Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:36

Minaş (Seyfəddin Hüseynlinin tərcüməsi)


-

Gürcülərin əlinə düşsəydi, aləmə car çəkəcəkdilər ki, abxazlar elə götürülürlər, qoca-qoltuq yaddan çıxıb qalır…


Daur Naçkebia


MİNAŞ

(Çağdaş Qafqaz yazarlarının əsərlərinin "Oxu zalı"nda təqdimatı davam edir. Bu dəfə abxaz yazıçının müharibə haqqında hekayəsi. Müəllifin icazəsi ilə tərcümə olunaraq “Oxu zalı”nda çap edilir. Rus dilindən Seyfəddin Hüseynli çevirib)


Beslan Minaşla bağlı eşitdiklərini, gördüklərini yol boyu bir-bir yadına salırdı. Minaşın oğlu irəliki – Böyük davada itkin düşmüşdü. Ordan gələn kağızı poçtalyon Mahyala üç dəfə oxutmuş, amma çox da inanmamışdı.

Axı kağızda yazılmışdı ki, oğlu itkin düşüb: öldüyü, ya qəhrəmanlıqla həlak olduğu haqda bir kəlmə də yox idi. O da durub oğlunun yolunu gözləyirdi. Aradan əlli ildən artıq vaxt keçsə də, onun ümidi üzülməmiş, daha da möhkəmlənmişdi.

Görünür, adamın bu qədər intizar çəkməsi izsiz ötüşmür. Üstəlik, illər əvvəl yuxu kimi əriyib itmiş, sümükləri də torpağa qarışmış birini gözləyirsənsə… Bəlkə Minaş da buna görə belə qəribəydi. Tutalım, biri gəlib ona desəydi ki, bəs yenə dava qopub, yenə kişiləri yığıb aparırlar, o bu şad xəbəri gətirən qonaqdan ötrü əldən-ayaqdan gedərdi: süfrə açar, özünün məşhur arağından çıxardıb gətirər, qaldıqca tündləşmiş araqla dolu butulkanın tozunu ətəyilə silib qonağın qabağına qoyardı.

Kim bilir, bəlkə Minaş, od odu söndürən sayaq, əvvəlki davada əlindən gedən oğlunu yeni bir davanın geri gətirəcəyinə ümid bağlamışdı.

Minaşın evi kəndin qırağındaydı, işi düşməsə, yanına kimsə gedib-gəlməzdi. Bunlar da, əksərən, meşəbəyilər, ovçular, odun yığanlar olardı. Bir də, poçtalyon Mahyal öz qoca velosipediylə hər ay onun təqaüdünü gətirib verirdi. Mərdümazar adamların təzəlikcə nə hoqqalardan çıxdıqlarını bircə ondan soruşa bilirdi. Amma o da çox dərinə varmaz, üzdən gedərdi: kişilərin, ucdantutma, bıçaq altına yollanacağı günün guya yaxında olduğuna işarə vurardı. Yağlı, sürtük təklikləri Minaşın cibinə dürtər, adəti üzrə, bir çapma stəkan arağı başına çəkəndən sonra velosipedinə minib tərpənərdi.

Mahyal Minaşın evinə lap axırda - bütün kəndi dolaşıb, özünün dediyi kimi, bir ayağı gorda olanların hamısının təqaüdünü çatdırandan sonra gələrdi: ancaq onların ölməsini heç istəmirdi, yoxsa işsiz qalardı. Hər evdə də bir çapma stəkan onu gözləyirdi. İçdiklərinin üstünə Minaşın tünd arağı da calananda Mahyal keflənərdi. Qapıdan çıxar, velosipedinin dəstəyindən yapışıb yanınca çəkə-çəkə addımlayar, hirsli-hirsli deyinərdi: "Tərsliyə bax da…"

"Tərslik" araqdandımı, velosipeddəydimi - Minaş burasını bilmirdi, ancaq ürəyində Mahyalın yenə də yolu piyada getməli olacağına sevinirdi, çünki vəd elədiyi qırmızıları bu dəfə də gətirib çıxarmamışdı.

