Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:50

MTN-in saxladığı şəxslərin ailə üzvləri AzadlıqRadiosuna danışdı


Milli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi (MTN) 2 gün ard-arda silah-sursat saxladıqları bildirilən şəxsləri ifşa etdiyini açıqlayıb.

Aprelin 13-də MTN-in Zaqatalada həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Mahmud LələyevTeymur Qaracayev tutulub. Onların evlərindən və pay torpaqlarının ərazisindən silah-sursat, partlayıcı qurğuların aşkar edilərək götürüldüyü bildirilir.

Aprelin 12-də isə nazirlik məlumat yayıb ki, İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana odlu silah, döyüş sursatı, habelə narkotik vasitələrin keçirilməsində təqsirli bilinən bir qrup şəxsi saxlayıb. Məlumatda İran vətəndaşları - Nasir Əbdi, Əli Dəlir, Əli Rəhmani, Azərbaycan vətəndaşları - Qabil Xubaliyev, Ruslan Məmmədov, Arzuman Mürşüdov, Niyaməddin Lalayev, Vadim Qəniyev və qeyrilərinin adları çəkilir.

«ÖMÜR BOYU ONDA SİLAH OLMAYIB»

AzadlıqRadiosu adları keçən şəxslərdən bir neçəsinin ailələri ilə əlaqə saxlayıb.
İrandan Azərbaycana odlu silah, döyüş sursatı, habelə narkotik vasitələrin keçirilməsində təqsirli bilinənlərdən Arzuman Mürşüdovun atası Məmmədəli Mürşüdov deyir ki, oğlu kiminsə güdazına gedib:

«Oğlumun üstündə qəti silah olmayıb, silahla maraqlanmaq xasiyyəti olmayıb. Ömür boyu onda silah olmayıb. Ova gedə, bir dənə dovşan tuta... belə söhbət olmayıb».

Masallının Güllütəpə kəndində yaşayan Məmmədəli Mürşüdov danışır ki, kənddə işsizlik olduğuna görə oğlu Arzumanı Rusiyaya yollayıbmış. Amma qısa müddət sonra geri qayıdıb. Məmmədəli Mürşüdov bildirir, 1985-ci ildə oğlu hərbi xidmətdə qəzaya düşüb, aldığı travma onda psixi pozğunluğa səbəb olub. O, oğlunun saxlanması ilə nəticələnən hadisəni belə nəql edir:

«GÜNAHI ODUR Kİ, SADƏLÖVHDÜR»

«Balaca nəvəm evdə idi, nahar edirdi. Evdə odunumuz yox idi. Odun gətirməyə gedəcəkdi. Biri zəng elədi, dedi «Arzuman, mənim filan yerdən qonaqlarım gəlib, çıx onları evə qəbul elə». O da gedib odun gətirməyə, günortadan sonra o qonaqlara da rast gəlib. Bu işin sənətkarı idisə, niyə saat 6 radələrində, gündüz hava işıqlı ola-ola gətirirdi? İki dənə toyuq kəsib, bişirib onlara. Gecə olub, qonaqlar deyib «bizi aparacaqsan», oğlum da saxlayıb ki, qalın.
Foto: Arxiv
Foto: Arxiv
Deyiblər, «yox, biz filankəsə vəd vermişik». Bu, nə siyasət olub, nə fırıldaq olub, bilmirəm. Onun günahı odur ki, sadəlövhdür».

Məmmədəli Mürşüdov deyir ki, İran vətəndaşları - Nasir Əbdi, Əli Dəlir, Əli Rəhmanini heç vaxt tanımayıblar. Həmin şəxslər Arzuman Mürşüdovun evində əyləşəndə, öz əşyalarını həyətdəki toyuq hinində yerləşdiriblərmiş. Atası deyir ki, oğlunun evindən hər hansı silah aşkarlanmayıb, əməliyyatçılar iranlılara məxsus silahları toyuq hinindən götürüblər.

Arzuman Mürşüdov evlidir, 7 uşaq atasıdır. İşsizdir, ailəsini isə atası və Rusiyada işləyən qardaşları dolandırır. Atası deyir ki, o özü və bütün oğulları hakim Yeni Azərbaycan Partiyasının üzvləridirlər.

«SİLAH NƏ GƏZİR ONDA...»

Eyni cinayətdə təqsirli bilinib həbs edilən Vadim Qəniyevin atası Abdulcabbar Qəniyev də oğlunun adının silah işində keçməsinə təəccübləndiyini deyir:

«Eşitdiyimə görə, onun üstündə heç nə tapılmayıb. Silah nə gəzir onda... Özüm dəqiq deyə bilmirəm heç nə, çünki oğlumu görməmişəm. Onu şübhəli şəxs qismində saxlayıblar. Qonaq evində olub o. Lələyevin yanına qonaq gedibmiş. Orda tutublar. Mən dəqiq bilirəm ki, başqa əlaqəsi ola bilməz».

Xaçmaz rayonunun Yalama kəndində yaşayan Abdulcabbar Qəniyev deyir ki, yaşadıqları yerdə iş yox imiş. 32 yaşlı Vadim atasına evin tikintisində kömək edirmiş.

MTN-in Zaqatalada həyata keçirdiyi xüsusi əməliyyatda saxlanılan Teymur Qaracayevin də atası oğlunun yanlış ittiham olunduğunu iddia edir:

«GÜNDƏ 5 NAMAZINI QILIB»

Foto: Arxiv
Foto: Arxiv
- Məlumatı var idi oğlumun, onların dostu olub, birlikdə işləyiblər, suvaq vurublar. Amma özü ömür billah belə iş görən adam deyil. Gündə 5 namazını qılıb, işinə gedib uşaqlarına çörək qazanan adamdır.

- Sizin evinizdə, oğlunuzun evində axtarış aparıblar?

- Gəliblər, baxıblar. Düzdür, oğlumun onlardan xəbəri var imiş, vaxtında bu da deməyib. Onu da qorxudublar ki, ailəni belə edərəm, elə edərəm.

- Oğlunuzu kim qorxudub?

- Həmin o adamlar. Tutulanlar. Ailəsinə ziyan verəcəklərindən qorxub, sıxılıb qalıb. Axırda da belə olub. Çıxmayıb onun evindən heç nə. Özləri də etiraf etdilər ki, sizdə heç bir şey yoxdur.

- Sizin oğlunuz hansısa qruplarla görüşləri olubmu?

- Yox, yox. Bu, bizim nəslin işi deyil.

Təqsirləndirilən şəxslərin ailələrinin açıqladıqlarına Milli Təhlükəsizlik Nazirliyindən cavab öyrənə bilmədik.
XS
SM
MD
LG