuş, içində bir dənə də olsa, nə yanmışı olardı, nə çiyi. Kimin bircə dəfə dilinə, dodağına dəysə, ömrü boyu bu bənzərsiz dadı unutmaz, o dadın həzzi qısa müddətə də olsa, dərdlinin dərdini unutdurar, qəmlinin könlünü şad edərdi. Xülasə, Çimnaz xalanın tumunun - uşaqların dilində "sımıçka"sının qumar, əsrar cazibəsi varıydı. Uşaq, böyük, qoca, cavan, avara, həkim, müəllim, hamı Çimnaz xalanın sımıçkasından çırtlayardı. Qasım da o tumların dadından doymazdı. Yaxınlıqdakı mərkəzi şəhər xəstəxanasında qızlar, oğlanlar lap dönüb tumbaz olmuşdular. Onların arasında Aygün Kazımovaya oxşayan gözəl bir həkim qız varıydı. Adı Telliydi. Qara qaşı, gözü, ağ işıqlı üzü, silikonsuz, anadangəlmə kömbə dodaqları, işvəli incə beli, boy-buxunu varıydı. Çimnaz xalanın tumunun dəli-divanəsiydi. Sürətlə və xüsusi bir ləzzətlə tumu çırtlayar, ancaq başqalarından fərqli, tumun qabıqlarını gözəl dodaqlarında bir xeyli cəmləyib yeddi-səkkiz tumdan sonra ağ barmaqlarıyla ayırardı. Xülasə Çimnaz xalanın tumu azarkeşləri neçə illərdi ki, beləcə fırlayırdı.
O vaxtlar Qasımın səkkiz, ya doqquz yaşı olardı. Məktəbdə Çimnaz xalanın nəvəsi Məti ilə bir partada otururdular. Evləri də yan-yanaydı. Məktəbə bir gedib-gəlirdilər. Bir dəfə necə oldusa həyətdə aşıq-aşıq oynayanda, sözləri çəp gəldi, dalaşdılar. Qasım Mətiyə güc gəldi, yumruğunun biri Mətinin dodağını partlatdı, əyni-başı, ağ köynəyi qana bulaşdı. Yoldaşları onları araladılar. Məti ayağa durub ağlaya-ağlaya Qasımı söyməyə başladı. Hirsindən, hikkəsindən az qalırdı ürəyi partlasın. Birdən elə bil ki, nəsə vacib bir şey yadına düşdü. Udqunub uşaq hikkəsiylə dedi:
- Hə, lap yaxşı olur sənə. Çimnaz nənəm gecələr işiyir sımıçkanın üstünə, sonra da qurudub, qovurub yedirdir sənə. Sən də bilmirsən ki, niyə belə dadlı-duzludu sımıçka. Sənə belə lazımdı...
Bu hadisədən sonra tez-tez Qasımın ürəyi bulanırdı. Neçə dəfə səbəbsiz xəstələnmişdi də. Ürək bulanması, baş gicəllənməsi, yuxusuzluq, əsəbilik neçə illərdi ona əziyyət verirdi. Orta məktəbdə onsuz da sürünə-sürünə oxuyurdu Qasım. Həmin il o, sinifdə qaldı. Mətinin bu sözlərindən sonra Çimnaz xalanın tumunu alan olmadı. Bu söz-söhbət o tumun şöhrətindən də güclü - ildırım sürətilə basalağa yayıldı. Mətiylə Qasım dönüb oldular düşmən.
Hə, indi uzun illər keçəndən sonra, göyün yeddinci qatında Qasım o günləri xatırladı. Ürəyində insanların çörəklə imtahana çəkildiyi o günlərdə bir tikə çörəyə görə elədiyi böyük qəbahətini

Çimnaz xalaya bağışladı. Xəyalında, əslində, heç bir günahı olmayan Mətini bağrına basdı. Gözləri nəmləndi. Və heç kimin eşitməyəcəyi bir könül pıçıltısıyla öz-özünə dedi: "Təki sağalım"...

