Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:52

“Global Witness”: Anar Əliyev barədə suallar cavabsız qalıb


Anar Əliyev
Anar Əliyev
-
"Global Witness" beynəlxalq təşkilatı SOCAR-ın tərəfdaşı Anar Əliyevin mətbuata verdiyi açıqlamalara münasibət bildirib. Anar Əliyev "Global Witness"in dekabr ayında açıqladığı hesbatda mərkəzi yer tutur, təşkilat onun kimliyi və SOCAR-la işgüzar əlaqələrinə dair suallar qaldırırdı.

Bundan bir neçə həftə sonra, əvvəlcə SOCAR bəyanatla, sonra isə Anar Əliyev “Business Time” jurnalına müsahibəsi ilə çıxış edərək, "Global Witness"in qaldırdığı məsələrə aydınlıq gətiməyə cəhd göstərdilər.

"Global Witness" Azərbaycan neft milyonçusunun müsahibədə əksini tapan fikirlərinə cavab verir.

Anar Əliyev hansısa yüksək vəzifəli şəxslə qohumuluğu haqda şübhələri dağıtmaq üçün soyadının Əlizadəyə dəyişdiyini bildirir. Buna görə də təşkliat özünün cavab məktubunda Anar müəllimə məhz belə müraciət edir.

VƏTƏNDAŞ ÖZ MALI BARƏDƏ MƏLUMATA MALİK OLMALIDIR

"Global Witness" cənab Əlizadəyə “Anonim Azərbaycan” (“Azerbaijan Anonymous”) hesabatında adı çəkilən şirkətlərin bəzilərinin ona məxsus olduğunu təsdiq etdiyinə görə təşəkkürünü bildirib.

“Global Witness” yazır ki, hesabatın başlıca məqsədi dövlət şirkətləri və dövlət mülkiyyəti ilə imtiyazlı münasibətləri olan qurumların sahiblərini müəyyən etmək idi.

“Biz Azərbaycanı və Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (Extractive Industries Transparency Initiative ) imza atmış başqa ölkələri belə informasiyaları dərc etməyə çağırırıq, - deyilir məktubda, - biz həmçinin cənab Əlizadənin müsahibəsini gələcək dialoq və hesabatda qaldırılmış sual və məsələlərə dair cavab almaq imkanı kimi salamlayırıq”.

“Global Witness” bildirir ki, o sırf özü tərəfindən hazırlanmış hesabatda Azərbaycan vətəndaşlarına onlara məxsus olan sərvətin istehsalında və satışında iştirak edən şirkətlərin konkret olaraq kimlərə məxsus olduğu barədə məlumatlarlın verilməsinə çağırır.

Məktubda bu da qeyd olunur ki, “Global Witness” dövlət neft şirkəti olan SOCAR-ın fəaliyyətində şəffalığın kifayət qədər olmaması barədə Azərbaycan vətəndaş cəmiyyətinin şikayətlərini sənədləşdirib.

“Global Witness” bildirir ki, təşkilat öz hesabatında heç bir korrupsiya iddiası irəli sürməyib, lakin dövlət şirkətlərinin şəxsi şirkətlərlə işbirliyinə dair açıq informasiyanın olmamasının ictimaiyyətin narahatlığına və şübhələrin yaranmasına səbəb olduğunu qeyd edib.

ŞÜBHƏLƏR NECƏ YARANIR?

Təşkilat bu qənaətdədir ki, belə informasiyanın açıq olmaması SOCAR-ın öz tərəfdaşlarına himayə göstərdiyi və burada korrupsiya riskinin olması barədə şübhələr yaradır.

“Global Witness”in məktubunda deyilir ki, o, indiyədək hesabatda adı çəkilən Sumato Energy şirkətinin sahibləri və bank hesabları barədə məlumat əldə edə bilməyib.

Təşkilat bildirir ki, belə informasiya hazırda Azərbaycanda qapalı qalır, halbuki, bu məlumat Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün mənfəət götürən şəxs barədə məlumatın açıq olmasına dair müddəsına görə açıq olmalı idi.

Bu da əlavə edilir ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü mənfəət götürən şəxlərin adlarının açıqlanması müddəasına dair pilot layihə keçirir. “Global Witness” Azərbaycan hakimiyyətini bu layihəyə qoşulmağa çağırır, lakin bildirir ki, rəsmi Bakı bu təşəbbüsə qoşulmağa həvəsli görünmür.

Məktubda qeyd olunur ki, təşkilat dəfələrlə istər SOCAR-a, istərsə də cənab Əlizadəyə hesabatda qaldırılmış suallara cavab vermək imkanı yaradıb.

ƏLİZADƏ OLDU, AMMA YENƏ DƏ TAPILMIR

“Biz ötən aylarda bir neçə dəfə şirkətlərin sənədlərində göstərilmiş ünvanlar və ona məxsus şirkətlər (Union Grand Energy, Heritage General Trading and Union Grand Energy Middle East) vasitəsilə cənab Əlizadə ilə, onun suallara cavab verməsinə imkan yaratmaq üçün dəfələrlə əlaqə yaratmağa çalışmışıq, - deyilir məktubda, - “Global Witness” göstərilən nömrələrə və ünvanlara məktublar, emaillər, fakslar göndərib və telefon zəngləri edib. Kədərlidir ki, onun cavab vermək niyyətində olduğuna dair heç bir xəbər almamışıq”.

Təşkilat bildirir ki, öz hesabatında qaldırdığı suallar hələ də cavab ala bilməyib.
Bu suallar Socar tərəfindən nə üçün məhz cənab Əlizadənin şirkətlərinin seçilməsi, kontraktların hansı tenderlər əsasında verilməsi barədədir.

“Məsələn, nə SOCAR, nə də cənab Əlizadə SOCAR-ın UGE-Lancer şirkəti ilə (Əlizadənin Union Grand Energy şirkətinin bir hissəsi sayılır) istehsalda pay bölgüsünə (production sharing ) dair sazişi barədə məlumat təqdim etməyiblər” – deyilir məktubda.

“Global Witness” bildirir ki, cənab Əlizadənin neft ticarəti ilə məşğul olan Sumato Energy Group şirkəti ilə əlaqələrinə dair suallar da açıq qalır.

Təşkilat bəyan edir ki, həm SOCAR, həm də Anar Əlizadə ilə bağlı təhqiqatlarını davam etdirmək niyyətindədir.
XS
SM
MD
LG