Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:47

Rüstəm İbrahimbəyov: «Məni susdurmaq istəyirlər»


-
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Ziyalılar Forumunun təsisçilərindən olan Rüstəm İbrahimbəyov yanvarın 16-da “Media forum” saytının suallarını cavablandırıb.

- Vergilər Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqı haqqında cinayət işi açıb. Səbəb nədir?

- Mənə təzyiq etmək istəyirlər. Baxmayaraq ki, əvvəl də təşkilatı yoxlayıblar və hər hansı qanun pozuntusu, cinayət əməli aşkarlanmadığı barədə akt tərtib ediblər. Sadəcə, biz anlaşılmazlıq nəticəsində əlavə dəyər vergisini ödəməmişik. Xatırlayırsınızsa, 2009-cu ilin sentyabr ayında “Şərq-Qərb” Kino Festivalı keçirmişdik. Bu tədbir üçün lazım olan maliyyənin yarısını Mədəniyyət və Turizm Nazirliyi ödəməli idi. Amma o vaxt nazirlik nümayəndələri buna imkanları çatmadığını bildirmişdilər.

Bundan başqa, festival çərçivəsində müxtəlif ölkələrin kino qurumları bizə xidmət göstərib. Festival keçirilən dövrdə bununla bağlı yoxlamalar aparılıb və hər hansı qanun pozuntusu, maliyyə israfı, hansısa vəsaitin nəzərdə tutulmayan formada xərclənməsi kimi hallar aşkarlanmayıb. 3 ildən sonra yenidən yoxlama aparıblar və yenə də hər hansı qanun pozuntusu, cinayət əməli aşkar etmədiklərini deyiblər. Mən hakimiyyəti tənqid etməyə başlayandan, Azərbaycanda yeni hərəkat yaranacağını və Ziyalılar Forumunun da bu hərəkata dəstək verəcəyini bəyan edəndən sonra Vergilər Nazirliyinin nümayəndələri yenidən ittifaqda yoxlamalara başlayıb, guya bizim vergidən yayındığımız haqda qərar çıxarıblar. Bizə deyirlər ki, bu məbləği ödəməlisiniz. Bizim də həmin məbləği birdəfəlik ödəmək imkanımız yoxdur, ona görə də vergilər nazirinə məktub yazdıq ki, həmin məbləği hissə-hissə ödəyəcəyik. Buna baxmayaraq cinayət işi açılıb. Bütün bunlar məsələnin siyasi xarakter daşıdığını və birbaşa mənim ictimai fəaliyyətimlə bağlı olduğunu göstərir. Amma belə təzyiq metodları ilə heç nəyə nail ola bilməyəcəklər, özlərini çox gülünc vəziyyətdə qoyacaqlar. Çünki bu, 3 il əvvəl baş vermiş məsələdir və indi onu qaldırmaq ağılsızlıqdır.

- Söhbət hansı məbləğdən gedir?

- Festival üçün 30 min manat pul ayrılmışdı, bu məbləğdən də 18 faiz əlavə dəyər vergisi ödənməli imiş. O vaxt festivalın keçirilməsində bizə kömək edən çox məşhur kino xadimlərinə pul ödəmişdik. 2007-ci ildə qanuna dəyişiklik edilib, həmin dəyişikliyə əsasən, xaricdə olan şəxsə pul köçürülürsə, məbləğin 10 faizi həcmində hökumətə əlavə dəyər vergisi ödənməli imiş. Amma bundan heç kimin xəbəri yoxdur. Bütün bu məbləğlər toplandıqda 10 min manat edir. Yəni biz 30 min manatın 10 min manatını vergi olaraq ödəməliymişik. Hazırda bu 10 min manatın üzərinə 8 min manat cərimə də əlavə olunub. Bunun bir hissəsini Mədəniyyət və Turizm Nazirliyi ödəməlidir, qalanını isə biz.

- Sizi bu işlə bağlı istintaqa çağırıblarmı?

- Yox, çağırmayıblar. Çünki mən ittifaqın sədriyəm və bu işlərlə birbaşa məşğul olmuram. “Şərq-Qərb” kinofestivalının direktoru da var, cinayət işini onun barəsində açıblar. Amma Rasim Balayevi də istintaqa çağırıblar, hələlik getməyib. Rasim Balayevin istintaqa çağırılması qanunsuzluqdur, çünki o, ittifaqda maliyyə məsələlərinə baxmır. Mənim maliyyə məsələlərindən çox az məlumatım var, Rasim Balayevin isə pul məsələlərindən ümumiyyətlə başı çıxmır. İttifaqın maliyyə məsələləri üzrə katibi var və bu işlərlə o məşğul olur. Amma onların da heç bir günahı yoxdur, bizim vergidən yayınmağımızla bağlı deyilənlər tamamilə böhtandır. Məqsəd bizi susdurmaqdır, amma buna nail olmayacaqlar. Mən heç vaxt onlara güzəştə getməyəcəm və işimizi davam etdirəcəm. Onlar istəyir ki, mən susum. Qarşıdan prezident seçkisi gəlir. Mənim məqsədim ölkədə vətəndaş cəmiyyəti formalaşdırmaq, insanları fəallaşdırmaqdır. Bu da yavaş-yavaş reallaşır. Ziyalılar Forumunun nüfuzu getdikcə artır, insanlar bizə hörmət edir, ümid bağlayır, fikirləşirlər ki, çalışıb hansısa dəyişikliklərə nail ola bilərik. Biz belə işlərlə məşğul oluruq. Hökumət isə bizə müxtəlif problemlər yaratmaqla bizim başımızı qatmaq istəyir. Böhtanların məqsədi məni ləkələmək, xalqın gözündən salmaqdır.

- Təzyiqlərin bundan sonra da davam edəcəyini gözləyirsinizmi?

- Gözləyirəm, amma cavablarını da verəcəm. Təzyiqləri dəf etməyə də hazıram. Belə getsə, mən özümü və təşkilatımı qorumaq, müdafiə etmək üçün dünya ictimaiyyətini ayağa qaldırmalı olacam. Onda bunlar biabır olacaqlar.

"Media forum"
XS
SM
MD
LG