XXVI FƏSİL

Çinarə

Bu müasir, gözəl təyyarənin kondisioner sistemi qaydasında olsa da, Aydına salondakı hava nəsə boğanaq gəldi. Ona toxdan da tox olan adamın burnuna gələn köhnə ət xörəyinin iyi gəldi. Ürəyi bulandı. Istədi fikrini yayındırsın, özüylə bacarmadı. Udqundu, yenə mümkün olmadı, öyüməyə başladı... Yerindən cəld durub tualetə tərəf irəlilədi. Bir xeyli soyuq su ilə əl-üzünü yudu. Elə bil ki, bir az ayazıyan kimi oldu. Tualetdən çıxıb yaxındakı boş oturacaqların birinə çökdü. Yadına əmisi qızı gözəl Çinarə düşdü.
Çinarə ilə Aydın yaşıdıydılar, uşaqlıqdan bir həyətdə böyümüşdülər. Çinarə gözəl olduğu qədər də ağıllı-kamallıydı. Orta məktəbi də, konservatoriyanı da əla qiymətlərlə bitirmişdi. Özüylə ali məktəbdə oxuyan, ilk baxışda çox mədəni görünən bir oğlanla bir-birini sevib, el adətiylə evlənmişdilər. Evlənəndən sonra oğlanın iyrənc, iblisə oxşayan anasının və ilk baxışda mələk təsiri bağışlayan, toydan sonra dönüb ürəkbulandırıcı cılızlığıyla üzə çıxan sevgilisinin təhdidlərinə düz üç il dözmək mümkün oldu. Çinarə balaca oğluyla ata evinə dönəsi oldu. Bundan sonra adda-budda qohum-əqrəbanın toyunda Aydının diqqətini bir şey çəkirdi. Qohum-dost toylarında Çinarə çox nadir hallarda görünürdü. Gələndə də azca keçmiş rəngi dəyişər, haldan-hala düşərdi. Elə bil ki, öyümək istəyər, çox vaxt zaldan tez çıxar, ya da toydan yarımçıq gedərdi. Ilk bir-iki ildə Aydın bu olaya o qədər də əhəmiyyət vermədi. Ancaq sonralar bu hadisə dəfələrlə təkrar olunduğundan bir dəfə əmisi qızından soruşdu:
- Çinarə, mən qızıl gülə allergiyası olan adam görmüşəm, ancaq toya, nişana birinci dəfədi, - deyib gülümsədi.

