Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:37

Milli Şuranın sədri: «2013-cü ildən bizə 142 siyasi məhbus qalıb»


Cəmil Həsənli
Cəmil Həsənli
-
Cəmil Həsənli AzadlıqRadiosuna Milli Şuranın 2014-cü ildən gözləntilərini bölüşür.

- 2014-cü ildə qarşıda duran vəzifələr çoxdur. 2013-cü ilin prezident seçkiləri bizə təhlil, qiymətləndirmə və gələcək fəaliyyətimizi müəyyənləşdirmək üçün kifayət qədər geniş material verdi. Ona görə biz onları dərindən öyrənirik və 2014-cü il üçün fəaliyyət proqramını müəyyən edirik. 2014-cü ildə biz Milli Şuranın yaşamasını, daha da güclənməsini, bütövlükdə Azərbaycan müxalifətinin, Azərbaycan müxalif fikrinin bir güc mərkəzinə çevrilməsini nəzərdə tuturuq. Görüləcək işlər çoxdur. Azərbaycanda böyük bir demokratiya mübarizəsi var, Azərbaycanda siyasi məhbuslar var. Azərbaycanın işğal altına alınmış əraziləri var. Azərbaycanda vətəndaşın layiqli həyat, demokratik cəmiyyət arzuları var və avrointeqrasiya prosesləri var. Bütün bu məsələlər Milli Şuranın fəaliyyətində aparıcı istiqamət olacaq. 2013-cü ildən bizə 142 siyasi məhbus qalıb. Onların azad olunması, bütövlükdə cəmiyyətin təşkilatlanması istiqamətində fəaliyyət göstərəcəyik.

- Yeni il təbrikində İlham Əliyev dedi ki, siyasi islahatlar davam edir və edəcək, ölkədə bütün azadlıqlar var, qanunun aliliyi təmin olunur...

- Bu qiymətləndirmə real həyatla uyğunlaşmır. Əgər Azərbaycanda siyasi hərəkatların, siyasi partiyaların öncülləri siyasi mülahizələrlə həbs olunurlarsa, 8 nəfər gənclər hərəkatının lideri tamamilə mücərrəd xarakter daşıyan «Molotov kokteyli» ittihamı ilə həbsə atılırsa, Şəkidə, Bakıda, Lənkəranda müxalif düşüncəli insanların məhkəməsi gedirsə, hansı azadlıqlardan söhbət gedə bilər? Azadlıq anlayışı da, görünür, adamların öz ictimai-siyasi və iqtisadi vəziyyətinə görə müəyyən olunur. Hansı islahatlardan söhbət gedir ki, Qarabağ qazisi ən elementar haqlarına nail olmaqdan ötrü özünü yandırmaqdan başqa ayrı çıxış yolu tapa bilmir? Yeni il təbrikində, ola bilsin ki, təmtəraqlı sözlər, fikirlər deyilir. Məsələn, 1 milyon 200 min iş yeri açmışıq, yoxsulluğun səviyyəsi 5 faizin aşağısına düşüb. Bunların heç biri iqtisadi göstəricilərlə təsdiq olunmayan rəqəmlərdir. Neft gəlirləri artdıqca, Azərbaycan əhalisi yoxsullaşır. Neft gəlirləri artdıqca ölkədə bahalaşma gedir. Bu bahalaşmanın bədəlini də sosial cəhətdən müdafiə olunmayan əhali ödəyir. Ölkədə iqtisadi zənginliklərin ölkəni idarə edən bir qrup adam tərəfindən ələ keçirilməsi və mülkiyyət azadlıqlarının, iqtisadi azadlıqların oturuşmaması demokratiyanın təməl prinsiplərinin işləməməsinə gətirib çıxarır.
Azərbaycanda bələdiyyə seçkiləri - 23 dekabr 2009
Azərbaycanda bələdiyyə seçkiləri - 23 dekabr 2009

- Bu il bələdiyyə seçkiləri olacaq. Bu seçkidə Milli Şuranın iştirakı necə olacaq?

