Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:43

Tomas de Vaal: "Lənətlənmiş dairə yaranıb"


Thomas de Waal
Thomas de Waal
Washinqton-dakı Beynəlxalq Sülh uğrunda Karnegi Fondunun eksperti, "Qara bağ" kitabının müəllifi Thomas de Waal-ın AzadlıqRadiosuna müsahibəsi.

- Bir çoxları düşünür ki, Qarabağ probleminin həlli Ermənistan və Azərbaycanın demokratikləşməsindən keçir. Əgər Gürcüstanın inqilabdan bir neçə il sonra Cənubi Osetiyaya qarşı hərbi əməliyyata başladığını nəzərə alsaq, bu yolu nə dərəcədə real saymaq olar?

- Əlbəttə, ideal dünyada münaqişələrin həlli üçün demokratikləşmə effektiv yoldur. Amma biz görürük ki, bir tərəfdən həm Ermənistan, həm də Azərbaycan demokratiyadan xeyli uzaqdırlar.

Digər tərəfdən isə konfliktin davam etməsi bu ölkələrdə inkişafın qarşısını alır. Başqa sözlə, burada bir lənətlənmiş dairə mövcuddur. Yəni, demokratiya olmadığı üçün münaqişə həll edilmir, münaqişə həll edilmədiyi üçün də demokratiya yoxdur.

Məncə, münaqişənin həlli üçün bütün səyləri demokratikləşmə yönündə sərf etmək səhv olardı.

Biz dünyanın başqa yerlərindəki konfliktlərə nəzər salsaq, görərik ki, hətta avtokratik liderlər də düzgün strateji qərarlar verə, sülh yarada bilirlər. Məsələn, çinlilərin Amerika ilə sülhə nail olduğunu görmüşük.

- İndi xalq demokratiyası haqda çox danışılır. Ziyalıların, adi insanların ünsiyyətinin problemin həllinə kömək edə biləcəyi deyilir. Əgər məsələn, Azərbaycanda Yazıçılar Birliyinin 1500 üzvü varsa və bu təşkilat dövlət büdcəsindən maliyyələşirsə, sizcə, onların Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi hökumətdən fərqlənə bilərmi?

- Məncə, ən böyük problem Azərbaycan cəmiyyətində də, erməni cəmiyyətində də Qarabağla bağlı debatın olmamasıdır, yəni, gələcəklə bağlı debatın. Bütün debatlar keçmişlə bağlıdır: kim haqlıdır, kim haqsızdır, Xocalıda nə baş verib, Sumqayıtda nə baş verib?..

Belə bir debat aparılmır ki, Azərbaycan və Ermənistan bu bölgədə necə dinc şəkildə, mehriban qonşu kimi yanaşı yaşaya bilər? Yəni, bu ölkələrin heç birində effektiv intellektual debat yoxdur. Biz ancaq 1988-ci ildən sonrakı hadisələrə əsaslanan qarşılıqlı ittihamları eşitməkdəyik.

- İki ölkənin müxalifət partiyaları arasında dialoq haqda nə demək olar?

- Əgər siz Azərbaycandakı müxalifət partiyalarının, məsələn, Müsavat Partiyasının bəyanatlarına fikir versəniz, görərsiz ki, onların Qarabağ məsələsindəki mövqeyi hakimiyyətdən də sərtdir. Eyni şeyi Ermənistandakı bəzi partiyalar haqqında da demək olar.

- Sizcə, bu amil münaqişənin hələ uzun illər həll edilməyəcəyini göstərir?

- Bilirsiz, bu məsələ haqda danışmaq müxalifət üçün daha asandır. Hakimiyyətdə olanlar isə qarşı tərəflə danışıqlar aparmalıdır. Real kompromisləri müzakirə etməlidir.

Diqqət çəkən məqam odur ki, Azərbaycan və Ermənistan prezidentləri Moskvada, Soçidə, Cenevrədə oturub real güzəştləri müzakirə edirlər, hansısa məqamlarda anlaşırlar, amma öz ölkələrinə qayıdanda həmin güzəştlərdən danışmırlar. Çünki buna gələ biləcək reaksiyalardan ehtiyat edirlər. Məncə, vacib olan odur ki, hər iki
Azərbaycan prezidenti İlham Əliyev (solda) rusiyalı həmkarı Dmitri Medvedevin (ortada) vasitəçiliyi ilə Ermənistan prezidenti Serj Sarkisyanla görüçür. 17 iyun, Sankt-Peterburq
Azərbaycan prezidenti İlham Əliyev (solda) rusiyalı həmkarı Dmitri Medvedevin (ortada) vasitəçiliyi ilə Ermənistan prezidenti Serj Sarkisyanla görüçür. 17 iyun, Sankt-Peterburq
prezident öz xalqına güzəştlər, konstruktiv şəkildə edilən kompromislərdən, gələcək planlardan danışmalıdırlar.

- Azərbaycan bu yaxınlarda BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Sizcə, bu, Qarabağ məsələsində Azərbaycanın mövqelərini gücləndirə bilərmi?

- Müəyyən mənada - bəli! Bu, Azərbaycan üçün Qarabağ məsələsi haqda danışmaq üçün bir platformadır. Amma həlledici məsələlərə gəldikdə, məncə, cavab belədir - yox! Çünki ATƏT-in Minsk qrupunun üç həmsədri - ABŞ, Rusiya, Fransa BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir. Və onlar BMT vasitəsilə sülh prosesində dəyişiklik etmək yönündə cəhdlərə veto qoya bilərlər.

- Bəs, Azərbaycanın TŞ-nin qeyri-daimi üzvü olduğu 2 ildə silahla öz ərazi bütövlüyünü bərpa etməyə cəhd edə biləcəyi ehtimalına necə baxırsız?

- Məncə, heç kim qarşıdakı 2 ildə Azərbaycanın münaqişəni silah gücünə həll edə biləcəyi ehtimalına ciddi baxmaz. Silahların işə düşməsi hamı üçün bir fəlakət olar.

- İndi İrana beynəlxalq təzyiq artır. Hətta İrana hücum oluna biləcəyi haqda da ehtimallar səslənir. Gərginliyin artması, yaxud mümkün hücum Cənubi Qafqaza, xüsusən də Qarabağ münaqişəsinə necə təsir edə bilər?

- Əvvəla, mən inanmıram ki, Obama administrasiyası İranda hər hansı hərbi əməliyyat keçirmək istəyir. ABŞ xarici siyasətdəki səylərini axır vaxtlar əsasən iki istiqamətdə cəmləyib: qoşunları İraq və Əfqanıstandan çıxarmaq yönündə.

Amma, əlbəttə, İranında gərginlik artarsa, orada böyük azərbaycanlı icmasının olması səbəbindən həmin gərginlik Qafqaza da keçə bilər. Bu, Qarabağla bağlı situasiyanı daha da qeyri-stabil edə bilər. İran bu mənada destabilizasiya faktoruna çevrilə bilər. Amma əgər İran demokratikləşsə, bu, əksinə sabitləşdirici faktor ola bilər. Çünki İranın həm Azərbaycan, həm də Ermənistana təsir imkanları var.

Həmçinin oxu

Keçmiş ABŞ səfiri Richard Kauzlarich: "Korrupsiya Azərbaycan üçün faciədir"
XS
SM
MD
LG