Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:34

Kefin necədir, rayon xəstəxanası?


Bakir İmamquliyev
Bakir İmamquliyev
-
«Uşağı pis vəziyyətdə xəstəxanaya çatdırdıq. Növbətçi həkimdən bizə yardım göstərməsini istədim. Amma həkim dedi ki, bizdə heç bir dərman preparatı yoxdur və bu səbəbdən də yardım edə bilməyəcəyik...».

Ağcabədi rayonundakı Avşar kəndinin sakini Bakir İmamquliyevlə 5 saylı xəstəxananın yanıq şöbəsinin önündə rastlaşdım. Xəstəxanaya özünü yandıran Qarabağ əlili Zaur Həsənovla bağlı reportaj hazırlamağa getmişdim. Bakir İmamquliyevin həyəcanla xəstəxananın pəncərəsindən tez-tez içəri boylanması diqqətimi çəkdi. Qısa söhbətdən aydın oldu ki, həkimlər onun 26 gün əvvəl yanıq xəsarəti ilə Ağcabədi rayonundan paytaxta gətirilən 5 yaşlı nəvəsini yenidən əməliyyat etmək qərarına gəliblər.

Bakir İmamquliyev Bakıdakı həkimlərdən razılıq etsə də, rayon mərkəzi xəstəxanasında üzləşdiyi anları heç vaxt unuda bilməyəcəyini deyir:

«Sonra baş həkim Novruz Abbasova müraciət etdim, dedim bu necə xəstəxanadır, nəvəm yanıb, gətirmişik xəstəxanaya, amma dava-dərman vermirlər, yardım göstərmirlər. Dedi, tək bizim xəstəxana deyil, bütün rayonlar belədir. Bundan sonra polislər gəldilər ki, guya mən xəstəxanada səs-küy salıram».

Dediyinə görə, bundan sonra nəvəsini Bakıya gətirib.

XƏSTƏ: «11 AYDIR SƏSİMƏ SƏS VERƏN YOXDUR»

Bakir İmamquliyevin sözlərinə görə, rayon mərkəzi xəstəxanasında daha əvvəllər də üzücü hallarla üzləşib. Məsələn, 2013-cü ilin yanvarında xəstəxanada əməliyyat olunub 9 gün müalicə aldığı müddətdə 3 qramlıq antibiotikdən başqa bütün dərmanları öz puluna alıb:
Ağcabədi rayon Mərkəzi Xəstəxanası
Ağcabədi rayon Mərkəzi Xəstəxanası

«Dövlət xəstəxanası olsa da, həmin müddətdə bütün dərmanları özüm almışam. Baş həkimə müraciət edib 2-ci qrup əlil olduğumu, İranda yenicə ürək əməliyyatı keçirdiyimi və dərman almağa imkanımın çatmadığını dedim. O da söz verdi ki, hər şey həll olunacaq. Amma dediklərinə əməl etmədi».

Xəstəxanadan çıxandan sonra Bakir İmamquliyev xərclədiyi pulları geri almaq üçün şikayətlərə başlayıb:

«11 aydan çoxdur şikayətçiyəm, getmədiyim, müraciət etmədiyim yer qalmayıb. Rayon prokurorluğunda, baş prokurorluqda, Səhiyyə Nazirliyində və korrupsiyaya qarşı mübarizə idarəsində olmuşam. Bu yerlərə şikayətlərimi çatdırmışam, amma hələ də səsimə səs verən yoxdur».

O, söhbət zamanı 3 qram antibiotikdən başqa bütün dərmanları öz vəsaiti hesabına aldığını təsdiqləyən sənədi göstərir və sənədi ona elə baş həkimin verdiyini deyir:

«Yazıb verib ki, filankəsov filankəs həqiqətən də Ağcabədi rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunduğu müddətdə 3 qram antibiotikdən başqa bütün dərmanları öz vəsaiti hesabına alıb. Bunu baxın baş həkim Novruz Abbasovun özü verib. İmzası, möhürü də öz yerində».

BAŞ HƏKİM: «BELƏ BİR HAL HEÇ VAXT OLA BİLMƏZ...»

Baş həkim Novruz Abbasov Bakir İmamquliyevin yanıq yaralarıyla xəstəxanaya gətirilən nəvəsinə tez bir zamanda pulsuz yardım göstərildiyini bildirir. O, həmin şəxsin rayonda «demaqoq» kimi tanındığını da sözlərinə əlavə edir:
Ağcabədi rayon Mərkəzi Xəstəxanası
Ağcabədi rayon Mərkəzi Xəstəxanası

«Belə bir hal heç vaxt ola bilməz. Siz özünüz fikirləşin, uşaq yanıq xəsarəti ilə xəstəxanaya gələ, ona yardım göstərilməyə... Mümkün deyil, bu».

Baş həkim iddia edir ki, həmin şəxs ondan pul istəyir və həmin pulu ala bilmədiyindən bu yollara əl atır:

«Bizim xəstəxana 2013-cü il avqustun 29-da açılıb, prezident də açılışda iştirak edib. İndi belə bir xəstəxanaya qara yaxmaq düzgün deyil. Ən müasir xəstəxanadır. Ağcabədinin 200 min əhalisi var, nə oldu onların hamısına yardım edildi, ona yox. Bir də, pulsuz dərman hamıya verilmir ki, az təminatlı ailələrə, əlillərə, imkanı olmayanlara verilir. Yəni, elə ucdantutma hamıya pulsuz dərman verilmir...».

«BÜTÜN DƏRMANLARLA TƏMİN OLUNURUQ»

Novruz Abbasov pulsuz dərmanlar sarıdan korluq çəkmədiklərini söyləyir və deyir ki, Səhiyyə Nazirliyinin əmri ilə təsdiqlənən pulsuz dərmanlarla tam təmin olunurlar:

«İndi o dərmanları ambulator müalicə üçün həkim yazıbsa, ona baş həkim nə etsin? 9 gün tibb bacıları, həkimlər bir manat almadan xəstəxanada ona qayğı ilə yanaşıblar».

Səhiyyə nazirinin əmrinə görə, stasionar tibb müəssisələrində 166 adda dərman preparatı və sarğı materialı xəstələrə pulsuz verilməlidir. Hər il dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin 100 milyon manatdan çoxu bu məqsəd üçün nəzərdə tutulur. 2010-2011-ci illərdə həmin vəsait 101 milyon manat olubsa, 2012-ci ildə 127.4 milyon manata çatdırılıb.

2014-cü ilin dövlət büdcəsində isə səhiyyəyə ayrılan 725 milyon manatın 130 milyondan çoxu eyni məqsədlər üçün nəzərdə tutulub.
XS
SM
MD
LG