Çinarə tutulan kimi oldu, gözəl çöhrəsi buludlandı. Araya qəribə can üzən sükut çökdü. Çinarə hannan-hana dilləndi:
- Aydın, o üç ilin əzabları - qaynanamın, ərimin yalanları, böhtanları, eybəcərliklər, əcaib, ürəkbulandırıcı söhbətlər, toydan əvvəllə müqayisədə tam əks olan o üç illik ayrı dünya məni belə qəribə edib. Hər toyda, nişanda deyilən sözlərin, yeyilən təamların əsl o biri üzünü görüb, qoxusunu hiss etdikcə ürəyim bulanmağa başlayır, öyümə refleksi əmələ gəlir və mən nə qədər axıra qədər oturmaq istəsəm də, özümlə bacarmıram... Toyda, nişanda burnuma çəkdiyim əzabların, gördüyüm iyrəncliklərin iyi gəlir, ürəyim bulanır. Əzab, yalan, məkr, çirkin məqsəd, qırıq zat, üfunət qarışıq lax yumurta iyi - ürəkbulandırıcı hava...
Çinarənin güldən, çiçəkdən, portağaldan, naringidən yox, taledən gələn allergiyası Aydına da keçmişdi elə bil... Burnuna qəribə iylər gəlirdi, yüngül öyümə hissi, köp bədənini ağırlaşdırmışdı. Ona elə gəlirdi ki, sinəsində ürəyi turnikdəki gimnastın üfqi vəziyyətindəki duruşundadı. Köp ürəyini şaqulidən üfqi vəziyyətə aşağıdan yuxarıya itələmişdi, ürəyi narahat-narahat çırpınırdı. Ürəyinin ağrısı kürəyinə vururdu. Aydın durub oturacaqların arasındakı yolnan təyyarə boyu addımlamağa başladı, öz oturacağının da yanından ötüb ta biznes salonunun pərdəsinə qədər çatdı və geri döndü. Yol boyu yadına düşdü ki, uşaq vaxtı kənddə at köpəndə çapardılar. Özünü köpən atın yerində hiss elədi - babasının gümüşü rəngli, gözəl, şux yerişli Qabardin adlı atının yerində...
Bir də gördü ki, ayaqyolunun önündəki oturacaqdadı. Yerindən qalxdı, qapını açıb içəri girdi. Qapı örtülən kimi kabinaya avtomatik olaraq ətir iyi və oturacağı yuyan rəngli suyun səsi yayıldı. Bu səsə son baharda səmada köç edən iki dəstə durnanın bir-biriylə səslənməsini xatırladan bir neçə yaylım atəşi qarışdı... Aydın elə bildi ki, bir az özünə gəldi. Düşmən əlindən qaçıb canını qurtaran əsgər kimi rahat nəfəs aldı, qəddini düzəltdi. Beyninə qəribə fikirlər gəldi: "Dostu Hacının dediyi "nəfəs", "nəfs" qafiyələnməsi və bu anlayışların savadsız, ancaq özünü çox ağıllı hesab edən adamın dilindəki interpretasiyası... Qəribədi, udulanda gözəl olan hava, bağırsaqlara cəm olanda adamı öldürə bilər."
Aydın öz-özünə güldü və birdən yadına elminə, zəkasına hörmət elədiyi böyük alim Azad müəllimin söhbətlərindən bir parça düşdü. O, deyirdi ki, fikir vermisinizmi ot yeyən, çiçək yeyən, həyət-bacada azad-asudə gəzən toyuqların yumurtasının sarısı sapsarı olur - Günəş kimi göz oxşayır. Ancaq böyük fermalarda bəslənən, demək olar ki, hərəkətsiz toyuqların yumurtasının sarısı solğun olur. Azadlıqda gəzən toyuqlar, xoruzlar bağırsaqlarındakı qazlardan (böyük faizdə karbon qazından) azad olanda qəribə bir qürur və asudəliklə həmin yerdən uzaqlaşırlar. Hərəkətsiz toyuqların isə qarnındakı həmin qazlar xaric ola bilmədiyindən məlum kimyəvi qruplar, yumurtanın zülalları və başqa elementləriylə birləşib gördüyümüz solğun yumurta sarısını əmələ gətirir.

Əslində, hər hansı heyvanın və insanın sağlamlıq durumu mədə-bağırsaq sisteminin fəaliyyətindən çox, lap çox asılıdır. Uzun ömürlülüyün, əhvalın, cinsi fəaliyyətin, hər şeyin sirrini orada axtarmaq lazımdır.
Ayaqyolundan çıxıb əhvalı xeyli durulan, nə həkim, nə filosof olan Aydının ürəyində də olsa, həkimlik-filosofluq eləməsi özünə də xoş gəldi. Üzündə aydın sezilən təbəssümlə oturacağına tərəf irəlilədi...

XXVII FƏSİL

Balaca - Nəhəng tısbağa

Əməliyyat günü yaxınlaşdıqca Aydını Orxanla bağlı xatirələr inadla qarabaqara izləyirdi. Uşaqlıqda Orxan olduqca iştahasız, anası qaşığı uzadanda ağzını kilidləyən, bir dəri, bir sümük, nadinc, ərköyün uşaq idi. Bir gün anası Aygün Novxanıdakı bağlarında təsadüfən balaca, çox balaca, baş barmağın sədəfindən iki dəfə böyük ölçüdə tısbağa balası tapmışdı. Bazar günüydü, fikirləşdi ki, aparım şəhərdəki evimizə uşaq görər, sevinər, ağzı yadından çıxar, yemək yeyər. Doğrudan da, uşaq balaca tısbağa balasını görüb çox sevindi. Iştahasız, çox çətin yemək yeyən uşaq tısbağa balasıyla oynaya-oynaya ağzı da yaddan çıxdı, axşam yeməyində anasını incitmədi. Gecə yuxuda Aygün Çinarlıdakı evlərini görürdü. Gördü ki, gecə yarıdı, yataqdan durub həyətin o başındakı ayaqyoluna tərəf gedir. Çataçatda başını qaldıranda qapının önündə, ayaqyolunun hündürlüyündən daha böyük, arxa ayaqları üstündə dikinə durmuş, nəhəng tısbağa gördü. O, qabaq ayaqlarını əl əvəzi yanlara açmışdı, asta fısqırıqlı səslə: "balamı qaytarmasan, keçməyə qoymayacam", - dedi. Aygün geri dönüb evə tərəf qaçdı. Titrəyirdi, elə bil başına keçə yapışdırmışdılar.
Elə bu an yuxudan ayıldı. Ürəyi az qala sinəsindən çıxırdı, qan-tər içindəydi... Səhərə kimi gözünə çimir getmədi. Səhər Aydına yuxusunu danışdı və onlar evdən çıxıb birbaşa Novxanıdakı bağlarına yollandılar. Tısbağa balasını tapdıqları yerə qoydular...

