Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:45

Zaqatalada polis və saqqal problemi


Foto: Arxiv
Foto: Arxiv
Zaqatalanın Yuxarı Tala kəndindən Allahyar Yusifov AzadlıqRadiosunun «Qaynar xətti»nə rayon polisindən şikayət edib. Deyir, martın 12-də yaşadığı kənd ərazisində üstünə polis geyimli şəxs hücum çəkib. Onu hədələyərək maşına oturtmaq və polisə aparmaq istəyib. O isə polis geyimli şəxsin əlindən çıxıb qaçıb. Deməsinə görə, hadisə barədə Daxili İşlər Nazirliyinin 102 «qaynar xətt» xidmətinə 2 dəfə zəng edib xəbər verib. Ancaq bu günə kimi polis onun başına gələnlərlə maraqlanmayıb.

«102 XİDMƏTİNƏ 2 DƏFƏ ZƏNG VURDUM, AMMA...»

Allahyar Yusifov: «Taksi gözləyirdim. Şəxsi bir maşın saxladı, içərisindən polis geyimli bir nəfər düşdü, məni əl işarəsi ilə yanına çağırdı və dedi ki, maşına otur, mənimlə getməlisən. Mən ondan sənəd göstərməsini tələb etdim, ancaq o, məni sürütləyərək maşına mindirmək istədi. Əlindən birtəhər çıxıb qaçdım. Bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə 2 dəfə zəng edib məlumat vermişəm, ancaq bu günə qədər də maraqlanan olmayıb».

Allahyar Yusifov deyir ki, əvvəllər də onu saqqal saxlamasına görə dəfələrlə polisə aparıb təzyiqlər göstəriblər, saqqalını məcburi qırxıblar. Sonra da polisin qanuni tələbinə tabe olmama, ictimai asayişi pozma və başqa bəhanələrlə protokollar tərtib edib cərimələyiblər:

«SAQQALIMI ZORLA QIRXIB ŞƏKLİMİ ÇƏKDİLƏR»

«Şəxsiyyət vəsiqəsi üçün saqqalda şəkil çəkdirmişdim. Qəbul eləmədilər, məni polisə aparıb zorla saqqalımı qırxdılar, şəklimi çəkib şəxsiyyət vəsiqəsinə vurdular. Mənim saqqallı yoldaşlarıma da bunu tətbiq elədilər. Biz də bu şəxsiyyət vəsiqələrini götürməkdən imtina etmişik. İndi Zaqatala rayon Polis Şöbəsini və Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsini məhkəməyə vermişik».

Allahyar Yusifov hesab edir ki, başına gələn son hadisə də polisi məhkəməyə verməsi ilə bağlı olub. Bu hadisədə polisin marağı olduğuna görə onun 102 xidmətinə etdiyi şikayətləri araşdırılmır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna bildirib ki, baş verənlər barədə hələlik bir söz deyə bilməz. Bu faktı araşdırıb nəticəsi barədə məlumat
Namizəd Səfərov
Namizəd Səfərov
verəcək.

«POLİSİN HƏRƏKƏTLƏRİ QANUNA SIĞMIR»

Hüquqşünas Namizəd Səfərov deyir ki, «Polis Haqqında» qanunda polis əməkdaşının vətəndaşlarla davranış qaydaları əks olunur. Göstərilir ki, polis əməkdaşı öz hüquq və vəzifələrini həyata keçirərkən vətəndaşlarla olduqca mülayim, hörmətlə, ümumi davranış qaydalarını gözləməklə təmasda olmalıdır:

«Qanuna görə, polis əməkdaşı vətəndaşı cinayət başında yaxalayarkən onu iradəsinin ziddinə polis şöbəsinə apara bilər. Hətta bu halda da polis əməkdaşı özünü mütləq təqdim etməlidir. Digər hallarda onun vətəndaşı küçədən tutub zorla polis şöbəsinə aparması qanunaziddir. Ona çağırış vərəqəsi göndərməlidir, həmin vərəqədə vətəndaşın hüquqları qeyd olunmalıdır və s.».

Hüquqşünas deyir ki, vətəndaşın sənəd üçün şəkil çəkdirərkən məcburi şəkildə saqqalının qırxılması da qanunsuzdur:

«Vətəndaşa təklif oluna bilər ki, üz cizgilərinin aydın görünməsi üçün saqqalını azaltsın və s. Vətəndaş inadkarlıq etsə, bu zaman sənəd verən orqan sadəcə onun çəkdirdiyi şəkli qəbul etməyə bilər. Vətəndaş da məcbur qalıb, necə deyərlər, saqqalına əl gəzdirib fərqli bir şəkil çəkdirməli olacaq. Qanunvericilikdə göstərilir ki, vətəndaş sənəd üçün şəkil çəkdirərkən üz cizgiləri aydın görünməlidir».
XS
SM
MD
LG