Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:53

«Putin yeni SSRİ yaradır»


Krımın mərkəzi Simferepolda Rusiya tərəfdarlarından biri keçmiş Sovet İttifaqının bayrağını qaldırıb. 6 mart 2014
Krımın mərkəzi Simferepolda Rusiya tərəfdarlarından biri keçmiş Sovet İttifaqının bayrağını qaldırıb. 6 mart 2014
-
Martın 12-də Krım tatarlarının lideri Mustafa Jemilev martın 16-da keçiriləcək referendumun nəticələrini tanımayacaqlarını Rusiya prezidenti Vladimir Putin-in diqqətinə yetirib. Mustafa Jemilev görüş barədə təəssüratını AzadlıqRadiosuna bölüşüb:

«Rus əsgərlərinin bizim torpaqlarımızdan çıxması, Ukraynanın ərazi bütövlüyünün qorunması haqqında fikirlərimi söylədim. Putin dedi ki, Krımda referendum keçiriləcək. Qərar nə olsa, ona görə hərəkət edəcəyik. Mən də dedim ki, bu referendum hüquqi deyil. Biz Krımın köklü xalqı olaraq qətiyyətlə buna qarşıyıq».
Mustafa Jemilev
Mustafa Jemilev

«PUTIN DEDİ Kİ...»

Mustafa Jemilev deyir ki, qanunsuz olduğundan tatarlar referenduma qatılmayacaqlar. Putin cavabında ondan tatarların təxribatlara uymamasını xahiş edib:

«Dedim ki, bizim təxribatlara qatılmaq niyyətimiz yoxdur. Ancaq biz Ukrayna dövlətinin qərarlarına görə davranacağıq. Putin də dedi ki, Ukrayna vətəndaşı, öz torpağının patriotu kimi belə düşünməlisiniz».

Söhbət zamanı Putin Ukraynanın 1991-ci ildə müstəqilliyini elan etməsinin SSRİ-dən çıxmaq prosedurlarına bir o qədər uyğun gəlmədiyini bildirib:

«Mən Krım yarımadasının Ukraynadan qoparılmasına qarşı olduğumu söylərkən, Putin dedi ki, əslində 1991-ci ildə Ukraynanın SSRİ-dən ayrılması proseduru bambaşqaydı. Ancaq belə oldu, ayrıldı. Dedi ki, hər zaman prosedurlara görə olmur. Çünki mən ona 1994-cü ildə imzalanmış protokolu xatırlatdım. Dedim, bu baş verənlər doğru deyil. O da cavabında bunu xatırlatdı».
Zəfər Quliyev
Zəfər Quliyev

«UKRAYNAYA QARŞI OLAN TƏHLÜKƏ BÜTÜN POSTSOVET ÖLKƏLƏRİNƏ YÖNƏLİB»

Politoloq Zəfər Quliyev Rusiya prezidentinin Avrasiya İttifaqı yaratmaq niyyətini heç vaxt gizlətmədiyini xatırladır. Deyir ki, Ukraynaya qarşı olan təhlükə bütün postsovet ölkələrinə təhlükə yaradır:

«Avrasiya İttifaqına hansı don geyindirilsə də, əslində, bu, SSRİ-nin yeni modelidir. Sovet imperiyasının başqa bir variantıdır. Ona görə də indi Moskvanın Ukraynaya qarşı hərtərəfli müdaxiləsi çox ciddi sayılmalıdır. Artıq Kreml yaxın tarixi də təftiş edir, SSRİ-nin dağılmasına da şübhəli yanaşır, Ukraynanın SSRİ-dən çıxmasında qüsurlar axtarır. Bu yanaşmanı sabah həm Azərbaycana, həm də Moldovaya, Gürcüstana, başqa postsovet respublikalarına tətbiq edə bilər. Hesab edirəm ki, Azərbaycan ictimaiyyəti də ayıq-sayıq olmalıdır».
Fazil Qəzənfəroğlu
Fazil Qəzənfəroğlu

«RUSİYANIN DAYANDIRILMAMASI BÖLGƏYƏ BÖYÜK FƏLAKƏT YAŞADA BİLƏR...»

Millət vəkili Fazil Qəzənfəroğlu da Putin-in fikirlərini təhlükəli sayır:

«Bu, çox təhlükəli və Azərbaycanı da əhatə edən məsələdir. Yəni Rusiya istənilən vaxt istənilən respublikaya belə iddia irəli sürə bilər. Artıq Rusiya prezidentinin ifadələrində nə qədər böyük çaşqınlığın və hüquqazidd motivlərin olduğunu dünya sezməli və buna çox ciddi reaksiya verməlidir. Çünki Rusiyanın dayandırılmaması bölgəyə böyük fəlakət yaşada bilər. Çünki artıq Putin-in seçdiyi strategiya təkcə Krımın işğalı ilə deyil, birbaşa Ukraynanın işğalı ilə bağlıdır».

SSRİ 1991-ci ildə dağılıb. Daha sonra keçmiş ittifaqın 12 respublikası - Rusiya, Ukrayna, Belarus, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olub. 2008-ci ildə – Gürcüstan Rusiyanın hərbi təcavüzünə məruz qalandan sonra bu qurumdan çıxıb. Bu günlərdə Ukrayna da MDB-dən çıxmaq niyyətində olduğunu açıqlayıb.
XS
SM
MD
LG