XXVIII FƏSİL

T. Starzlın klinikası

Bəy Qasıma, Aydına təyyarədən enəndən xəstəxanaya qədər olan maşın yolu göydəki yoldan da uzun gəldi...
Çikaqo, T. Starzlın məşhur klinikası.
Orqan və toxuma transplantasiyası sahəsində dünyada ən yüksək reytinqi olan bu klinikada çox-çox tanınmış adamlar şəfa tapmışdılar.
Bu məşhurların sırasında ABŞ-ın keçmiş prezidenti Bill Klinton, Kiprin prezidenti Rauf Denktaş, Iordaniya kralı birinci uğursuz müdaxilədən sonra təkrar əməliyyat olunmuşdular. Bəzi ağır xəstələrdən dünyasını dəyişənləri də olmuşdu.
Bütün bunları Bəy Qasım da, Aydın da bilirdilər. Ancaq bu klinika, deyilənlərə, yazılanlara görə, dünyada yaxşıların yaxşısıydı.
Bəy Qasımın əməliyyatından əvvəl imzaladığı iltizamın məzmunu beləydi: "Mən üzərimdə aparılacaq əməliyyat haqqında məlumatlandırılmışam. Əməliyyat aparılmayacağı halda, ən yaxın vaxtda həyatımın davamı mümkünsüzdür. Əməliyyatın gedişində və sonrakı dövrlərdə həkimlərin fəaliyyətindən asılı olmayan səbəblərdən müxtəlif fəsadlaşmalar baş verə bilər. Bu ağırlaşmalar ölümlə nəticələnə bilər. Ancaq riskin alınan nəticəyə münasibəti riskin xeyrinə olduğu üçün mən, bu əməliyyatın aparılmasına razılıq verirəm.
Imza: Qasım Məmmədov / QasıM / "
Aydın da bu mətnə yaxın bir qol kağızını imzalayası oldu.

