Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:06

Soyadı "Vorovski" (Musa Əffəndidən yeni hekayə)


Musa Əffəndi
Musa Əffəndi
-

Bu rüsvayçılıqdan mümkün qədər tez canını qurtarmalıydı. Bu səhər də həmin fikirlərlə güzgünün qarşısına keçib üzünü qırxmağa başladı...


"Ədəbi Azadlıq-2011" müsabiqəsinin qalibi Musa Əffəndidən yeni hekayə


Musa Əffəndi


SOYADI «VOROVSKİ»

*

Uşaq vaxtı soruşanlara adını deməkdən çəkinərdi. Bir maraqlı vərdişi də vardı: hər səhər yuxudan duran kimi tez qaçıb qələmini götürər, güzgü qarşısına keçər, özünə qələmlə bığ çəkərdi. Amma üzünə tük çıxandan sonra heç bığ saxlamadı. Köhnə tanışları, uşaqlıq dostları ilə yolda qarşılaşanda onu tanımırdılar. Hamı təəccüblənir, onu bığsız təsəvvür etmədiyini deyirdi.

Bu gün yenə ora gedəcəkdi. Artıq neçə il idi ki, o idarəyə ayaq döyürdü. Lap bezmişdi, amma başqa əlacı da yox idi – bu məsələni həll etməliydi, bu rüsvayçılıqdan mümkün qədər tez canını qurtarmalıydı. Bu səhər də həmin fikirlərlə güzgünün qarşısına keçib üzünü qırxmağa başladı. Qırxdıqca uşaqlıqda etdiyi hərəkətləri xatırlayırdı. Üzünü qırxdı, amma adəti üzrə bığlarını saxladı.

- Çoxdandı görünmürsən?! – güzgüdəki bığlı əksinə baxıb qeyri-ixtiyari gülümsədi.

Sonra yenə də adəti üzrə bığlarını qırxdı, tələm-tələsik yuyundu. Evdən çıxmalı idi.

*

Buranın yolunu əzbərləmişdi. Bir şeir kimi əzbərləşmişdi; bir neçə addım atıb xırda bir fasilə verir, yenidən bir neçə addım atırdı – bu fasilələr də misraların arasındakı pauzalar, içindəki məna qruplarının sərhədləri idi – belə yadında saxlamışdı. Sazla, sözlə arası yaxşı idi, amma indi idarəyə girməli idi. Bu qurum Binəqədi rayonunun vətəndaşların qeydiyyatı şöbəsidir.

Qapını iki dəfə astaca tıqqıldadıb açdı, içəri keçdi.

- Salam.

- Salam, salam. Nə məsələdir? – Əlindəki ağ vərəqə baxaraq sanki bir şey oxuyurmuş kimi nəzərlərini kağızdan çəkmədən, tələskənliklə soruşdu.

- Bura əvvəl də gəlmişəm. Əhməd bəy otururdu burda, - qısa fasilələr verərək danışırdı, - düzü, daha bu binada hamı məni tanıyır. Neçə vaxtdır bir məsələ üçün gəlib-gedirəm. Adımı dəyişdirmək üçün... Daha doğrusu, bütöv adımı yox - cəmi bircə hərfini. Sənədlərimin hamısı da qaydasındadır, buyurun, baxın. – kağızları vermək üçün yaxınlaşdı.

- Ad dəyişdirmək? Hmm, - şöbə rəisi kağızlara ötəri baxıb dilləndi, - Bu çox vaxt aparan işdir e. Yaxşısı budur, get sabah gəl.

- Axı sabah 6-cı gündür, şənbə günü də bura işləmir – demək istədi. Amma deyə bilməyib otaqdan çıxdı.

*

Qapını iki dəfə astaca tıqqıldatdı, sonra ciblərini yoxlamağa başladı ki, bəlkə açarı götürmüş ola, amma tapa bilmədi. Elə bu vaxt qapını yoldaşı açdı. Həmişə əynində önlük olan bu əlləri yağlı qadını görən elə bilərdi ki, bir ordunun yeməyini o bişirir.

İçəri otaqdan oyuncaq silah küyləri, ora-bura qaçışan uşaqların cingiltili səsləri eşidilirdi.

