Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:52

ABŞ İranda virtual səfirlik açıb


Virtual səfrilik
Virtual səfrilik
1979-cu ildən Amerikanın İranda səfirliyi yox idi. Dekabrın 7-dən isə Birləşmiş Ştatların Tehranda virtual səfirliyi fəaliyyət göstərəcək. Bunun üçün xüsusi veb-sayt açılıb.

Saytda ABŞ Dövlət katibi Hillary Clinton'un video müraciəti yerləşdirilib. Sayt istifadəçilərini salamlayan H.Clinton ümid etdiyini bildirir ki, virtual səfirlik bu ölkənin vətəndaşlarına açıq və qorxu hiss etmədən ünsiyyət saxlamaq imkanı verəcək:

ABŞ VƏ İRAN XALQLARI ARASINDA KÖRPÜ

«ABŞ və İran arasında diplomatik münasibətlər olmadığından bizim sizinlə - İran vətəndaşları ilə dialoq imkanlarımız olmayıb. Lakin bu gün bu boşluğu doldurmaq, ölkələrimiz və xalqlarımız arasında anlaşmaya nail olmaq üçün biz yeni texnologiyalardan istifadə edə bilərik. Ona görə də bu virtual səfirliyi yaratdıq».

Dövlət katibinin videomüraciətini müşayiət edən mətndə isə deyilir ki, bu sayt rəsmi diplomatik missiya deyil. ABŞ-ın İranda akkreditasiya olunan səfirliyi anlamına gəlməməlidir. Bildirilir ki, birbaşa əlaqənin olmadığı bir vaxtda virtual səfirlik ABŞ və İran xalqları arasında körpü rolunu oynaya bilər.

1979-cu il İslam inqilabından sonra ABŞ-ın Tehrandakı səfirliyindən 52 amerikalı girov götürülmüşdü. Həmin vaxtdan iki ölkə arasında birbaşa əlaqələr yoxdur. Vaşinqtonun maraqlarını İsveçrənin Tehrandakı səfirliyi təmsil edir.

Tehranda internet-kafe
Tehranda internet-kafe
Yeni açılan sayt isə təkcə iki ölkənin insanları üçün ünsiyyət meydanı olmayacaq. Həm də ABŞ-a vizanın necə alınması, Amerikada təhsil haqqında məlumatlar, İranda insan hüquqlarının vəziyyətinə dair beynəlxalq hesabatlar yer alacaq. Saytdakı məlumatlar ingilis dili ilə yanaşı, fars dilində də olacaq.

SAYT VİZA MƏSƏLƏSİNİ HƏLL EDƏCƏKMİ?

Bu yaxınlarda Ağ Ev «Facebook» və «Twitter»də özünün fars dilində səhifəsini açıb. Dövlət Departamenti farsdilli sözçü təyin edib. Virtual səfirlik də sadə iranlılarla birbaşa əlaqə qurmaq üçün növbəti addımdır.

ABŞ vizası almaq istəyən iranlılar indi bunu sayt vasitəsilə edə biləcəklər. Ancaq istənilən halda onlar müsahibədən keçməli və viza almaq üçün qonşu ölkəyə getməli olacaqlar.

ABŞ-da təhsil alan iranlı tələbə Mehdi Arabashahi isə deyir ki, virtual səfirliyin açılması daha çox simvolik addımdır. Bu, ABŞ vizası almaq kimi mürəkkəb və bahalı prosesi o qədər sadələşdirə bilməyəcək.
XS
SM
MD
LG