Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:47

DİN jurnalistin müraciətinə baxacaq


idrak Abbasov
idrak Abbasov
“Jurnalist İdrak Abbasovla bağlı Elçin Şıxlının nazirə müraciətinə hökmən baxılacaq”.

Bunu AzadlıqRadiosuna Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib.

Sentyabrın 24-də “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı son zamanlar jurnalist İdrak Abbasovun başına gələnlərin araşdırılması, onun və ailə üzvlərinin təhlükəsizliyinin təmin olunması ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib.

Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məsələnin araşdırılacağını və nəticə barədə Elçin Şıxlıya məlumat veriləcəyini bildirir:

“Daxili İşlər Nazirliyinə edilən hər bir müraciət rəhbərliyin ciddi nəzarətində olur. Belə müraciətlər nazirin diqqətindən kənarda qalmır. Əgər Elçin Şıxlı nazirə müraciət edibsə, hökmən baxılıb məsələ ilə bağlı araşdırma aparılacaq və nəticə barədə ona məlumat veriləcək”.

Sentyabrın 23-də saat 21:00-da “Ayna” və “Zerkalo” qəzetlərinin, eləcə də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşı İdrak Abbasovun ailəsinin yaşadığı həyətə basqın olub. 20 AA 414 nömrə nişanlı “UAZ” markalı maşında gələn şəxslər jurnalistin ailə üzvlərini hədələyib, İdrak ağıllı olmasa daha pis hadisələrin baş verəcəyini deyiblər.

İ.Abbasov özünə və yaxınlarına qarşı davam edən təhdidlərlə bağlı sentyabrın 22-də prezident İlham Əliyevə, sentyabrın 23-də isə Mətbuat Şurasına müraciət edərək təhlükəsizliklərinə təminat istəyib. Bu barədə AzadlıqRadiosuna jurnalist özü məlumat verib.

İdrak Abbasov deyir ki, hazırda anası ilə qardaşı özəl klinikalardan birində müalicə alırlar. Anasının vəziyyəti hələ də ağır olaraq qalır. Atasının vəziyyətində isə irəliləyiş olduğu üçün bu günlərdə xəstəxanadan evə buraxılacaq.

Sentyabrın 9-da Dövlət Neft Şirkətinin qara uniformalı bir qrup əməkdaşı jurnalist İdrak Abbasovun ailəsinə məxsus həyətə daxil olaraq evi uçurub, onun valideynlərinə və qardaşına xəsarət yetiriblər. Jurnalistin anası Naimə Quliyeva və qardaşı Ədalət Abbasov 1 saylı şəhər xəstəxanasına, atası Telman Abbasov isə 4 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Jurnalistin dediyinə görə, sonradan o anası və qardaşını özəl klinikalardan birinə köçürtmək məcburiyyətində qalıb.
XS
SM
MD
LG