- Kopoğlunun uşağına bax! Ay uşaq, az qaçın orda, bəsdi toz qaldırdız. Ev-eşik təmizləməkdən canım çıxdı. Bir az da məni fikirləşin, bilmirəm hardan başlayım, hansı işinizi görüm.

- Bəsdi, deyinmə, uşaqdılar da, qoy bir az oynasınlar. Toz olar, təmizləyərsən, qonşunun arvadı gəlib təmizləməyəcək ki. Özün də uşaqları elə çağırma... – guya yoldaşına təpinmək istədi, amma sözünü özündən başqa eşidən olmadı.

Ayaqqabısını çıxarıb sakitcə mətbəxə keçdi. Əllərini yuyana kimi yoldaşı da süfrəni hazırlayırdı. Sakitcə balaca mətbəx masasının arxasında oturub elə o sakitliklə də yeməyini yeməyə başladı.

- Noldu, həll elədin? Yox? İndi nə deyir?

- Nə deyəcək?! Həmişəki kimi. Dedi get, sabah gələrsən. Bu gün də 5-ci gündü. Birinci gün də bayramdır. Yəni, işimiz qaldı 2-ci günə.

- Yenə o alverçi Əhməd idi?

- Yox, onu çıxardıblar. Əvvəlcə eşidəndə sevindim. Dedim, yəqin biliblər süründürməçilik eləyir, rədd eləyiblər işdən. Sən demə İcra Hakimiyyətində daha yuxarı vəzifəyə keçib.

- Doğrudan? Sən hardan eşitdin?

- Bizim bu qonşudakı “praporşik”in oğlu var e, Mustafa. İcrada işləyir axı. O dedi bayaq...

*

Uşaqların səsinə oyandı. İçəri otaqda televizor da işləyirdi. Uşaq evdə elə qaçışırdı, deyərdin, televizorun üstünə qoyduqları at fiquru cana gəlib, evdə yorğa gedir. Ev elə də böyük deyildi – cəmi ikicə otaq. Yatdığı otağın divarında xalça, xalçanın üstündə də bir xəncər asılmışdı. Uşaqların hay-küyündən sonra qadının səsi eşidildi:

- Ay uşaq! Kopoğlunun uşaqlarına bax e, gör heç eşidirlər? Ay uşaq! Eyvaz! Görmürsüz atanız yatıb? Qoyun dincəlsin də. Yazıq deyil?

- Qoy oynasınlar, ay Nigar, uşaqdılar da – yuxulu-yuxulu dilləndi.

- Düz deyirsən, günah elə səndədi! O oyuncaq tüfəngləri almasaydın, bütün günü baş-beynimiz dəng olmazdı. İndi də rahat yatardın. Yoxsa, bütün günü bu taqqataraq səsindən bizdə nə əsəb qalıb, nə də baş-qulaq.

- Oğlan uşaqlarıdır da, - yoldaşının sözünü kəsib dilləndi, - tüfəng də almayandan sonra bəs nə almalıyam? Bir az əlləri silaha alışsın, bu gün-sabah böyüyüb əsgər olacaqlar, heç olmasa indidən igidlik öyrənsinlər.

*

Çərşənbə axşamı idi. Şükr edə-edə idarəyə tərəf gedirdi. Şükr edirdi ki, indi mart ayı deyil. Mart ayı olsaydı, onun bəxtindən mütləq bu çərşənbə axşamı da bayram axşamlarından birinə düşəcəkdi.

Qapını iki dəfə astaca tıqqıldatdi, “Gəl” sözünü eşidəndən sonra içəri keçdi.

- Salam. Mən 5-ci gün də gəlmişdim, - həmişəki kimi cümlələr arasında qısa fasilələr verərək danışmağa başladı, - Yadınızdadırsa... Dediniz sabah gəlim. Mən də indi gəldim.

- Hə? Hə... Keç otur, keç otur. Uzaqda qalırsan? - əli ilə ona oturmağı işarə etdi.

- Yox, budu burda - Azadlıq metrosunun yanında.

- Köhnə Çənlibeldə?

- Hə.

- Yaxşı. Hə, nə məsələ idi? – işarə etdi ki, sənədləri versin.

- Keçən dəfə də demişdim. Adımı dəyişdirmək istəyirəm. Daha doğrusu, tam yox - bircə hərfini.

- Niyə, nolub ki adına? Adın nədi? – qovluğu açıb sənədləri gözdən keçirməyə başladı.

- Adım? Koroğlu. Amma vəsiqədə Kopoğlu yazıblar. Hə, hə... Deməli, şəxsiyyət vəsiqəsini dəyişəndə o vaxt qeydiyyata alan məmur kiril əlifbası ilə latını qarışıq salıb, R yerinə P yazıb. Bilirsiniz də, Sovet təhsilini. Hələ də tam mənimsəyə bilməmişik bu əlifbanı.

Qeydiyyat şöbəsinin rəisi gülümsədi. Sənədləri diqqətlə nəzərdən keçirəndən sonra;

- Deyəsən, sənədlərin qaydasındadır, - dedi, - Qalıb bircə ərizə yazmaq. Odur, orda divarda nümunə var, bax ona uyğun yaz. Hə, bir də dövlət rüsumu var, onu ödəməlisən.

- Başqa? Elə bu? – təəccüblə soruşdu. Bütün qaydaları bilirdi, qanunu idarənin yolları kimi əzbərləmişdi, sadəcə uzun müddətdir məşğul olduğu, amma həll edə bilmədiyi məsələnin belə sürətlə həll olunacağını ağlına gətirməmişdi.

- “Elə bu” deyəndə ki... Sən ərizəni yazandan sonra biz bu aktların surətlərini almaq üçün müvafiq orqanlara sorğu göndərəcəyik. Bu təxminən 7 gün çəkəcək. İndi görək, orda aktlar itməsə, ya da bir uyğunsuzluq olmasa, növbəti mərhələyə keçəcəyik. Bir uyğunsuzluq yoxdur ki?

- Uyğunsuzluq? Yox, yox, - bir az fasilə verdi, - hmm, bir məsələ var. Mənim atamın adını da səhv yazıblar. Belə deyim, atamın adı Əlidir, amma Alı yazıblar. Düzü, rəsmi olaraq hər yerdə Alıdır, öz vəsiqəsində də. Amma adı Əlidir də.

- Hər yerdə adı Alı yazılıbsa, o problem olmaz. Proseduru yəqin özün bilirsən, amma yenə də deyim; Sonrakı 15 gündə məsələyə polis baxacaq. Daha sonrakı 15 gün içində isə biz rəy tərtib eləyəcəyik. 3 gün içində də məlumat veriləcək sənə, gəlib şəhadətnaməni götürərsən. Bu qədər.

- Oldu, rəis, çox sağ olun. Sağ olun.

- Hə, yadımdan çıxmamış, şəhadətnaməni alandan sonrakı bir ay ərzində daxili işlər orqanlarına, hərbi komisarlığa, miqrasiya idarəsinə-zada məlumat göndərməliyik. Ona görə də heç yerə getmə. Onlar kağızı alandan sonra ölkədən çıxa bilərsən.

- Baş üstə, baş üstə. Heç yerə getmərəm. – deyərək ərizəsini yazdı, qeydiyyat şöbəsinin yeni rəisinə dönə-dönə təşəkkür eləyib otaqdan çıxdı.

Rüsumu da ödəməyə nə var? Onca manatdır.

*

Qeydiyyat şöbəsi ilə evlərinin arasındakı məsafə 200-300 metr ancaq olardı. Evə tələsdi ki, uzun müddətdir yuxusunu ərşə çəkən bu məsələnin həll olunduğunu yoldaşına xəbər versin.

Tələsə-tələsə mərtəbələrinə qalxıb qapını döydü. Bu dəfə qapını yoldaşı açmadı.

- Taq-taq-taq-taq! – qapı açılan kimi oyuncaq silahın səsləri eşidildi. Silah ona tuşlanmışdı.

Bir anlıq donub qaldı. Sonra gülümsədi. Aldığı oyuncaq tüfəngin səsi xoşuna gəlmişdi. Mətbəxdən yoldaşı göründü. Koroğlu istədi ki, sazla-sözlə öz sevincini desin. Amma hər könlündən keçəndə əlinin altından saz çıxardan oğullar təkcə dastanlarda olur.

*

Sabahdan bığ saxlayacaqdı.
XS
SM
MD
LG