Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:28

«Şöhrət» ordeni şöhrətli Azərbaycan alimini niyə təəccübləndirdi?


Ramiz Əsgər
Ramiz Əsgər
-
«Mənə «Şöhrət» ordeninin verilməsi ictimai-siyasi səciyyə daşıyır».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına yanvarın 10-da 60 yaşını haqlamış ölkənin tanınmış türkoloqlarından olan Ramiz Əsgər söylədi.

ÖLKƏDƏ UMACAQLARI OLAN ADAMLAR VAR...

Onun sözlərinə görə, nə qədər təəccüblənsə də, bu təltiflə onun kimi adamlar artıq böyük stimul əldə etdilər:

«Ölkədə mənim kimi insanlar var--əməkləri var, əsərləri var. Gözləntiləri, umacaqları var ki, onlara da dəyər verilsin... Bu adamlar artıq bir stimul əldə etdilər—Ramiz Əsgərə dəyər verilibsə, bizə də verilər—deyə...».

MÖHTƏŞƏM KİTAB—«QƏDİM TÜRK YAZILI ABİDƏLƏRİ»

Ramiz bəyin hazırkı hədəfi qədim türk yazılı abidələridir:

«Qədim türk yazılı abidələri haqqında 1200 səhifəlik kitab üzərində işləyirəm. Bu yazılı abidələr 12-13 ölkədədir. Mən getdim gəzdim. Monqolustanda, Xakasiyada, Tuvada, Altayda oldum. Şimali Qafqazda var, Türkiyədə, Avropada, Uyğurstanda var--orada da mən olmuşam keçən əsrin sonunda. Bunları yığmışam, 600-dən çoxdur. Bunların hər birinə 2 səhifə həsr etsək, rəngli-rəngsiz şəkillərini qoysaq, təbii ölçülərini bildirsək, transkripsiya, tərcümə, türk mədəniyyətindəki yerini göstərsək və s.—kitab gəlib 1200 səhifəyə çatacaq. Mən o kitabı ortaya qoymaq fikrindəyəm».

«MƏN TÜRK MİLLƏTÇİSİYƏM!»

Ramiz Əsgər indiyədək bu həcmdə kitabın olmadığını iddia etdi:

«Çox böyük kitab olacaq. Yaşadığımız əsrin bitməyinə 86 il var-- əsrin sonunadək də olmayacaq! Möhtəşəm kitab olacaq. Mən beləyəm. Bəyənsəniz də, bəyənməsəniz də idealistəm. Mən türk milliyyətçisiyəm, patriotuyam, vətənsevəriyəm… Mən hesab edirəm ki, türk millətinə xidmət etmək lazımdır. Mənim işim, missiyam budur. Mən bunu edəcəm. İmkanım olsa da, olmasa da. Mənəvi və fiziki cəhətdən son nəfəsimədək bu yoldayam. Qoy hər kəs də öz sahəsində xidmət eləsin».

4 BÖYÜK ƏSƏR

Ramiz Əsgər türkün 4 böyük əsərinin olduğunu vurğuladı:

«Biri «Kitabi-Dədə Qorqud»dur--oğuzların şah əsəri. İkincisi «Qutadqu-bilik»--«Xoşbəxtlik haqqında elm»--karluqlarındı. Bir də «Manas» var—qıpçaqların şah əsəridir. Bu dastan heç biri ilə müqayisə olunmaz. Çünki bu gün də yazılır. Məsələn, bir manasçı çıxır, trans halına gəlir, sazını əlinə alıb başlayır «Əsgər Akayevin qovulması»ndan danışmağa... Hə, bu dastanın içində Stalin var, Lenin var. Min ildir davam edir. Bəşər mədəniyyətinin həcmcə ən böyük dastanıdır. 1 milyon misradır--nə «İliada», nə «Odisseya», nə «Şahnamə»?! Bu, bitməmiş əsərdir. Modernləşir və çağdaş leksikayla davam edir. Ona əl vura bilmirik. Amma 4-cü şah əsər---«Divanü- luğat-it-türk» hamısını içinə alır. «Manas»dan başqa türkün 3 böyük kitabı bitmiş əsərdir. Hər biri də min il əvvəlindir».

TÜRKÇÜLÜYÜN ŞAH ƏSƏRLƏRİNİ DİLİMİZƏ ÇEVİRDİ!

Ramiz Əsgər türk dünyasının 4 şah kitabından ikisini –Mahmud Kaşqarlının 4 cildlik «Divanü- luğat-it-türk»ünü və Yusif Balasaqunlunun «Qutadqu-bilik» əsərini dilimizə çevirib:

«Hə, bax, mən türkün 4 böyük kitabından ikisini tərcümə edib Azərbaycan filologiyasına qazandırdım. Artıq bilindi ki, bu əsərlər nədir, içində nə var, quruluşu necədir, hansı dillərə tərcümə olunub, nə qədər adam bu yolda şəhid olub—«Divanü- luğat-it-türk»ü deyirəm—və türk mədəniyyətində bu əsərlərin mövqeyi necədir—bütün bunlar bilindi. Odur ki, həmkarlarım deyirlər ki, sağ ol, sən bunu elədin və o ağırlıqdan bizi xilas etdin».
Həmçinin
--80-ci illərin məşhur jurnalisti nədən araşdırıcılığı seçdi? Həyat yoldaşı nədən onu bu işə yönəltdi?

--Ramiz Əsgər Azərbaycan türkologiyasına hansı rənglər qatdı? O, dayanmadan çalışmağı necə bacarır?

--Yubilyar gələcəkdə hansı əsərləri mütləq Azərbaycan türkcəsində görmək istəyir?

--Ona «Əsrimizin dərvişi» adını hansı ünlü şair verib?

-- Ramiz Əsgər çevirdiyi kitabları necə çap etdirir? Bu yolda hansı çətinliklərdən keçir?

--Və nəhayət, 7 ölkənin laureatı olan şöhrətli alim öz ölkəsində «Şöhrət» ordeni almasına niyə təəccübləndi?

AzadlıqRadiosunun «İz» proqramını elə buradan dinləyin. Tanınmış türkoloq alimin yubiley diləklərini öz dilindən eşidin.

İz - «Şöhrət» ordeni Azərbaycan alimini niyə təəccübləndirdi?
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid
XS
SM
MD
LG