Ölçüləri çox da böyük olmayan cərrahiyyə otağı. Arası üç-dörd addım olan iki əməliyyat masası. Birində Aydın uzanıb, digərində Qasım. Əvvəl Aydının sol qolunun damarına bir iynə vururlar. Aydın ağzında tanış olmayan şirin bir dad hiss elədi. Bu "sirin iynə"dən sonra ağzına ağappaq bir maska yaxınlaşdırdılar. Masaya uzanandan bu ana qədər körpəliyindən üzü bəri saysız-hesabsız çətin, kədərli günləri, xoşbəxt anları, bütün doğmaları böyük sürət və eyni zamanda ləngliklə gəlib gözünün önündən keçdi. Ancaq son anda maska üzünə toxunanda oğlu Orxan dəmir barmaqlıqlar arasından qəribə məsum təbəssümlə ona baxırdı. Qəribədir ki, Orxanın bu görüntüdə iki yaşı varıydı. Bu baxışlar Aydına tanış idi. Orxanın iki yaşı olanda appendisitdən əməliyyat olunmuşdu. Uşaq o vaxt Aydının indi gözünə görünən baxışlarla baxmışdı atasına. Bu baxışlarda: "ata, məni xilas elə" çağırışından çox, ürəkparçalayan, gələcəyə ünvanlanan yalvarışlar da varıydı ki, onları sözə çevirmək olmurdu, onları bircə Aydın bilirdi, bir də Allah. Bu mənzərə bir neçə an çəkdi...
Aydın cənnətdəydi... Dünyanın ən gözəl, ilıq, məhrəm, güclə seziləcək qədər mavi dənizinin qoynundaydı. Bu dənizin suyu bir az zəfəran ətirliydi, bir az bənövşə qoxulu, bir az beçə balı, bir az da zəm-zəm dadırdı. O, dönüb balıq olmuşdu elə bil. Üzürdü - uçmağın, yeriməyin, qaçmağın qarışığından ibarət, heç üzməyə də oxşamayan maneəsiz, azad, gözəl, yer üzündə bənzəri olmayan hərəkətlərin qəribə xəlitəsindən ibarət zamansız, ilıq məkandaydı. Aydın ana bətnindəydi... Anlaşdıra bilmirdi, bir aylığıydı, ya iki aylığıydı, xoşbəxtlərin xoşbəxtiydi. Kədərin, qəmin, qorxunun, təhlükənin, itkinin, ta nə bilim nəyin nə dadını bilirdi, nə adını. Bir qütblü maqnit kimi möcüzəydi, dünyaların ən gözəlindəydi. Bir Allahını tanıyırdı, duyurdu, bir də Anasını. Heç birinin adını bilmirdi, hər ikisinə tapınmışdı. Anası əlini qarnına, yəni Aydının var olduğu məkandakı göylərə çəkəndə, onu uzaqdan-uzağa tumarlayanda o əllərin istisindən daha da xoşbəxt olurdu... Sözlə deyiləsi mümkün olmayan bu gözəllik, azadlıq, qayğısızlıq, xoşbəxtlik, mənfi qütbsüzlük, bənzərsizlik an-an, dəqiqə-dəqiqə, saat-saat, gün-gün uzanırdı... Bu dünyanın işığı da bənzərsiziydi. Işığın dadı varıydı, səsi varıydı, məhəbbət kimi ilıq-ilıq axırdı... Işığı bənzərsiziydi bu dünyanın...
Aydın öz məhrəm dünyasından kənardakı səsləri eşidirdi, o səslər yad, uzaq qalaktikadan gəlirdi, anlaşılmırdı....
Əzizləndiyi mübarək, gözəl günlərin birində ilk dəfə başqa dünyadan gələn səslərdən, daha doğrusu, fikirlərdən birini anladı, başa düşdü. Daha doğrusu, kimsə elə bil ona tərcümə etdi, duyğunu sözə çevirdi. Bu fikir onun cənnət dünyasını alt-üst elədi... Qəribəydi, çox qəribəydi, ana bətnindəki cənnətdən kənar dünyada baş verənlərdən, danışılanlardan yalnız birini, birini eşitdi Aydın. Zübeydə nənəsi deyirdi: "Ay gəlin, maşallah, dörd uşağınız var - oğuldan oğul payı, qızdan qız payı. Dolanışığınız da birtəhər ötüşür. Gəlsənə bu uşağı xərc eləyəsən. Oğul-qız toyu görəsiniz. Bu dörd uşağı ürəyinizcə böyütsəniz böyük hünərdi."
Aydın bu sözləri eşitcək anasının bətnində yumağa döndü, bir küncə qısıldı. Ilk dəfə qorxdu, ilk dəfə imdad eləmək, köməyə çağırmaq istədi, danışmaq istədi, danışa bilmədi... Qışqırmaq istədi, qışqıra bilmədi, çünki o bilmirdi ki, qışqırmaq nədi, ağlamaq istədi, ağlaya bilmədi, çünki o bilmirdi ki, ağlamaq nədi, qaça da bilmədi, uça da bilmədi... Ilk dəfə, ilk dəfə qorxu cənnətin damından canına damdı...

(Ilk dəfə nəcasəti, ifrazatı olmayan dünyaya qorxu damdı...)