Qırmızıların məsələsi beləydi: Mahyal, adətən, onun təqaüdünü işlənməkdən əprimiş təkliklərlə verirdi. Minaş isə üstündə Leninin keçəli olan qırmızılardan istəyirdi. Mahyal elə hey söz versə də, vədinə əməl eləmirdi. Arağı vurub dilinin düyünü açılanda velosipedinə əl basıb and içirdi ki, gələn dəfə mütləq onun təqaüdünü keçəlli kağızlarla verəcək, ancaq yenə də həmin təkliklərdən gətirirdi…

Bu üzdən Minaş Mahyalın guya tezliklə dava qopacağı barədə dediklərinə də bir elə inanmırdı, hərçənd o gedəndən sonra üç-dörd gün qulağı qapıda qalır, yetişməkdə olan davanın amansız addımlarını dadlı, həyəcanlı bir intizarla gözləyirdi. Qürub yeri dəfələrlə - o Böyük davadan qabaqkı axşam kimi - qan-qırmızı rəng almış, amma səhərisi heç nə olmamış, müharibənin sorağı, yalından yapışan adamı alacan eləyən yüyənsiz at təki, özünü kəndə salmamışdı.

Bir dəfə, təqaüdünü aldığı günün ertəsi Minaş dükana getmişdi. Adətən, qəşəng ətirli sabun alar, hərdənbir kişi odekolonu da götürərdi. Üzü maskanı xatırladan gonbul satıcı qadın Minaşı görən kimi qaş-qabağını tökdü. Qarının, doğrudan da, müşkül xasiyyəti vardı. Hər malın neçəyə, nədən ötrü olduğunu xəbər alar, bir-bir götürüb baxardı. Dişlərini qıcayan, az qala hirsindən partlayan satıcı qadın indi də, səsini çıxarmadan, onun dediklərini edirdi. Minaş isə öz işindəydi: mallara baxır, götürüb əlləyir, çevirib baxır, iyləyirdi. Axırda, adəti üzrə, çirkli bir təklik uzadıb, sabun aldı. Sonra da qaytarılan xırdanı saydı, dodağının altında "Qiymətlərə bax e…" - mızıldanıb, ildən-ilə boyuna uzun gəldiyindən, birucdan gödəltdiyi əl ağacına dayana-dayana dükandan çıxdı.

Bir yol da məktəbdə Qələbə Günü qeyd olunurdu. Beslangilin pioner dəstə rəhbəri tösmərək, amma çox diribaş bir qız idi. Hamının yadından çıxan Minaşı bu bayramda təbrik etmək də elə onun ağlına gəlmişdi. Böyük Davada həlak olanların və itkin düşənlərin - önsözdə tam arxayınlıqla vəd edildiyi kimi- "istisnasız olaraq, hamısı" haqqında məlumat verilən kitablardan biri də o ərəfədə çapdan çıxmışdı. Növbəti, 1962-ci cild…

Qırmızı, xışıldayan qalstuklarını bağlayıb, üstündə qızılı hərflər həkk olunmuş qara dəri cildli kitabı götürüb, günorta Minaşın evinə üz tutdular. Dodaqlarına qalın pomada çəkmiş, dikdabanları hesabına onlardan azca hündür görünən dəstə rəhbəri qabaqda gedirdi. Günəşin göydən yağdırdığı şüalar göz qamaşdırırdı.

Dəstə rəhbəri: "Azğın Düşməni Geriyə Oturdan… Şanlı Vətən Oğlunun… Adı Əsla Unudulmayacaq…" - deyib, çıxışını bitirəndən sonra kitabı Minaşın önünə qoydular. Martın 6-da həlak olanlardan və itkin düşənlərdən bəhs edən 1993-cü səhifədə, güclə seçilən hərflərlə, onun oğlundan da yazılmışdı. Minaş titrəyən barmaqlarını o qısa, yarımçıq kəlmənin üstündə gəzdirir, elə bil oğlunun sağ olub-olmadığını buradan duya biləcəyinə inanırdı. Ancaq soyuq kağız dinmirdi: elə bil dözülməz soyuqdan büzüşüb kiçilmiş hərflər geniş ağ kağıza tək-tək, ordan-burdan səpələnmişdi.

Köynəyinin nişastalı yaxası düz çənəsinin altında düymələnmiş Beslan, qarının o andakı dözülməz ağrısını öz canında hiss etdiyindən, ürəyi sıxıldı. "Hiss etmək" bəlkə xeyli gurultulu çıxdı. O, qarıya ancaq gözünün ucuyla baxmış, dərhal da baxışını yayındırmışdı: bu ağrıya tab gətirmək olmazdı…

İndi Beslan öz dostuyla birlikdə həmin qarını kənddən çıxarmağa gedirdi. Onlar birinci müdafiə xəttini tərk edib – başqa çarə də qalmamışdı – ikinciyə çəkiləndə iyirmidən artıq ev düşmən əlinə keçmişdi. Ortalıq qarışanda qarı kimsənin yadına düşməmişdi, hayına qalası bir yaxın qonşusu da yoxdu.

Gürcülərin əlinə düşsəydi, aləmə car çəkəcəkdilər ki, abxazlar elə götürülürlər, qoca-qoltuq yaddan çıxıb qalır…

Qaranlıqda Minaşın evini tapdılar. Yandakı əl yerindən işartı gəlirdi. Onlar içəri girəndə Minaş bir küncdə qabları yığışdırırdı. İşığı çoxdan kəsmişdilər, divardan asılan kerosin lampasının altında yan-yörəni güclə seçmək olurdu.

- Kim var burda?! – Qarı təlaşlı səslə soruşdu.

- Qorxma, özgə deyilik. – Beslan cavab verdi.

Minaş şkafdan aralanıb Beslana yaxınlaşdı. Anışdırmaq üçün bir ara altdan-yuxarı ona baxdı.

- Can, tanıya bilmədim, kimin nəvəsisən?

- Qədirin.

- Həə, Tərsxanın nəvəsisən, deməli! Mən onu belə çağırırdım, can, niyə ölmürəm axı mən… Onun torpağı sanı Allah sənə ömür versin!...

- Burda qalmaq qorxuludur, Minaş, yır-yığış elə, aparaq səni.

- Can, noolub, niyə evimdən çıxmalıyam ki?

- Dava gedir, düşmən bizə hücum çəkib…

Minaş Beslanı şəkli-şəkli süzdü.

- Vay başıma xeyir, nə danışırsan sən! O dedikləri dava başlayıb yəni… Son günlər güllə səsləri gəlirdi, təyyarələr də lap aşağıdan uçurdu, az qalırdı armudun kəlləsinə ilişsin. Bir gurultu vardı, Allah sən saxla! Ürəyimə dammışdı ki, xeyirliyə deyil bunlar, ancaq dava heç ağlıma gəlməmişdi...

- Ən vacib nəyin varsa, yığ, gedək.

Minaşı fikir götürmüşdü, bilmirdi, neyləsin. Sonra bir qərara varıbmış kimi dilləndi:

- Mən bugün-sabahlığam, ay bala, sizə yük olmayım… Yaxşısı budur, evimdə qalım…

- Bura bax, deyəsən, bu qarının başı xarab olub axı! – Con təəccüb içində dilə gəldi.

Minaş onun nə dediyini tam anlamadı, ancaq səsindən bildi ki, acığı tutub, tez aranı yumşaltmaq istədi:

- Can, mənə görə əziyyət çəkmisiniz, ömrünüz uzun olsun!

- Minaş, düşmən qapını kəsəndə neyləyəcəksən? – Beslan da hövsələdən çıxırdı.

- Deyirəm də sənə, başı xarab olub bunun!...

Ha dilə tutsalar da, qarı "yox!" deyib durdu.

- Elə dediyini deyir e! İndi ovcuma götürüb vuracam qoltuğuma, cınqırını da çıxara bilməyəcək! – Conun səbr kasası daşdı.

Vəziyyətin qəlizliyini görən Minaş kövrəldi, əvvəlcə astadan, sonra isə get-gedə ucadan oxşama deyib ağlamağa başladı:

- Can, anan ölsün, ay bala! Səs eşitcək qapıya yüyürmüşəm ki, bəlkə sənsən! Gecələr, yuxu bilməyib, yolu dinşəmişəm! Ocağı yanılı qoyub, bir qazan qarğıdalı sıyığı asmışam hər gün, vedrədə su qızdırmışam ki, yol gəlib yorulmuş olarsan: isti su yorğunluğunu da çıxarar, günahlarını da yuyub aparar. Sabun köpüyü içində ağappaq olar, tərtəmiz yuyunarsan, can bala... Amma indi gəlsən, görəcəksən ev bomboşdu, can! Orda da dava, burda da – hər yandan yolun bağlandı, ay bala!...

Minaş Beslana baxa-baxa deyirdi bunları, onun da halı özündə deyildi.

Birdən Minaş tamam ayrı cür, acıqlı səslə söylənməyə başladı:

- Sizdə, siz kişilərdədi günahın hamısı! Başıma gətirdikləriniz azlıq eləyib, indi də silah götürüb üstümə gəlmisiniz ki, qoca arvaddır da... Gücünüzə arxayınsınız, hə?! İndi elə qarğayaram, yerinizdən tərpənə bilməzsiniz!...

Hər nə desə də, onu orda qoymaq olmazdı…

Artıq gecəyarıydı. Aydın payız səmasında Süd Yoluna səpələnmiş ulduzları bir-bir saymaq olardı. Hardasa, ünyetməz uzaqlarda atılan odlu güllələr havanı cıza-cıza göyün ənginliklərinə şığıyırdı. Öləziyən, ya da öz sərhəd xəttinə dirənən (bəlkə də göylər onların hər biri üçün ayrıca sərhədlər cızmışdı) güllələr bir-birinin ardınca sönürdü.

Minaş dinmirdi. Con az qala bütün yol boyu onu qucağında aparmışdı. Qarının əlində bir bağlama vardı. Çox dirəşəndən sonra, axırda birdən razılaşıb, dinməz-söyləməz onlarla gəlmişdi.

Beslan indi özünü xeyli zəifləmiş hiss edirdi, guya əvvəllər əynində nəsə bir zireh vardı, indi onu soyundurub almışdılar. Həm də elə bil bayaq Minaşın həyətindən çıl-çılpaq, yağışın-yağmurun altında təkcə öz dərisinin ümidinə qalan adam kimi çıxmışdı. Müharibə başlayandan görüb-götürdüyü nə vardısa – onun istədiyi vur-tut soyuq, hissiyyatsız bir daşa dönmək, ürəyini yumşalda biləcək heç nəyi özünə yaxın buraxmamaqdı – indi hamısı əlindən gedirdi.

Beslana elə gəldi ki, artıq qorxunun o üzünə adlayıb. Qorxu ümidin hesabına var olur. Ümid ölürsə - gözlər həsrətlə gələcəyə dikilmir, o gələcək adamı öz ağuşuna çəkmirsə – onda qorxudan da əsər-əlamət qalmır, Günəş doğanda əriyib gedən alatoranlıq kimi yoxa çıxır… Ancaq bu an Beslanın hissləri fərqliydi. Özü də bunun günahını Minaşın uzun illərin o tayından daşıyıb bugünə gətirdiyi ümiddə görürdü. Müharibənin onun ürəyində açdığı ölüm cığırının üstünə həyatın parlaq izləri düşməkdəydi. Elə ölüm də, həyatın özü kimi, onunla birgə Beslanın bu qədər vaxtdan sonra ilk dəfə sərbəst vurmağa başlayan ürəyinə axıb dolurdu. İndi hər şeydə həyat izləri vardı: bu gecə vaxtı yol getməsi də, bəlkə bu an hardasa ondan ötrü ayağa verilən güllə də həyat deməkdi…

Beslan tələyə düşmüşdü, ancaq çırpınmır, inad etmirdi. Bilirdi ki, bundan sonra yükü ağır olacaq: bundan belə damarlarındakı qan soyumamalıdır. Güllənin dəydiyi yerdən süzülən qan mütləq isti olmalıdır, yalnız bundan sonra səma inanar ki, o, əslində nə imiş...

Onlar yolu başa vuranda Minaşın bu qədər vaxtda özüylə gəzdirdiyi ümidin də axırı çatacaq. Ancaq incə bir ümid teli həmişəlik yerində qalacaq, o ümidi bu dəfə başqa birisi – Beslan götürəcək. Ondan sonra da kimlərsə…

Səhər tezdən Tkuarçal tərəfə qaçqınlarla dolu bir maşın gedirdi. Minaşı da onunla yola saldılar. Ayrılanda bağlamasını açıb, parçadan tikilmiş bir torba çıxartdı.

- Bəlkə gərəyiniz oldu, bala…

Yerlərinə qayıdanda baxdılar torbanın içinə: artıq heç nəyə yaramayan, nimdaş təkliklərlə doluydu. Ancaq Beslan bunu görəndə nə utandı, nə də duruxdu. O, işıq saça-saça səmaya sancılan, amma onlar üçün cızılmış sərhədləri aşa bilməyən güllələri xatırladı…

İki gündən sonra Tkuarçaldan xəbər gəldi ki, Minaş ölüb.
XS
SM
MD
LG