Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:48

R. Kauzlarich Azərbaycanla Ukraynın üzləşdiyi vəziyyəti müqayisə edir


Richard Kauzlarich
Richard Kauzlarich
.
1994-1997-ci illərdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri olmuş Richard D. Kauzlarich Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin Vilnüs sammiti, bunun ardınca Ukraynada baş verməkdə olan hadisələr, Kiyev və Bakının bu məsələdə tutduqları mövqe barədə fikirlərini AzadlıqRadiosu ilə bölüşüb.


Keçmiş səfir qeyd edir ki, Azərbaycanla Ukrayna arasında çox da yaxın paralel qurmaq səhv olardı. Buna baxmayaraq onların aralarında çox dərin bir bənzərlik var: hər ikisi sovet keçmişlərindən xilas olaraq Qərb ölkəsinə çevrilmələri üçün Vilnüs sammitinin verdiyi fürsəti əldən qaçırdı.

Halbuki hər iki ölkənin lideri çıxışlarında ölkələrinin müasir, müstəqil dövlətə çevrilməsində Avropa İttifaqı ilə daha yaxın siyasi və iqtisadi əlaqələri mühüm element kimi qeyd edirlər:

“Elə isə nə baş verib? Əminəm ki, prezident Putinin şəxsi basqısı da daxil olmaqla, Rusiyanın təzyiqi Ukraynanın (və eləcə də Ermənistanın) açıq şəkildə Avropa yolunu tutmamaq qərarlarında əsas rol oynayıb.

Yanukovych Moldova və Gürcüstanın Vilnüsdə seçdikləri Avropa yolunu Avrasiya İttifaqı ilə əvəzləmək ümidini itirmir.

Azərbaycan da Avropa yolunu seçməyib. Bu ölkədə oktyabr ayında keçirilən prezident seçkilərindən az əvvəl Putinin Bakıya səfərini xatırlamaq yerinə düşür. Mən bu səfər zamanı Bakıya necə bir təzyiq göstərildiyini bilmirəm, lakin inanmıram ki, bu məsələ həmin səfər vaxtı diqqətdən kənarda qalmış olsun”.

Amma keçmiş səfir hesab edir ki, Kiyev və Bakının Avropa ilə assosiasiya sazişlərinə imza atmamalarının Rusiyanın təzyiqlərindən də az həlledici olmayan başqa səbəbləri var.

Onun fikrincə, Ukrayna və Azərbaycan liderlərini ölkələri Avropa ilə tərəfdaşa çevrildiyi halda onlardan tələb olunacaq siyasi və iqtisadi islahatlar qorxudub. Və son nəticədə onlar qeyri-müəyyən gələcək naminə ölkələrində insan haqları və ifadə azadlığı ilə bağlı vəziyyəti Avropa standartlarına uyğunlaşdıraraq öz hakimiyyətlərini qurban verməməyi qərara alıblar:

“Lakin belə etməklə Yanoukovych ukraynanıların, ələlxüsus da gənc ukraynanıların Sovet keçmişindən qoparaq Avropaya doğru hərəkət etmək istəklərinin gücünü lazımınca qiymətləndirməyib” – deyə səfir qeyd edir.

Bakı üçün qapılar hələ də açıqdır

Cənab Kauzlarich onu da vurğulayır ki, Azərbaycanda buna bənzər hadisə baş verməyib. Amma Azərbaycan rəsmiləri də Qərbi gənc azərbaycanlıları yoldan çıxarmaqda ittiham edir və xalqın Avropa yolunun gətirəcəyi azad və qanunun ali olduğu cəmiyyətin arzusunda olduğunu başa düşmürlər.

Onun fikrincə, hazırda Azərbaycanın vəziyyətini özünün geniş enerji ehtiyatları yüngülləşdirir. Ona görə Bakı Kiyev kimi Rusiyanın enerji nəqlindən asılı deyil. Eyni zamanda, həm də bu səbəbdən Vilnüsdəki tarixi fürsəti əldən verib. Halbuki Bakının qərbpərəst mövqe ortaya qoyaraq Avrasiya İttifaqı yolunu tutmuş Ermənistandan fərqli keyfiyyətlərə malik olduğunu nümayiş etdirmək şansı vardı.

Richard Kauzlarich bu nətəcəyə gəlir ki, baş vermiş hadisələrin başlıca səbəbi Avropa İttifaqının tələb etdiyi islahatların xofu olub:

“Avropa İttifaqı - Azərbaycan Viza Rejimi Haqqında Saziş (buna bənzər sazişləri Ukrayna, Ermənistan, Moldova və Gürcüstan da imzalayıblar) Gürcüstan və Moldovanın noyabrın 29-da Vilnüsdə imzaladıqları Assosiasiya Sazişi ilə müqayisədə çox kiçik addımdır.

Bununla belə Azərbaycanın gələcəyinə ümidlə baxmaq olar. Yaxşı cəhət budur ki, Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya Sazişini tezliklə yekunlaşdırmaq istiqamətində hərəkət etməklə vəziyyəti düzəldə bilər. Bu, istər hakimiyyətin, istərsə də Azərbaycan xalqının atmalı olduqları addımdır”.
XS
SM
MD
LG