Aydın dizlərini qucaqlayıb divara sıxılmışdı - ana bətnindəki cənnətinin divarına, barmaqlarının arasından göylər görünürdü, göylərdən ölü quşlar yağırdı, ağ qazlar, yaşılbaş ördəklər, qırqovullar, turaclar, bülbüllər, sərçələr... Bu "quş yağışı"ndan anasının da başına dəyənlər olurdu, hər zərbə zavallı körpəni cənnətin divarlarına çırpırdı... O quşlar göylərdə nənəsinin sözlərinin zərrələrindən - viruslarından ölüb, yağış kimi yağırdılar yerə... Və birdən qızıldimdik ölü qazlardan birinin sivri dimdiyi anasının qarnından keçib bu günahsız körpə varlığın - Aydının sağ böyründən böyrəyinə sancıldı... Dünyanın ən böyük ağrısı onun belini, bütün bədənini sarsıtdı... Gözlərindən bir damla yaş sıçrayıb cənnətə düşdü. Ancaq göz yaşları suda yağ damlası kimi cənnətin suyuna qarışmadı, cüt muncuq kimi göydən asılı qaldı... Ağrı, göz yaşları və ölü qaz bir göz qırpımında yox oldular... Ya yatmışdı ayıldı, ya da ayıq idi yatdı.
Ancaq yarı yuxulu, yarı ayıq Aydın gözəl anasının qaynanasına utana-utana dediyi sözləri aydınca eşidirdi: "Ana, heç vaxt bunu eləmək olmaz. Bu uşağı öldürmək olmaz. Bu uşağı yuxuda, boynuma düşəndən on gün əvvəl, peyğəmbərimiz mənə pay verib." Gəlin qaynanasından həya eləyib başını aşağı saldı. Araya dərin sükut çökdü... Zübeydə nənə mülayimcə “olsun” - deyib uzaqlaşdı...
Bu bir neçə dəqiqədə Aydın keçirdiyi həyəcandan bir-iki aylıqdan, dönüb yüz neçə yaşında oldu... Toxdasa da dəqiq anladı ki, bu qorxunu ömrü boyu ürəyinin dərinliklərində gəzdirəcək. Bu, ölüm qoxusu idi. Həyat, ömür hələ qabaqdaydı...
Aydın gözlərini açandan bir an əvvəl köhnə tanış dünyasından bir səs eşitdi: "Aparın!". Gözlərini açanda cərrahiyyə otağında çoxlu sayda mavi paltarlı adamlar gördü. Ilk xəyalına gələn narkozda gördüyü yuxu-nağılın sağ böyrəyinə sancılan quş dimdiyi oldu. Yəqin həmin anda cərrahlar onun sağ böyrəyini bədənindən ayırmışdılar.
Sonra ani olaraq yadına yuxu-nağılın başqa kadrları - göydən ölü quşların yağması düşdü... Son aylar qəzetlərin yazdığı, televiziyaların göstərdiyi "quş qripi"nin səhnələri... Və xəyalı onu uzaq uşaqlıq illərinə apardı...

