Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:00

Eamon Gilmore: Azərbaycandan 2013-cü il seçkilərinə dəvət gözləyirik


Eamon Gilmore
Eamon Gilmore
«Azərbaycan regionda yeganə ölkədir ki, bu qanun hələ də qəbul olunmayıb. Azərbaycanda diffamasiyanın dekriminallaşdırılması haqqında qanun qəbul olunsaydı çox yaxşı olardı. Bu münasibətlə həm hökumət, həm də Mətbuat Şurası ilə əməkdaşlığı genişləndirmək lazımdır».

Bunu iyunun 14-də ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eamon Gilmore parlamentin vitse-spikeri Bahar Muradova ilə görüşündə deyib. O, qeyd edib ki, plüralizm demokratik inkişafın irəliləməsində vacib faktordur:

«Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə birlikdə 2013-cü ilin oktyabrında keçiriləcək seçkilərdə iştirak üçün dəvət gözləyirik. Biz bu seçkilər zamanı əvvəlki seçkilərə nəzərən qəbul olunmuş hesabatların yerinə yetirilməsi və onlara əməl olunmasına da xüsusi diqqət yetiririk».

Eamon Gilmore ATƏT-in fəaliyyətdə olan sədri, eləcə də ATƏT nümayəndəsi kimi bildirib ki, Azərbaycanda ATƏT–in öhdəliklərinin yerinə yetirilməsi, bununla bağlı inkişaf onların tərəfindən dəstəklənir və bunu çox yaxşı qarşılayırlar.

DAĞLIQ QARABAĞLA BAĞLI NARAHATLIQ

«Biz həmçinin insan hüquqları sahəsində yeni Milli Fəaliyyət Proqramının qəbul olunmasını çox yaxşı qarşılayırıq. Xüsusilə də bu proqram çərçivəsində də şübhəlilər və təqsirləndirilən şəxslər haqqında qanun qəbul olunmasının nəzərdə tutulması çox yaxşı haldır».

Dağlıq Qarabağ münaqişəsinə də toxunan ATƏT sədri son dövrlər qoşunların təmas xəttində vəziyyətin pisləşməsi, eləcə də Azərbaycan və Ermənistan sərhəddində güc tətbiqi ilə bağlı vəziyyətdən narahatçılığını ifadə edib. Deyib ki, bu cür hərəkətlərin dayandırılması və hərbi qarşıdurmanın qarşısının alınmasının tərəfdarıdırlar. Hazırkı vəziyyət qəbul olunmazdır. Vəziyyəti yaxşılaşdırmaq üçün addımlar atılmasını vacib sayır.

«Prezidentlər Soçi görüşündə razılaşdırılmışdı ki, ölkələr arasında humanitar əlaqələr, eləcə də ziyalılar, vətəndaş cəmiyyəti səviyyəsində humanitar əlaqələrin genişləndirilməsi vacibdir və bu məsələdə də ATƏT öz dəstəyini verməyə hazırdır».

AZƏRBAYCANIN SİYASİ İRADƏSİ VAR

Vitse-spiker Bahar Muradova isə bütün beynəlxalq səylərin Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlməsinə rəğmən nəticənin olmamasından məyusluq ifadə edib. Bildirib ki, «Prezidentlər səviyyəsində imzalanmış bütün sənədləri və onların üzərimizə qoyduğu bütün öhdəlikləri Azərbaycanın yerinə yetirəcəyinə heç bir şübhəm yoxdur. Biz bunu hər zaman göstərmişik. Amma hazırda işğal faktı mövcuddur. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal altında saxlanılması davam edir və buna münasibət açıq şəkildə ortaya qoyulmalıdır».

Bahar Muradova diffamasiya haqqında qanunun qəbulu məsələsinə də münasibət bildirib:

«Bu istiqamətdə müzakirələr gedir. Azərbaycanın bu qanunu qəbul etməyə siyasi iradəsi var. Amma eyni zamanda biz Avropadan dostlarımız olan ölkələrin də təcrübəsini öyrənmək istəyirik. Çox təəssüf ki, Avropa Şurasının üzvü olan 25-dən artıq dövlət hələ bu qanunu qəbul etməyib və bizə də maraqlıdır nədən qəbul etmirlər».

Vitse-spiker 2013-cü ildə keçiriləcək prezident seçkilərinə dəvətin mütləq olacağını və bütün beynəlxalq təşkilatların, eləcə də Azərbaycana gəlmək istəyən bütün müşahidəçilərin fəaliyyət göstərməsi üçün şərait yaradılacağını da bildirib.
XS
SM
MD
LG