Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:52

Erdoğan və Gülen


Recep Tayyib Erdoğan
Recep Tayyib Erdoğan
-
«The Economist» jurnalı yazır ki, Recep Tayyib Erdoğan-ın baş nazir kimi onillik fəaliyyətinin ən böyük nailiyyəti ordunu siyasətdən xaric etmək olub:

«O buna ölkəsinin Pensilvaniyada könüllü sürgündə yaşayan və ixtiyarında məktəblərin, xeyriyyə və media qurumlarının qlobal şəbəkəsi olan ən nüfuzlu ruhanisi Fethullah Gülen-in köməyi ilə nail olub».

«The Economist»in məqaləsində deyilir ki, indi isə cənab Erdoğan keçmiş müttəfiqi Gülen-ə qarşı çıxıb və bu, baş nazirin və ümumiyyətlə Türkiyə siyasətinin taleyini təsirləndirə bilər.

Məqalədə qeyd olunur ki, cənab Gülen Erdoğan-ın avtoritarlığa yuvarlanmasının qarşısını ala biləcək bəlkə də yeganə şəxsdir. O həm də Türkiyədə İslamın mötədilliyinin qorunub saxlanmasına töhfə verir.

ERDOĞAN DÖVLƏTİ FƏTULLAHÇILARDAN TƏMİZLƏYİR

«The Economist» bir neçə sual verir: «Cənab Gülen sayı milyonlar olduğu düşünülən davamçılar ordusunu mart ayında keçiriləcək bələdiyyə seçkilərində Erdoğan-a və onun islammeylli Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı çevirəcəkmi? Belə olacaqsa, Gülen-in müxalifəti ən böyük seçki mükafatı olan İstanbulu AKP-dən qoparmağa kifayət edəcəkmi? Cənab Erdoğan-ın ölkənin ilk seçkili prezidenti olmaq arzusu doğrulacaqmı?».

Jurnal bu məsələdə rəylərin haçalandığını yazır. Aparıcı şərhçi Kadri Gürsel vəziyyəti «dava-dalaşlı boşanma» kimi qiymətləndirib. Onun fikrincə, ixtiyarında olan qüvvəyə görə Erdoğan hazırda daha güclü görünür. O bəyan edib ki, tələbələri universitet imtahanlarına hazırlayan minlərlə repetitoru ləğv edəcək. Bu təlimçilərin dörddə biri Gülen-in davamçısı sayılır.

Məqalədə bildirilir ki, baş nazirin ötən ay elan etdiyi bu niyyəti Gülen tərəfindən hiddətlə qarşılanıb. O, «fironlar»ın zülmünü lənətləyib.

Cənab Erdoğan, öz növbəsində, təhlükəsizlik xidmətlərində, nazirliklərdə və ədliyyə sistemində kök atmış minlərlə fətullahçının təmizlənməsinə başlayıb. Baş nazir bu adamları «dövlətə paralel sistem» adlandırıb. Məqalədə bu da bildirilir ki, fətullahçılar ifşaedici videolar da daxil olmaqla hakim partiyanın korrupsiyaya qurşanmasına dair kompromata malikdirlər.

GÜLEN-IN CASUSLARI

«The Economist» yazır ki, bu «agentlər» hökumətə aid məxfi sənədlərin vaxtaşırı mətbuata sızdırılmasını təşkil edirlər. Bu sənədlərin arasında dinçi qruplaşmaların tərk-silah edilməsinə dair Erdoğan-ın təhlükəsizlik şurasına göndərdiyi direktiv də var.
Fethullah Gülen
Fethullah Gülen
Xəbər verilir ki, prokurorluq məlumatı yaymış jurnalist Mehmet Baransu-ya qarşı «casusluq» ittihamı ilə cinayət araşdırması başlayıb.

İctimaiyyətin bəzi dairələrində qəhrəman kimi alqışlanan Baransu-nun yaydığı məlumat ziddiyyətli «Ergenekon» həbsləri barədə məsələlərə müəyyən aydınlıq gətirir.

«Cənab Baransu-nun və onun «Taraf» qəzetinin hədəflənməsi Erdoğan-ın müxalif səsləri boğmaq kampaniyasının daha bir nümunəsidir» – yazır «The Economist».

Məqalədə qeyd olunur ki, fətullahçılar üzərinə hücum qarşıdakı seçkilərə hesablanıb.
«The Economist» yazır ki, «getdikcə təşvişə düşən baş nazir Gülen - İsrail ittifaqının onu devirmək niyyətində olduğuna inanır».

Cənab Gülen-in Türkiyə rəhbərliyini İsraillə münasibətləri pozduğuna görə tənqid etməsi bu şübhələri gücləndirib.

Məqalədə deyilir ki, qarşıdurmada kimin üstün gələcəyini söyləmək hələ çox tezdir. Cənab Gülen son moizələrində hökumətə doğru müəyyən barışdırıcı fikirlər səsləndirib.

Son rəy sorğuları AKP-nin hələ də 50 faizlik dəstəyə malik olduğunu göstərib.
Cənab Gülen isə öz hərəkatının imicinə güclü zərbə dəydiyini etiraf edib.
Beləliklə, cənab Erdoğan yaranmış üstünlüyü artıra bilər.

«Bu halda Türkiyə daha xoşbəxt və daha demokratik bir ölkə olar» – yazır «The Economist».

Tərcümə etdi: Zülfüqar Rüfətoğlu
XS
SM
MD
LG