Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:21

17 saylı həbsxanada baş verənlə bağlı cinayət işi açılıb


Foto: Arxiv
Foto: Arxiv
-
Dekabrın 6-da 17 saylı cəzaçəkmə müəssisəsində baş verənlərlə bağlı cinayət işi açılıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən AzadlıqRadiosuna verilən məlumatda belə deyilir.

Məluma görə, qanunazidd hərəkətlərə yol vermiş bir neçə məhkum barəsində Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə (Cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozma) cinayət işi başlanıb.

DEKABRIN 6-DA NƏ BAŞ VERİB?

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov dekabrın 6-da həmin həbsxanada məhkumlar arasında qalmaqal yaşandığını deyir:

«Dekabrın 6-da 17 saylı cəzaçəkmə müəssisəsində cinayətkar aləmin adət-ənənələrinə riayət etməyə çalışan bir qrup məhkum digər məhkum kütləsini daxili intizam qaydalarını pozmağa, əməkdaşların qanuni tələblərinə itaətsizliyə çağırıblar. Bu da narazılığa səbəb olub. Onlar bundan imtina etdikdə məhbuslara hücum edib müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Bundan sonra Penitensiar Xidmət rəhbərinin göstərişi ilə əməliyyat tədbirləri aparılıb. Onlar digər məhkumlardan təcrid olunublar. Bununla bağlı Cinayət Məcəlləsinin 317-ci maddə ilə iş açılıb və hazırda araşdırma aparılır».

«İT KİMİ HÜRMƏK, ULAMAQ ƏMR OLUNURDU»

Dekabrın 6-da həbsxanada baş verənlər haqda ilk dəfə mətbuata Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı məlumat verib.

Həbsxanadan göndərdiyi məktub mətbuatda dərc olunub. Məktubda deyilir ki, 17 saylı cəzaçəkmə müəssisəsində məhkumlara işgəncə verilib:

«O gecə dustaqlara edilən zülmü, işgəncəni təsvir etmək çox çətindir. 2-3 saat ərzində işgəncə verilən bu dustaqlara dayanmadan it kimi hürmək, müxtəlif heyvanların səsini çıxarmaq əmr olunur, hər cür təhqir, nalayiq söyüşlər yağdırılırdı...».

İndi Nemət Pənahlı cəza çəkdiyi təcridxanada aclıq edir.

Bu məlumatı Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən də təsdiqləyiblər.
Nemət Pənahlı
Nemət Pənahlı

Nemət Pənahlının qardaşı oğlu Pənah Pənahlı AzadlıqRadiosuna deyir ki, əmisi həbsxanada dəyişiklik aparılmasını tələb edir. Tələbləri yerinə yetirilməyənədək aclığı davam etdirəcəyini bildirir:

«O tələb edir ki, həbsxanada rüşvətə, məhbuslara işgəncə verilməsinə son qoysunlar. Bir də hüquq müdafiəçisi Elçin Behbudovun 17 saylı cəzaçəkmə müəssisəsinə getməsini istəyir».

«ƏN DƏHŞƏTLİSİ MÜƏSSİSƏ RƏHBƏRLİYİNİN DUSTAQLARDAN PUL TOPLAMASIDIR»

Nemət Pənahlı məktubunda yazır ki, həbsxanadakı qanunsuzluqlar barədə dəfələrlə müəssisə rəhbərliyinə narazılıqlarını çatdırıb. Amma nəticə olmayıb:

«Burada əzilən, təhqir olunan dustaqları öz haqlarını tələb etmək üçün aidiyyəti orqanlara müraciət etməyə inandırmaq heç də asan deyil. Çünki onlar dəfələrlə haqqını tələb edən dustaqların daha amansız işgəncəyə məruz qalmalarının şahidi olublar. Ən dəhşətlisi isə müəssisə rəhbərliyinin, demək olar ki, hər şey üçün (telefonla danışmaq, görüşə çıxmaq, üçdə birlə azad olunmaq və s.) dustaqlardan pul toplamasıdır. Adını avtoritet adlandıran bu əlaltıların müəssisə rəhbərinin əli ilə etdikləri cinayətlər isə nə gerçək avtoritet aləminin, nə ölkənin, nə də insanlığın qanunlarına uyğun gəlir».

«ONA HƏDƏ-QORXU GƏLİRLƏR»

Nemət Pənahlının qardaşı oğlu Pənah Pənahlının AzadlıqRadiosuna dediyinə görə, əmisi həmin məktubu onlara dekabrın 17-də həbsxanada görüşərkən verib:

«Dekabrın 17-də biz görüşdük, məktubu onda verdi. Bu gün yenə xəbər almışıq, onu yenidən karsa salıblar. Bizə dedi ki, ona hədə-qorxu gəlirlər ki, aclığı dayandırsın. Amma tələbləri yerinə yetirilməyənə qədər aksiyanı dayandırmayacağını söyləyir».

Mehman Sadıqov
Mehman Sadıqov
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov məhbuslara işgəncələr verilməsi barədə məktubda yazılanları təkzib edir. O, AzadlıqRadiosuna deyib:

«Məhkumları ulatmaq, ya neyləmək həqiqətəuyğun deyil».

«NEMƏT PƏNAHLI ŞİRİN ÇAY DA İÇİB, SU DA»

O ki qaldı, Nemət Pənahlının «karser»də saxlanmasına, Mehman Sadıqov deyir:

«Bəli, o, indi «kars»dadır. Əslində o «kars» deyil, cərimə təcridxanasıdır. Hər bir məhkum kimliyindən və hansı maddə ilə məhkum edilməsindən asılı olmadan daxili intizam qaydalarını gözləməyə borcludur. Nemət Pənahlı qaydaları pozduğuna görə bir neçə dəfə cərimə təcridxanasına salıb. İndi də həmin təcridxanadadır. Bəyan edib ki, guya aclıq edir. Aclıq deyəndə, şirin çay da içib, su da içib. Hələlik yeməkdən imtina edib. Amma həkim nəzarətindədir. Aclıqla bağlı səhhətində problem yaransa, qanunlara uyğun şəkildə həkim müdaxiləsi olacaq».

Nemət Pənahlı 1988-ci il Meydan Hərəkatının öncüllərindən olub. Bir müddət sabiq prezident Heydər Əliyevin yanında işləyib, sonradan bu işdən uzaqlaşdırılıb.

Bir neçə ildir Milli Dövlətçilik Partiyasına sədrlik edir.

Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG