Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:34

Günel Mövlud. Baş redaktorların Antalya macəraları…


Günel Mövlud
Günel Mövlud
-

Fikriləşirsən ki, ölkədə hələ guya azadlıq havasını saxlamış adamlar 1000 manatdan imtina edə bilmirlərsə, nazirlər, məmurlar niyə inhisara aldıqları bizneslərdən, hasarladıqları meşələrdən, sahillərdən, prezident ailəsi niyə villalardan, milyonlardan imtina etməlidi?..


Günel Mövlud


BAŞ REDAKTORLARIN ANTALYA MACƏRALARI…


İki gün əvvəl qəfil xəbər aldıq – məşhur mətbu orqanların baş redaktorlarının Azərsellin sponsorluğu ilə hər il getdikləri Antalya səfəri alınmamışdı.

Onları Antalyaya aparan təyyarə qəza enişi etməli olmuşdu. Bu qəfil texniki hadisə diqqətimi bir məqama çəkdi.

Deməli, illərdi Azərsell hər il Antalyaya istirahət səfəri təşkil edir. Ölkə mətbuatının azdan-çoxdan oxunan mətbuat vasitələrinin baş redaktorlarını yığıb, şirkətin hesabına bir həftə Antalyada saxlayır, yedirib-içirir, əyləndirir və geri qaytarır. Bununla da şirkət özünə ucuz reklam təşkil edir, bəlkə də, gələcəkdə özünü kompromat materialların yayımlanmasından sığortalyır.

Amma hədiyyə-səfərin rüşvət olub-olmaması məsələsi işin başqa tərəfidi. Belə söhbətləri adam normal, inkişaf eləmiş ölkələrdə edər. Bizsə öz ölkəmizin, burdakı şirkətlərin, mətbuatın gerçəklikləri çapında söhbətlər edirik.

Qayıdaq «turist baş redaktor»lara. Düzdü, adama deyərlər, alan razı, satan razı, sənə nə düşüb? Amma ortada bir məsələ var, ki, ona təəccüblənməyə bilmirsən. Deməli, illərdir həmin səfərə gedən baş redaktorlar onsuz da bütün dünyanı gəzirlər. İlin ən müxtəlif vaxtlarında səsləri Parisdən, Dubaydan, Romadan və daha haralardan gəlir. Çoxu üçün Türkiyəyə getmək, Bakıdan Şamaxıya getməkdən asan və tez başa gəlir. Maddi imkanlara gəlincə, hər biri bir həftəlik Antalya səfərinin pulunu çox rahatca bir nahara, bir çantaya, bir ətirə xərcləyə bilər. Məsələn, xətrini doğrudan da çox istədiyim, məşhur publisist İradə Tuncay («Ədalət» qəzetinin baş redaktoru) müsahibələrinin birində ən ucuz eynəyinin 700 manat qiyməti olduğunu demişdi.

Bunu da vurğulayım ki, həmin səfərə çıxan baş redaktorların arasında hörmət elədiyim adamlar da var. Və bu səfərə haqqı çatan, belə bir səfərə öz hesabına çıxa bilməyən adamlar da. Məsələn, on ildən çoxdu mətbuatda qara fəhləlik eləyən, onlarla imza yetişdirmiş, onlarla jurnalistə mətbuatda yol açmış Zahir Əzəmət. Mən gözümü mətbuatda açandan bu adamın Antalya nədi, heç evində iki gün rahat oturub, dincəldiyini, dostları ilə bir həftə sonu şəhərdən uzaq yerə gedib, əyləndiyini xatırlamıram. Yaxud ilin 365 günün işləyən və ayda 800 manat maaş alan Qabil Abbasoğlu…

Amma başqalarının hər şeyi var axı. Bu səfər onlar üçün demək olar ki, heç nədir. Halbuki, ayda 500 manata işləyən bir müxbir üçün göydəndüşmə olar. Onu istirahət, əyləncə üçün gözünə çox görünən məbləği xərcləməkdən xilas edə bilər. O məbləğə bəlkə evinin kreditini ödəyər, uşağına paltar alar, min dərdindən birinə xərcləyər. Yəni 1000 manatlıq Antalya səfərindən öz işçinə, bütün günü sənə xəbər daşıyan, ora-bura ayaq döyən, onlarla şəxsə zəng edib münasibət öyrənən adama, onun xırda sevinclərinə, qayğılarına görə imtina eləmək beləmi çətindi?

Bəzilərinin bəhanəsi budu ki, Azərsell məhz birinci şəxsləri səfərə aparır. Sıravi redaktorun və ya müxbirin iştirakını qəbul eləmir. Ona görə də, baş redaktorlar naəlac qalıb, özləri gedirlər bu səfərə.

Amma siz nə vaxt imtina elədiniz, nə vaxt prinsipial olaraq, redaktorunuzun, müxbirinizin iştirakında təkid elədiniz və şirkət imtina elədi?

Ən ağrılısı odu ki, mətbuat bu ölkədə hələ az-çox azadlıq havası, ovqatı qalan sahədi. (Əslində, azadlıq da deyil, azadlığın illüziyasıdı. Amma hər nəysə). Mətbuat elə sahədi ki, burada hələ də müxalif fikir demək olur, hələ də iqtidaryönümlü qəzetlər, saytlar demokratik adamlara hərdən tribuna verirlər. Və hələ də azdan-çoxdan özündə azadlığın illüziyasını saxlamış bu sahədə birinci adamlardan bu balacalığı, tamahı görəndə, bütün ümidini itirirsən. Fikriləşirsən ki, ölkədə hələ guya azadlıq havasını saxlamış adamlar 1000 manatdan imtina edə bilmirlərsə, nazirlər, məmurlar niyə inhisara aldıqları bizneslərdən, hasarladıqları meşələrdən, sahillərdən, prezident ailəsi niyə villalardan, milyonlardan imtina etməlidi?


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG