Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:47

«Hayıf ki, məni tez tutdular». 2 aprel məhkəməsi davam edir


2 aprel aksiyası
2 aprel aksiyası
«Hayıf ki, məni tez tutdular, səsləndirməyə yüzlərlə şüarım var idi».

AXCP üzvü Babək Həsənov məhkəməsində sərbəst ifadə verərkən belə deyib.

İyulun 22-də Səbail rayon Məhkəməsində 2 aprel aksiyası zamanı həbs olunmuş müxalifətçilərdən altısının işi üzrə növbəti məhkəmə prosesi keçirilib. AXCP üzvləri - Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Arif Alışlı, Müsavat Partiyasının üzvü Elşən Həsənov və bitərəf Elnur İsrafilov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə təqsirləndirilirlər.

İttiham aktında deyilir ki, həmin 6 nəfər asayişi pozub, polisin tələbinə məhəl qoymayıb, 25 mülki şəxsə və polisə xəsarət yetirib. Eyni zamanda, hərəkətdə olan avtobusu dayandırıb üç nəfəri qaçırdıblar, həmin avtobusa 1325 manat ziyan vurublar.

Məhkəmənin budəfəki iclasında Babək Həsənovla yanaşı, Müsavat Partiyasının üzvü Elşən Həsənov sərbəst ifadə verib. Zərərçəkən Sarvan Məhərrəmovun nümayəndəsi Tamerlan Seyidov dindirilib.

«3 GÜN AC-SUSUZ SAXLANMIŞAM»

AXCP üzvü Babək Həsənov ifadəsində bildirib ki, aprelin 2-də təşkil olunan aksiyaya heç kəsin təkidi olmadan, öz sosial problemlərini səsləndirmək üçün qatılıb. Dediyinə görə, 7 il Qarabağ müharibəsində iştirak edib, amma indi birotaqlı mənzili belə yoxdur, 3 azyaşlı uşağı ilə illərdir kirayədə qalır. Babək Həsənov deyib ki, onun aksiyada iştirakı cəmi 1 dəqiqə çəkib, aksiya təzəcə başlayıb və o ilk şüarını səsləndirən kimi polislər onu saxlayıb maşına mindiriblər. Belə olan halda isə onun kiməsə maddi zərər vurması absurddur. Onu da deyib ki, barəsində həbs qətimkan tədbiri seçilənə kimi 3 gün polis bölməsində ac-susuz saxlanılıb, stulların üstündə gecələyib, ilk günlər vəkillə təmin olunmayıb.

«HAYIF Kİ, MƏNİ TEZ TUTDULAR...»

Daha sonra Babək Həsənov dövlət ittihamçısı və vəkillərin suallarını cavablandırıb.

Dövlət ittihamçısı: Aksiyada hansı şüarları səsləndirmisiz?

Babək Həsənov: Aksiyaya getmişdim deyəm ki, ay prezident, aç qulağını, eşit ki, Qarabağ qazısı illərdir 5 ailə üzvü ilə hansısa bir fərarinin evində kirayə qalır.
Məhkəmənin qarşısı
«Korrupsiyaya yox!» deməyə getmişdim. Amma hayıf ki, məni tez tutdular, səsləndirməyə yüzlərlə şüarım var idi.

Babək Həsənov dedi ki, aksiyada iştirak etdiyi 1 dəqiqə ərzində və həbsi zamanı yanında Xalq Partiyasının lideri Pənah Hüseyn və AXCP sədrinin müşaviri Şakir Abbasov olub. Vəkillər də bu şəxslərin şahid kimi dindirilməsi barədə vəsatət qaldırdılar. Hakim ittihama baxılandan sonra bu məsələyə münasibət bildirəcəyini dedi.

XƏSTƏ YATAĞINDAN BÖLMƏYƏ

Daha sonra Müsavat Partiyasının üzvü Elşən Həsənov sərbəst ifadə verdi. Bildirdi ki, aksiyaya qatılmağının əsas səbəbi illərdir işsiz olmağı, xəstəliyinə görə pulsuz tibbi yardım ala bilməməsidir. Elşən Həsənov da deyib ki, aksiya başlanandan təxminən 5-6 dəqiqə sonra polislər tərəfindən saxlanaraq avtobusa mindirilib. Həmin gün azad olunsa da, aprelin 6-da polislər onu evdə xəstə yatarkən yataqdan qaldırıb bölməyə aparıblar, həbs ediblər. Elşən Həsənov kiməsə maddi zərər vurması ilə bağlı ittihamı «əsassız» adlandırıb.

