Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:56

Müharibəyə getmiş 660 min azərbaycanlıdan biri ilə söhbət [Video]


Qiyas Vəliyev
Qiyas Vəliyev
Mayın 9-da Azərbaycanın hər yerində 2-ci Dünya Müharibəsinin - faşizm üzərində qələbənin 67-ci ildönümü qeyd olundu. Həmişə olduğu kimi bu il də veteranlar Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önünə toplaşdılar.

Ümumən veteranlar vəziyyətlərindən şikayətlənməsələr də, pensiyalarının daha çox olması istəklərini də gizlədə bilmirdilər. Sayı ildən-ilə nəzərəçarpacaq dərəcədə azalan veteranların əsas narazılığı isə sovet dövründən banklarda qalan əmanətlərin qaytarılması qaydasından oldu.

«OT DAŞIYIB KOLXOZUN İNƏKLƏRİNƏ YEDİRDİRDİK»

1926-cı il təvəllüdlü müharibə veteranı Qiyas Vəliyev deyir ki, sovetlərin Böyük Vətən Müharibəsi adlandırdığı 2-ci Dünya Müharibəsində vəziyyətləri çox ağır olub. Maşın təkərindən çarıq tikib geyiniblər. Dağdan bellərində ot daşıyıb kolxozun inəklərinə yedirdiblər ki, cəbhədə ərzaq çatışmazlığı olmasın. Üstəlik, vətən naminə öz heyvanlarının da südünü, yağını, yununu hökumətə veriblər. Amma indi:

«İndi bizə bankda olan halal pulumuzu da vermirlər. Öz pulumuzu özümüzə verən yoxdur. Pensiya ilə də dolana bilmirik. Qazpulu, işıqpulu, supulu var».

Qiyas kişi deyir ki, hara gedir, pul verməli olur. İndi də onu onurğasından müayinə etməlidirlər. Bu da puldur. Üzvü olduğu poliklinikada həkimdən narazılığı olmadığını desə də, narazı qaldığı məsələlər də var:

«30 000 PULUM VAR BANKDA»

«Mən ölüb gedirəm, qorxa –qorxa danışmaq lazım deyil. Narazılığım odur ki, əməyimizin haqqını özümüzə vermirlər. Heyvanlarımı Ermənistandan çıxardıb satdım. Gətirib pulunu Azərbaycan bankına qoydum ki, üstümdə pulum olsun. 30 000 pulum var bankda. O, mənim ölüm pulumdur. Banka qoydum ki, bəlkə öldüm, ordan götürüb istifadə etsinlər. İndi hər 1000 manata 100 manat verirlər. Ondandısa, heç verməsələr yaxşıdır. Camaatın başına belə oyun açmaq düzgün deyil. O vaxt pulumu qoymuşam, qardaş, mənim pulumu ver də.
Bu il də veteranlar Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önünə toplaşdılar
Bu il də veteranlar Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önünə toplaşdılar
Çatdırın hökumətə ki, ayə, belə olmaz, ay yoldaş. Camaat ölüb gedir».

Veteran deyir ki, dövlətin pulu olmasa, o da anlayar. Amma bilir ki, Azərbaycanda hər evə 2000 manat da verilsə, dövlətin pulu qurtarmaz. Bu qədər yeraltı sərvəti olan ölkə üçün o nə puldur axı, vermirlər?

«Azərbaycanda pul var axı. O villa tikənlər haradan alırlar pulu? Bir dəfə Qutqaşenə (indiki Qəbələ) getmişdim. Şahdağın ətəyində villalar gördüm. Bax o villa tikənlər, Qəbələyə sahib olanlar üçün pul var».

YERALTI SƏRVƏTLƏRDƏN XEYİR GÖRMƏYƏN VETERANLAR

Qiyas Vəliyev deyir ki. Azərbaycanda hər kəs işə öz adamını götürür. Onun kimilərinə kömək edən yoxdur. Məcburdur ki, papağını qarşısına qoyub yoldan ötənlərdən pul istəyə. Bu sözləri deyəndən sonra veteran papağını çıxardıb dizinin üstünə qoyur və bizdə bu işi necə həyata keçirəcəyi təsəvvürünü yaratmağa çalışır. Deyir Azərbaycanın yeraltı sərvətlərindən heç bir xeyir görə bilməyən veteranların çoxu indi yerin altındadırlar. Hamısı ölüb gedir. İndi növbə artıq ona çatıb. Bu yaşında uşaqlarını, nəvələrini ürəyi istədiyi kimi gedib görə bilmir. Deyir hökumətdən narazı öləcək. Çünki pulunu vermədi:

«Bizdən sonra nəvədən nəticədən də kimsəyə verməyəcəklər o pulu lazımi qaydada. Mən Ali Baş Komandandan – bizim prezidentimizdən xahiş edirəm ki, bu ölən veteranların da hamısının siyahısını tutsun. Bizim o ölüm pullarımızı versin».

Veteran bununla belə Azərbaycan xalqından narazı olmadığını bildirir. Deyir həmişə özünə diqqət görüb.
Onların bir qismi hətta müharibəyə könüllü gedib. 17 yaşları belə olmayıb.
Onların bir qismi hətta müharibəyə könüllü gedib. 17 yaşları belə olmayıb.
Elə bu gün də küçədə gələrkən qarşısına çıxanlar onu 9 May - Qələbə Günü münasibətilə təbrik edib. Amma ən çox güvəndiyi əl yanından uzaq qoymadığı əl ağacı idi. Deyirdi o olmasa, yeriyə bilməz.

17 YAŞINDAN MÜHARİBƏYƏ

Qiyas Vəliyevlə Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə söhbətləşdik. Veteran yoldaşı ilə oturacaqda yerini rahatlayıb dərdləşirdi. Ondan sonra bir neçə başqa veteranlarla da söhbətləşdik. Bəlli oldu ki, 2-ci Dünya Müharibəsi iştirakçılarından indiyə qalanların əksəriyyəti 1941-ci ildə çox cavan olub. Onların bir qismi hətta müharibəyə könüllü gedib. 17 yaşları belə olmayıb. Dərdləşdiyimiz veteranların demək olar ki, hamısı həyat yoldaşlarını itirdiklərini bildirirdilər.

«Bəs sizi kim belə səliqəli geyindirib bura göndərib» deyə soruşanda isə bildirirdilər ki, övladları diqqət göstərirlər. Amma bu, heç də hökumətin veteranlara az pensiya verməsinə əsas yaratmır.

Onu da deyim ki, prezident İlham Əliyevin sərəncamı ilə bu il, Böyük Vətən Müharibəsinin birbaşa iştirakçılarına hərəyə 500 manat, arxa cəbhədə xidmətdə olanlara isə hərəyə 200 manat birdəfəlik yardım edilib.
XS
SM
MD
LG