***

Əməliyyat masasında Bəy Qasım burnuna gələn iyi heç cürə tanıya bilmədi. Çünki bu iy onun üçün yad və yeniydi, ömründə duymadığı, tanış olmayan, nə xoşa gələn, nə də ikrah olunası bir qoxuydu... Sol qolunun damarına dərman yeridikcə elə bil hündür mərtəbəli evlərin tikintisindəki nəhəng kran onu yatağıyla birgə yerdən üzüb, dənizin üstüylə çox-çox ucalara, ilıq havalı qərib bir yerə uzaqlaşdırırdı... Aşağıda, dənizin sahilində, keçmiş neft buruqlarının tələm-tələsik qurudulmuş yerində Bəy Qasımın tikdirdiyi çoxmərtəbəli evlər sıralanırdı. Vaxtilə Ekologiya Komitəsindən Bəy Qasıma demişdilər ki, bu sahədə radiasiya şəhərin ümumi səviyyəsindən 94 dəfə çoxdur. Və bu şüalanma təxminən 1600 il davam edəcək. Bu evlərdə yaşayanlar və yeni doğulanlar uzun illər böyük şüalanmaya məruz qalacaqlar. Şikəst, ölü uşaqlar doğulacaq, dürlü-dürlü xəstəliklərə tutulacaqlar! Ancaq o vaxt Bəy Qasım sözə baxmadı. Insafən, Bəy Qasımın şəriki yüngül də olsa, bu yerdə evlərin tikilməsinə etiraz elədi. Xülasə, köhnə neft buruqlarının yerində böyük bir şəhərcik saldılar.
Bəy Qasımın əməliyyat masası ilə birlikdə dənizin üstüylə yelləndirən kranın qolu uzandıqca uzanırdı, o çarpayıyla birgə çox böyük sürətlə yerdən uzaqlaşırdı. Ancaq qəribəsi bu idi ki, söylənilən, həyatda, televiziya ekranlarında, kino filmlərdə, Xirosima-Naqasaki faciəsinin dünyadakı sonsuz nümayişlərində gördüyü şikəst, xəstə, ölü uşaqlar, qadınlar, kişilər və onların bir-birinə çox bənzəyən gözləri onunla birgə yerdən uzaqlaşırdı. Bu gözlər ondan əl çəkmirdilər, ən yaxın məsafədə onunla uçurdular. Bəy Qasımın əlləri bağlı olmasaydı ya gözlərini qapayardı, ya da heç olmasa əlləriylə bir azca onları uzaqlaşdırardı...
Birdən şappıltıyla dənizə çırpıldı bu uçan masa. Bəy Qasım gördü ki, üzü-gözü, əyni-başı qapqara mazuta bulaşıb. Göydəki buludlar apaydın, ağappağıydı. Özünü nəhəng neft daşıyan gəminin batdığı sularda mazuta bulaşmış qağayı kimi hiss elədi. Gözləri işıldayırdı. Gözlərinin önündə bu yaxınlarda hansısa ərəb ölkəsinin dənizdə qəzaya uğramış neft daşıyan gəmisinin törətdiyi ekoloji faciənin səhnələri canlandı: "Mazuta bulaşmış qara qağayı, qanadları sallaq, gözləri insan baxışlı...".
Bəy Qasımın qulaqlarında dənizin və neft fəvvarələrinin uğultusu qarışıq şeir misraları eşidilirdi.
Bu kədərli şeiri deyənin səsi ona çox tanış gəlirdi, ancaq nə illah elədisə, yadına sala bilmədi kimliyini...

Qasım gözlərini açanda özünü müxtəlif tibb cihazlarının, monitorların əhatəsində gördü, ancaq yaddaşındakı əməliyyat otağında yox, palatada. Əllərini alnına çəkdi, başı keçə kimiydi, sağ böyründəki yandırıcı ağrılar an-an şiddətlənirdi. Tibb bacısı sol qolunun damarlarındakı düyməcikdən dərman yeridirdi...
Qasım bir də gözlərini açanda nə qədər vaxt keçdiyini anlayammadı. Başının üstündə dayanan, mavi xalat geyinmiş nə müddətdir tanıdığı tərcüməçidən əməliyyatın necə keçdiyini soruşdu. Tərcüməçi otaqdakı cərrahlardan biriylə iki-üç dəqiqə söhbət edəndən sonra, Qasıma izah elədi ki, bu günkü əməliyyat bitsə də, proqnozlaşdırmaq mümkün olmayan bir səbəbdən bir-iki gündən sonra daha bir əməliyyat lazım gələ bilər...
Cərrah T.Starzl tərcüməçiyə izah elədi ki, xəstədə qara ciyər arteriyasının hissəvi trombozu və yeddi-on faiz halda əməliyyatdan dərhal sonra rast gəlinən ağırlaşma - köçürülən qara ciyərin öz vəzifəsini icra etməməsi baş verib. Bu fəsad öd ifrazının azalması və ya itməsi ilə özünü göstərir. Əgər otuz altı saat ərzində vəziyyət dəyişməsə, təcili retransplantasiya (yeni qara ciyər payı köçürülməsi) icra olunmalıdır.
Tərcüməçi dəqiqləşdirmək istədi:
- Yəni yenidən həmin donordan bir hissə qara ciyər köçürmək?
- Bəli. Əgər donor razılaşmasa, bu qısa müddətdə bütün göstəriciləri uyğun gələn donor tapmaq çətin olacaq...
Bəy Qasım gözlərini tavana zilləmişdi, gözləri yol çəkirdi. Mavi rəngli tavan bənövşəyi zəfəran ləkini xatırladırdı: Bağrındakı qiymətli qonur-çəhrayı tozcuqları yığılmış zəfəranlığı...

2004-2007

http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=295
XS
SM
MD
LG