- Bu hakimiyyət bələdiyyə seçkilərinə inamı öldürüb. Ona görə ki, bələdiyyələrin Azərbaycan siyasi sistemində elə bir rolu yoxdur. Bələdiyyələr icra hakimiyyətlərinin bir əlavəsinə çevrilib. Onlara nəzərdə tutulan hakimiyyət verilmədi. Hakimiyyət elə bir şeydir və göydə deyil ki, onun da bir hissəsini götürüb bələdiyyəyə verəsən. Bələdiyyəyə hakimiyyət verməkdən ötrü icra hakimiyyətinin nəzarətində olan hüquq və səlahiyyətlərin bir hissəsini vermək lazım idi bələdiyyələrə. Ümumiyyətlə, Azərbaycan seçkili orqanlardan qaçır. Ya seçkili orqanları eybəcər formaya salır, ya da seçkili orqanlardan qaçır. Məsələn, əslində, yerlərdə rayonların, yerli cəmiyyətlərin idarə olunmasında seçkili vəzifələr üstünlük təşkil etməli və hakimiyyət təyinatlı vəzifələrdən seçkili vəzifələrə keçməlidir. Bizdə isə tərs proses gedir. Birincisi, bələdiyyə yarımçıqdır. O mənada yarımçıqdır ki, böyük şəhər bələdiyyəsi yoxdur. Məsələn, Bakı kimi bir şəhərdə böyük şəhər bələdiyyəsi yoxdur. Böyük şəhər bələdiyyəsi olmayandan sonra Bakının rayonlarındakı bələdiyyələr şəhərin idarə edilməsinə elə effektli təsir göstərə bilməz. İkincisi, bələdiyyələrin nə mülkiyyəti var, nə də hakimiyyəti. Yarandığı dövrdən bəri bələdiyyə qurumları rayon icra hakimiyyətlərinin tabeçiliyinə düşməyə başladı. Bələdiyyələrin mülkiyyəti yoxdur, fəaliyyət istiqamətləri dəqiq müəyyənləşdirilməyib. Hakimiyyət bölgüsü olmadığı üçün onların əlində də bir səlahiyyəti yoxdur. Bu da bələdiyyə seçkilərinə olan marağı kifayət qədər aşağı salır. Milli Şuranın bələdiyyə seçkilərinə münasibəti hələ müzakirə edilməyib. Biz seçki məsələləri ilə bağlı bir müzakirənin keçirilməsini və bələdiyyə seçkilərinə də orada münasibət bildirilməsini məqbul hesab edirik. Yəqin ki, bu yaxınlarda bu istiqamətdə bizim bir müzakirəmiz olacaq.

- Bu arada Milli Şura ətrafında da müzakirələr səngimək bilmir. Qurumun sədri kimi, hamıya bərabər məsafə saxlamağı nə dərəcədə bacarırsınız?

- Milli Şuraya daxil olan partiyaların hamısı ilə mənim normal münasibətlərim var. O partiyaların rəhbər orqanları ilə mənim normal münasibətlərim var. Əgər hansısa bir birləşdirici quruma rəhbərlik edirsənsə, onun içərisində ayrıseçkilik etmək olmaz. Biri mənə yaxındır, o birisi uzaqdır, bunu etmək olmaz. Əvvəla, o dairənin hamısı ilə, aşağı-yuxarı, uzun müddət bir yol gəlmişəm. Bir-birimizi kifayət qədər yaxşı tanıyırıq. İkinci bir tərəfdən biz prezident seçkilərində vahid bir qüvvə kimi iştirak etdik. Milli Şuraya daxil olan partiya və hərəkatların hamısı bacardığı töhfəni verdi. Bütövlükdə Azərbaycan cəmiyyəti gördü ki, Milli Şura bir qüvvə, bir gücdür. Ona görə də seçkiyə gələn seçicilərin böyük əksəriyyəti ona səs verdi.
Milli Şuranın 22 sentyabr mitinqi
Milli Şuranın 22 sentyabr mitinqi
Milli Şura daxilində əməkdaşlıq Azərbaycanda müxalifət partiyalarının, hərəkatların, gənclər təşkilatlarının gücünü, fəaliyyətini koordinasiya etmək üçün vacibdir. Ola bilsin ki, bunun formaları, yolları haqqında müəyyən fikir ayrılıqları var. Hesab eləyirəm ki, bunun olması da mümkündür, çünki Milli Şura demokratik bir təşkilatdır. Amma bütün hallarda biz birliyimizi və bərabərliyimizi qoruyub saxlamağa çalışacağıq.

- Milli Şuranın gələcəyini necə görürsünüz: bu şəxsə, xarizmaya dayalı, yoxsa demokratiya ab-havasının tam oturuşmasını hədəfləyən bir qurumdur?

- Bütün hallarda Milli Şura birləşdirici bir orqan olduğu üçün və Azərbaycan müxalifətinin, müxalifət fikrinin fəaliyyətini uzlaşdıran bir orqan olduğu üçün demokratik təsisatlara, demokratik dəyərlərə dayanmalıdır. Şəxsin xarakteri də vacibdir. Amma bütövlükdə cəmiyyətdə demokratik institutlar formalaşmalı, demokratik təsisatlar möhkəmlənməlidir ki, biz bu yolu gedə bilək. Mən hesab edirəm ki, 2014-cü il Azərbaycan cəmiyyətinin demokratiyaya doğru irəliləməsi, Avropa dəyərlərinə doğru irəliləməsi və eyni zamanda Avropanın da Azərbaycana doğru irəliləməsi baxımından əhəmiyyətli bir il olacaq. Nəticə etibarilə Avropa Birliyinin sərhədləri Avropanın coğrafi sərhədləri ilə tamamlanmalıdır. Bu da, aşağı-yuxarı, Xəzər dənizinə qədər olan bir ərazini əhatə edir. Mənə belə gəlir ki, 2014-cü ildə Avropanın coğrafi xəritəsinin onun siyasi xəritəsi ilə tamamlanması istiqamətində əhəmiyyətli il olacaq. Milli Şuranın fəaliyyətində də bu istiqamət aparıcı istiqamət olaraq müəyyən ediləcək.

- Bu arada sizi mühafizəçilərsiz gəzən görürlər. Adamlar necə – sizə, ötən ilin prezidentliyə namizədinə yaxınlaşırlar?

- Vallah düzünü deyim ki, istəməzdim təbliğat kimi yanaşılsın. O partiya liderləri ki, o dövlət adamları ki, mühafizə ilə gəzirlər, mənim o istiqamətdə heç bir iradım, heç bir əks münasibətim yoxdur. Amma təbiət etibarı ilə mən bir az azad hərəkət istəklərinə malik adamam. Adamlarla özüm arasında bir mühafizənin olmasına zərurət duymamışam. Seçki dövründə müəyyən xoşagəlməz halların olacağı ehtimalı da vardı, özü də. Məsələn, bizim rayonlarımıza səfərlərdə cəmiyyətin tör-töküntülərindən ibarət öyrədilmiş adamlar vardı. Müəyyən xoşagəlməz hallar ola bilərdi. O zərurət ucbatından mən bir neçə nəfər dostumuzun xidmətindən istifadə etdim. Amma indi buna bir zərurət duymuram. Mən ömrüm boyu bu adamların içərisində olmuşam. Yenə də belə bir həyat tərzi keçirməyə üstünlük verirəm. O ki qaldı adamların yaxınlaşmasına, vallah, mübaliğəsiz demək istəyirəm ki, 19-20 əsrin əvvəllərində, biz indi o filmlərdə görürük, Bakıda ki adam az idi, hamı da bir-birini tanıyırdı, küçədə hamı bir-birinə salam verirdi – indi təxminən mən elə bir vəziyyətdəyəm. Şəxsən tanıyan da, tanımayan da ya öz münasibətini bildirir, ya, üç-beş kəlmə söhbət eləməyə çalışır. Ya da ən azından salam verir, öz hörmətini bildirir.
Milli Şuranın qiymət artımına qarşı mitinqi - dekabr 2013
Milli Şuranın qiymət artımına qarşı mitinqi - dekabr 2013
Belə şeylər olur və bu da normal bir vəziyyətdir. Bundan ötrü bir mühafizə dəstəsi saxlamağa mən ehtiyac duymuram. Demək olar ki, noyabrın sonlarından etibarən buna zərurət duymadım.

- Cəmil müəllim, dükan-bazara çıxırsınız?

- Mən bu günə qədər evimin bazarlığını özüm edirəm. Bazarda da, dükanda da, küçədə də oluram.

- Bazarda gördüyünüz qiymətlər haqqında nə deyə bilərsiniz?

- Qiymətlər haqqında fikrim elə də yaxşı deyil. Qiymətlər daim artır. Bu qiymət artımının iqtisadi əsaslandırılması yoxdur. Bu süni artımdır. Bu süni artım da bilavasitə vəzifəli şəxslərin iqtisadi həyata və bazara nəzarət eləməsi ilə bağlıdır. Bizim bir sıra vəzifəli şəxslər idarə olunan bazar deyəndə, onu özləri tərəfindən idarə olunan bazar kimi nəzərdə tuturlar. Amma əslində, bazar azad olmalıdır və qiymətləri bazar özü tənzimləməlidir. Xüsusən son vaxtlar yanacağın qiymətinin artması bazara ciddi şəkildə təsir göstərir. Əhalinin geniş kütləsi daha çox gündəlik tələbat mallarından istifadə edir. Yanacağın qiymətinin artması, demək olar, bütün yaşayışa, bütün bazara təsir elədi.

- Cəmil müəllim, Milli Şura ilə başladıq, elə onunla da qurtaraq. 2014-cü ilin Milli Şurası hökumətə güclü müxalifət olacaqmı?

- Birincisi, ötən seçkilər dövründə Milli Şuranın nə dərəcədə güclü müxalifət olduğu ortada oldu. Əslində, ötən prezident seçkisi müxalifətlə iqtidar düşərgəsini qəti şəkildə aydınlaşdırdı. Azərbaycan hakimiyyətinin ən böyük istəklərindən biri təkcə hakimiyyəti ələ keçirmək deyil, eyni zamanda onun özü tərəfindən idarə olunan müxalifət yaratmaqdır. 9 oktyabr idarə olunan müxalifətin mahiyyətini ortaya qoydu. Ona görə də 9 oktyabr tək mövqeləri müəyyən etmədi, həm də ölkədə güc mövqelərini müəyyənləşdirdi. Total saxtakarlıq baş versə, topa bülletenlər atılsa və digər hadisələr baş versə də Azərbaycan xalqı da, Azərbaycan hakimiyyəti də Azərbaycan vətəndaşlarının hansı quruma və kimə səs verdiyini bildi.
XS
SM
MD
LG