Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:43

Krımın Azərbaycanlı icmasının rəhbəri: «Bakıdan dəstək gözləyirik»


Rəhim Hümbətov
Rəhim Hümbətov
-
Krım Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov AzadlıqRadiosuna Krımda referendumöncəsi durumdan söz açır.

- Vəziyyət daha da gərginləşib. Ukrayna hərbi hissələri bir-bir mühasirəyə alınır, hərbçilərdən də tələb olunur ki, Rusiyaya xidmət edəcəklərinə and içsinlər.

- Kiyevlə Krım arasında əlaqələr necədir? Adamların paytaxtdan və digər bölgələrdən Krıma gediş-gəlişində hansı problemlər var?

- Nəqliyyat işləyir, sadəcə, Krıma girişdə postlar qurulub və gəlib-gedənlərin hamısı yoxlanılır. Bir də Ukraynanın qərb bölgəsindən olanların Krıma girməsi problemlidir, onları yoxlayıb geri qaytarırlar.

- Nəyi səbəb göstərirlər?

- Yeni Krım hakimiyyətinin fikrincə, Kiyev buraya öz adamlarını yerləşdirə və onlar da öz növbəsində hansısa addımlar ata bilərlər.

- Martın 16-da Krımın Rusiyaya birləşdirilməsinə dair referendum təyin edilib. Muxtar respublikada yaşayan Krım tatarları, karaimlər, azərbaycanlılar və digər qohum xalqların bu referenduma münasibəti necədir, kim hansı mövqeni dəstəkləyir?

- Krım tatarlarının bu məsələdə mövqeyi birmənalıdır. Krım-tatar məclisinin sədri Refat Chubarov tam aydın şəkildə bəyan edib ki, onlar referendumu tanımadıqlarından səsverməyə qatılmayacaqlar. Digər yerli sakinlər arasında bəlli fikir ayrılığı var. Bəziləri düşünür ki, Rusiyaya birləşmək lazımdır, bəziləri bunu qəbul etmir. Rusmənşəli və rusdilli əhalinin çoxu Rusiyanı istəsə də, onların arasında Krımın Rusiyaya birləşdirilməsini istəməyənlər də var. Krımda yaşayan azərbaycanlılara gəlincə, bu 10 mindən çox azərbaycanlının arasında da vahid fikir yoxdur. Bəziləri referendumu boykot edir, amma elələri də var ki, muxtar respublikanın Rusiyaya birləşdirilməsinin tərəfdarıdır.

- Bu durumda səsvermə gözlənilmədən Ukraynanın xeyrinə dəyişə bilər?

- Təəssüflər olsun ki, Ukraynaya meylli qüvvələrin bu məsələyə təsir göstərmək imkanları zəifdir. Krımın yeni rəhbərliyi bəyan edib ki, əhalinin 75 faizə yaxını yarımadanın Rusiyaya birləşdirilməsini istəyir. Məncə, bu faiz daha çox olacaq. Axı referendumun taleyi nə qədər adamın səs verməsindən asılı olmayacaq.

- Niyə belə düşünürsünüz?

- Birincisi, referenduma az adam qatılacaq. İkincisi, Ukraynaya meylli əhali də anlayır ki, onların necə səs verməsi heç nəyi dəyişdirməyəcək. Bu baxımdan referendumun nəticələrini proqnozlaşdırmaq elə də çətin deyil.

- Ukrayna ordusunun hazırlıq vəziyyətinə gətirildiyi barədə sosial şəbəkələrdə məlumatlar yayılır. Əhalinin bu hazırlığa münasibəti necədir?

- Rusiya qoşunlarının Ukraynaya yeridilməsindən sonra bəlkə də ilk dəfə mən çıxış edib dedim ki, bu orduları qarşı-qarşıya qoymaq olmaz. Çünki Ukrayna ordusu çox zəifdir. Məlumatlar var ki, Ukrayna sərhədinə 220 minədək rus əsgəri toplanıb. Ukrayna ordusunda heç bütövlükdə bu qədər əsgər yoxdur. Fikrimcə, ordunun bu məsələyə qoşulmayacağı barədə Ukrayna rəhbərliyinin bəyanatla çıxış etməsi daha doğru addım olardı.

- Adamların bu məsələdə gözləntisi nədir? Vəziyyətin düzələcəyi ilə bağlı daha çox kimə və nəyə ümid bəslənir?

- Ukraynanın bütün ümidləri Qərbədir. Qarabağ məsələsindən fərqli olaraq Qərb Krım məsələsində birmənalı şəkildə Ukraynanı dəstəkləyir. Biz Qərbin bu məsələdə ildırımsürətli reaksiyasının şahidi olduq.

- Ukraynalılar Moskva ilə müqayisədə Qərbi hansı obrazda görür və ya görmək istəyirlər?

- Ukraynalılar istəyirlər ki, Qərb ilk növbədə Rusiyanın qarşısını siyasi təzyiqlərlə alsın. Bundan başqa adamlar ümidlidir ki, bu məsələdə Rusiyaya qarşı iqtisadi sanksiyalar müsbət nəticələr verə bilər. Müharibəni heç kim istəmir – bəzi qüvvələr bu sözü səsləndirsə də. Çoxluq vəziyyətin sakitliklə başa çatmasını istəyir.

- Krım məsələsində Azərbaycanın tutduğu mövqeyə Ukraynada necə yanaşırlar?

- İndi Ukrayna elə durumdadır ki, ən kiçik dəstəyə də ehtiyacı var. Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi çox müsbət qiymətləndirilir. Bizi narahat edən odur ki, hələ indiyədək Azərbaycan rəsmiləri Krımda yaşayan
Ukraine -- NATO əleyhinə aksiya, Sevastopol, March 11, 2014
Ukraine -- NATO əleyhinə aksiya, Sevastopol, March 11, 2014
azərbaycanlıların taleyi ilə bağlı heç bir bəyanat verməyiblər. Bu, Krımdakı azərbaycanlılar arasında böyük narazılıq doğurur. İndi burada yaşayan azərbaycanlıların çətin günüdür, bu ərəfədə bizə biganə münasibət var. Azərbaycandan hansısa addım atmasını deyil, sadəcə, Krımda yaşayan azərbaycanlıların taleyindən narahatlığı dilə gətirmələrini umuruq. Bununla hamı bilər ki, gərginlik sürən bölgədə azərbaycanlılar da var və Azərbaycan dövləti onların taleyinə biganə deyil. Bu, bizə böyük mənəvi dəstək olardı. Axı burada riskə gedərək Azərbaycanın maraqları uğrunda xeyli işlər görürük. Bunun qarşılığında Azərbaycandan normal münasibət gözləyirik. Dünyada yeganə icmayıq ki, bizlərin – Krımda yaşayan azərbaycanlıların basqısıyla Xarkov vilayətinin erməni soyqırımı ilə bağlı qərarını ləğv etdirmişik. Bu baxımdan Azərbaycandan gözləntilərimizdə haqlıyıq. Amma təəssüflər olsun ki, bu günədək bizə elə bir münasibət göstərilməyib.

-
Rəsmi Bakının mövqeyi səni qane edirmi?
Şərhini yaz!
XS
SM
MD
LG