Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:35

Naxçıvanda işadamlarına hökm oxundu


Məhəmməd Qurbanov
Məhəmməd Qurbanov
-
Sədərək rayon Məhkəməsi işadamı Məhəmməd Qurbanovun 5, onun kürəkəni Nadir Məmmədovun isə 4 il müddətinə azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.

Bu barədə AzadlıqRadiosuna vəkil Xalid Bağırov məlumat verib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 315.1-ci və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə), 221-ci (xuliqanlıq) maddələri ilə təqsirli bilinirdilər.

İŞADAMLARI VƏKİLLƏRİN FƏALİYYƏTİNİ MƏHDUDLAŞDIRDI

Naxçıvanda həbsdə olan işadamı Məhəmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədov vəkili Xalid Bağırovun fəaliyyətini məhdudlaşdırıb.

Xaliq Bağırov deyir ki, onlar fevralın 12-də, Sədərək rayon Məhkəməsində keçirilən növbəti prosesə etiraz olaraq bu qərara gəliblər.

Xaliq Bağırovun bildirməsinə görə, onun məhkəməyə təqdim etdiyi vəsatətlərin heç biri təmin olunmayıb:

«Dünənki prosesdə məhkəmə heyətinin dəyişilməsi ilə bağlı təqdim etdiyim vəsatət təmin edilməyib. Üstəlik, bu gün-fevralın 12-də də təqdim etdiyimiz bir neçə vəsatəti qəbul etmədilər. İttiham tərəfinin 20-yə yaxın şahidinin dindirilməsinə baxmayaraq, bizim tərəfdən bir nəfər də olsun şahid qəbul etmədilər. Mənim normal müdafiəmə də şərait yaratmadılar. Bunu görən təqsirləndirilən şəxslər yazılı müraciət edərək mənim fəaliyyətimi məhdudlaşdırdıqlarını bəyan etdilər. Bundan sonra özləri də heç bir suala cavab vermədilər. Proses bir neçə saat bu şəkildə davam etdi. Tam ədalətsiz bir məhkəmə keçirildi».

Vəkillik fəaliyyəti haqqında qanun təqsirləndirilən şəxsə hüquqlarını müdafiə edən vəkilinin fəaliyyətini istənilən vaxt məhdudlaşdırmağa imkan verir.

Növbəti məhkəmə prosesi fevralı 13-nə təyin olunub.

İŞADAMININ MƏHKƏMƏSİNDƏ ƏLİAVTOMATLI KONVOYLAR OLUB
Xaliq Bağırov
Xaliq Bağırov

Fevralın 11-də Sədərək rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən işadamı Məhəmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədov hakimə etiraz ediblər.

Vəkil Xaliq Bağırovun dediyinə görə, etiraza səbəb kimi hakim Zülfüqar Əhmədovun qərəzli davranışları və məhkəmənin müstəqil olmaması göstərilib:

«Məhkəmənin qərəzli olmasını sübut edən kifayət qədər dəlillər var. İndiki hakim bu işə baxa bilməz. Çünki istintaq dövrü müdafiə etdiyim şəxslərin təqsirləndirilən şəxs olmaları haqda qərarı da o, çıxarıb. Bu, Avropa konvensiyasına ziddir. Məhkəmə iclasını isə, demək olar, dövlət ittihamçısı idarə edirdi. Bu da onu göstərir ki, məhkəmə müstəqil deyil. Biz buna da etirazımızı bildirdik. Tərkibə etirazla bağlı vəsatətə Naxçıvan Ali Məhkəməsi baxacaq».

Xaliq Bağırov məhkəmənin silahlı mühafizəçilərin müşayiəti ilə keçirilməsini də qanun pozuntusu sayır:

«İclas zalında əliavtomatlı konvoylar vardı. Bu, ədalət məhkəməsinin birmənalı şəkildə avtomat altında həyata keçirilməsi deməkdir. Bu, absurd, biabırçılıq və rəzalətdir».

Növbəti məhkəmə prosesi fevralı 12-nə təyin olunub.

Məhəmməd Qurbanov keçən il noyabrın 8-də Türkiyədən ərzaq məhsulları gətirmək istərkən Sədərək gömrükçüləri həmin malı buraxmaq istəməmişdilər.
Nadir Məmmədov
Nadir Məmmədov
Bundan sonra işadamı və onun kürəkəni Nadir Məmmədov ilə gömrük işçiləri arasında insident yarandığı bildirilirdi.

Naxçıvan MR Prokurorluğunun yaydığı məlumatda Nadir Məmmədovun gömrük işçilərinə qarşı zor tətbiq etdiyi qeyd olunur.

Fakt üzrə Cinayət Məcəlləsinin 315.1-ci və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb. Bu ittihamlarla onlar 3 ildən 7 ilə qədər müddətə azadlıqdan məhrum oluna bilər.

Dekabrın 12-də Sədərək rayon Məhkəməsi hər iki şəxs barəsində 2 aylıq həbs qərarı çıxarıb. Onlar Naxçıvandakı Böyükdüz təcridxanasında saxlanırlar.
XS
SM
MD
LG