POLİSLƏRİN XAHİŞİ İLƏ

Məhkəmədə zərərçəkənlərdən Sarvan Məhərrəmovun nümayəndəsi Tamerlan Seyidov da dindirilib. O deyib ki, 316 saylı marşrutun sürücüsü Sarvan Məhərrəmova 1325 manat zərər dəyib və o, bu zərərin ödənilməsini tələb edir. Tamerlan Seyidovun dediyinə görə, Sarvan Məhərrəmov polislərin xahişi ilə onları aksiya keçirilən «Fəvvarələr meydanı»na gətirib. Kənarda dayanıb müşahidə edən zaman görüb ki, aksiya iştirakçıları arasında polisi təhqir edənlər, polisə tabe olmayanlar var. Tamerlan Seyidov bildirib ki, avtobusa zərər vuranlar Arif Alışlı, Zülfüqar Eyvazov, Elnur İsrafilovSahib Kərimovdur.

Tamerlan Seyidov vəkillərin və ittiham olunan Sahib Kərimovun bir neçə sualına cavab verə bilmədi. Onun dedikləri ilə zərərçəkən Sarvan Məhərrəmovun məhkəmədə oxunan ifadələrində üst-üstə düşməyən məqamlar oldu.

«TƏPİYİ 1 MANAT VERİB SİLDİRMƏK DƏ OLAR»

Sahib Kərimov: Siz deyirsiz ki, avtobusun şüşəsi Mərdanov qardaşları küçəsi ilə Xəqani küçəsinin kəsişdiyi yerdə sınıb. Daha sonra avtobus Üzeyir Hacıbəyov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişdiyi yerə gəlib. Dediyinizə görə, sürücü bizi o zaman avtobusun yanında görüb. İkinci şüşə də o zaman arxadan atılan butulkanın zərbəsindən sınıb. Belə olan halda bizə qarşı niyə mülki iddia qaldırırsız? Axı öz dediyinizdən də belə çıxır ki, biz şüşə sındırmamışıq.

Tamerlan Seyidov: Sarvan Məhərrəmov ümumiyyətlə ona dəymiş ziyanı tələb edir. Siz də aksiyanın
Vəkil İlqar Məmmədov
təşkilatçısınız.

Sahib Kərimov: Axı əlinizdə bizim maddi zərər vurmamızla bağlı heç bir fakt yoxdur?!

Tamerlan Seyidov: Arif Alışlı özü deyib ki, avtobusa təpik vurub.

Arif Alışlı: Sındırmaq başqa, təpik vurmaq başqa. Yoldan bir uşaq tutub 1 manat pul verib təpiyin izini sildirmək də olar.

İttiham olunanların vəkilləri Tamerlan Seyidovun sualları cavablandırmasından narazı qalıblar, məhkəmə qarşısında vəsatət qaldırıblar ki, zərərçəkən Sarvan Məhərrəmov özü prosesdə iştirak etsin və sualları cavablandırsın. Dövlət ittihamçısı buna qarşı olsa da, hakim vəsatəti təmin edib.

ZƏRƏRÇƏKƏN MƏHKƏMƏYƏ GƏLSİN!

Vəkil İlqar Məmmədov:

«Məhkəmə zərərçəkəni prosesdə iştiraka dəvət etdi, amma qanunvericiliyin tələbidir ki, təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş şəxsin məhkəmədə iştirakı məcburidir. Həm məhkəmə, həm də ittiham tərəfi hər bir vəchlə çalışır ki, həmin zərərçəkmiş şəxs məhkəmədə iştirak etməsin. Çünki hazırlıq iclasında həmin şəxs iştirak etmişdi və suallara cavab verə bilməmişdi, işə aidiyyəti olmayan şeylər danışmışdı, hər bir kəsə göstərmişdi ki, bu işlə əlaqəsi yoxdur. Hətta həmin şəxs harada olduğunu bilmirdi».

Zərərçəkənlərin nümayəndələri məhkəmədə onu da bildirdilər ki, zalda oturanlar onları həm proses zamanı, həm də prosesdən kənarda təhqir edirlər. Bu zaman zalda qarışıqlıq yarandığından hakim prosesi izləyənlərdən 5 nəfəri məhkəmə zalından çıxartdı.

Növbəti məhkəmə iclası iyulun 29-a təyin olunub.

ƏVVƏLKİ MƏHKƏMƏDƏ

2 aprel məhbusu: «Bizim məhkəməmiz «avtobus şousu»dur»
XS
SM
MD
LG